XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 08:57

Rusiya Yaxın Şərqdə mühasirəyə düşür – Türkiyə isə İraqdakı gücünü artırır

İraqın Xarici İşlər Nazirliyi Türkiyə səfirini nazirliyə çağıraraq türk əsgərlərinin dərhal ölkədən çıxarılmasını tələb edib.

Strateq.az-ın məlumatına görə, dünən ölkənin Baş naziri Heydər İbadi də eyni tələbi irəli sürüb. O, bir polk əsgərin İraq hökumətinin iznini almadan tank və ağır silahlarla ölkəyə daxil olmasını İraqın suverenliyinin pozulması kimi xarakterizə edib və bunun riskli bir addım olduğunu bildirib: “Türkiyədən qonşuluq haqlarına hörmətlə yanaşmasını və dərhal İraqdan çıxmasını tələb edirik”.

Maraqlıdır ki, ölkənin şimalında faktiki olaraq öz müstəqil dövlət kimi hərəkət edən kürd muxtariyyəti mərkəzi hakimiyyətdən tamamilə fərqli mövqe ortaya qoyub. Yerli hakimiyyətin sözçüsü Sefin Dizayi Türkiyənin İŞİD-lə mübarizə çərçivəsində ölkəyə daxil olduğu görüşündədir. Onun bildirdiyinə görə, Türkiyə peşmərgələrə təlim keçmək üçün Ərbil və Süleymaniyyədə hələ ötən il bəridən iki hərbi düşərgə qurub, yerli əsgərləri İŞİD-lə mübarizəyə hazırlayır.

Rəsmi Ankara da kürd yetkilisinin bu mövqeyini dəstəkləyən açıqlamalarla məsələyə münasibət bildirib. Qardaş ölkənin “Hürriyet” qəzetinin etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyənin Şimali İraqda əsgəri gücü nəinki ötən ildən, hətta 2 il yarımdır ki, mövcuddur. Son əskər göndərişləri də əslində növbə dəyişikliyindən başqa bir şey deyil. 

Türkiyə rəsmiləri Bağdadın bu məsələyə niyə bu qədər reaksiya göstərdiklərini də anlaya bilmir: “çünki bir müddət əvvəl İraqın Müdafiə naziri şəxsən həmin hərbi düşərgələrdə olmuş və Türkiyənin gördüyü işləri təqdirlə qarşılamışdı”.

Qardaş ölkə öz əsgərlərini İraqa göndərməsini nə qədər adi post dəyişikliyi kimi təqdim etməyə çalışsa da, mətbuata sızdırılan məlumatlar onun bölgədə hərbi gücünü xeyli artırdığından xəbər verir. Əvvəl sözügedən düşərgələrdə sadəcə 130 hərbçi vardısa, son göndərişlərlə bu say 2000 nəfərə çatdırılıb. üstəlik, bölgəyə əsgərlərlə yanaşı, xeyli tank və digər ağır texnikalar da  göndərilib.

Ankara Şimali İraqda öz əsgəri gücünü artırmasını PKK və İŞİD hücumları təhlükəsinin artmasıyla izah edib. Tanklar isə yerli güclərin İŞİD-ə qarşı mübarizəyə başladıqları zaman çətinlik yaranacağı təqdirdə onlara dəstək verilməsiylə əsaslandırılıb. Bu arzuolunmaz situasiya yaranarsa, Türkiyə tanklarınin İŞİD mövqelərini atəşə tutacaqları və yerli qüvvələrin önünü açacaqları güman olunur. Məhmədciyin birbaşa döyüşlərdə iştirak etməyəcəyi də açıqlanıb.

Bütün bu əsaslandırmalar yaxın günlərdə Şimali İraq cəbhəsindən İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyatların keçiriləcəyini göstərir. Türkiyə hərbi qüvvələrinin Mosulun 32 km-liyindəki Başika əyalətində yerləşdirilməsi, başqa təbirlə desək, tam ön cəbhəyə göndərilməsi də bunu sübut edir.

Verilən digər məlumatlara görə, Türkiyə Şimali İraqda kürd separatçılarından daha çox, suriyalı sünnilərə təlim keçir. Artıq onun təlim düşərgələrində yetişdirilmiş 3000-dən artıq əsgəri birləşdirən qüvvəsi var. Bu hərbi qüvvənin peşmərgəylə (kürd silahlıları) bərabər əməliyyatlara qatılacağı bildirilir.

Görünür, İraq mərkəzi hakimiyyətini də daha çox bu fakt narahat edir. Nədən ki, İranın təsiri altında olan Bağdad hakimiyyəti aşırı şiəliyi ilə seçilir və bəzən hərbi əməliyyatlar zamanı sünni əhaliyə qarşı amansız davranır. Hər halda bunu yerli sünnilər etiraf edirlər. Əslində, İŞİD-in İraqda özünə rahatlıqla tərəfdar tapa bilməsi də bununla izah edilir: Şiə ayrıseçkiliyindən qaçan sünnilər İŞİD-in mərhəmətinə sığınırlar.

Son əsgər nəqliylə Türkiyənin İraqda ən çox hərbçisi olan 3-cü dövlətə çevrildiyi qeyd olunur. Məlumata görə, İran  hələ də bu sahədə öz birinciliyini qoruyur. ABŞ əsgər sayıyla İranı təqib edir.

Türkiyənin Şimali İraqdakı hərbi qüvvəsini artırmasıyla bölgə İŞİD-dən təmizlənsə belə, məzhəblərarası münaqişəyə son qoyulmayacağı, əksinə, mübarizənin daha geniş müstəvidə yayılacağı, hətta İran-Türkiyə arasında hesablaşmağa çevriləcəyi ehtimalı belə istisna edilmir.

Ehtimallara görə, Türkiyə əsgəri gücünün İraqa nəqlinin başlıca səbəblərindən biri də İranın Suriyaya keçişinin qarşısını almaqdır. Məhmədciyin rəhbərliyi altında coğrafiyanın sadəcə İŞİD-dən təmizlənməsi belə İraqla Suriya arasındakı coğrafi bağlantını kəsəcək, ölkənin şimal və qərb hissəsi tamamilə sünni silahlılarının əlinə keçəcək.

Qeyd edək ki, Suriyada Palmiranın, İraqda isə Anbarın İŞİD tərəfindən ələ keçirilməsindən sonra bu iki dövlət arasındakı bütün keçidlər əvvəllər də bağlanmışdı. Daha sonra İraqın hərbi əməliyyatları nəticəsində müəyyən bölgələr geri qaytarılsa da, keçidlərin təhlükəsizliyində ciddi problemlər var. Mümkündür ki, Türk əsgərlərinin rəhbərliyi altında keçirilən əməliyyatlar zamanı bir sıra məntəqələrə, xüsusilə də Anbar vilayətinə nəzarət edən “xilafətçilər” belə heç bir müqavimət göstərmədən məhmədciklərin tərəfinə keçsinlər. Nədən ki, İraq və Suriyada İŞİD-in bu qədər güclü olmasının səbəbi Bağdadın məzhəb ayrıseçkiliyinə etirazdan qaynaqlanır. İndi “xilafətçilər”in yeni və dünya tərəfindən dəstəklənən yeni qüvvələrlə əvəzlənməsi yerli əhali üçün daha məqbul sayılar və məsələ rahatlıqla öz həllini tapar.

İranın başının İraqda qarışdırılması və “şiə hilalı”nın “dilinin” kəsilməsi Rusiyanın da Suriyada təklənməsinə yol aça bilər. Son zamanlar dünyanın bütün ölkələrinin Suriyaya əsgəri güclərini göndərməsi və xüsusilə də bir çox hərbi donanmaların Aralıq dənizinə toplanması Rusiya üçün yaxşı perspektiv vəd etmir. İranın dövriyyədən çıxarılmasıyla daha çox təklənən Moskvanın geri çəkilməkdən başqa yolu qalmaya bilər.

Necə deyərlər, bütün hər ş
ey Rusiyanı arzulanmayan qonaq kimi öz evinə yola salmağa, işarədən anlamayacağı təqdirdə isə mühasirəyə almağa hesablanıb.

Heydər Oğuz

Strateq.az