XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2015 - 18:05

“SOCAR Türkiyənin 2-ci ən böyük şirkəti olacaq”- Müsahibə

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) Türkiyədəki icraçı-direktoru Kənan Yavuz “Akşam” qəzetinə müsahibəsində Yaxın Şərqdə qaz “savaşlarına” aydınlıq gətirib. Müsahibədə SOCAR-ın hədəfləri və qaz strategiyası ilə bağlı bəzi məqamlara aydınlıq gətirildiyindən, onu kiçik ixtisarlarla Strateq.az oxucularına təqdim edirik:

 

– Son günlərin ən məşhur sualı belədir: “Rusiya qazı kəsər mi?” Sizcə, kəsərmi?

– Rusiyayla çox strateji bir əməkdaşlığımız var. Suriyadakı mövqe fərqliliyinə baxmayaraq, Türkiyə və Rusiya çox usta bir şəkildə bu əlaqələri davam etdirirdi. Mən bu gərginliyin idarəolunan olduğunu və artmayacağını düşünürəm. Rusiyanın qaz nəqlini dayandıracağı qənaətində deyiləm. çünki təklif təhlükəsizliyi qədər, tələb təhlükəsizliyi də önəmlidir. Türkiyə Rusiyadan 30 milyard kubmetr təbii qaz satın alır. Nəticədə Rusiyanın da bu qazı ixrac etməyə ehtiyacı var.

– Rusiyanın bu qazı verəcəyi başqa bazar yoxdurmu?

– Təbii qaz elə bir şeydir ki, onu oradan götürüb buraya qoymaq o qədər də sadə deyil. Qaz nəqli imkanlarını yaratmaq üçün 3-5 il lazımdır. Təbii qaz boru xətti ilə daşınmaq məcburiyyətindədir. İnsanlar neftlə təbii qazı bir-biriylə qarışdırırlar. Neft yük maşınıyla da daşınır, traktorla da… Amma qaz elə deyil. Onu ya boruyla, ya da mayeləşdirərək gəmiylə daşıya bilərsiniz. Mayeləşdirilmiş qazı isə təkrar qaz halına gətirmək lazımdır. Bu da çox çətin bir prosesdir. Bu səbəbdən də təbii qaz böhranının çıxacağına inanmıram.

– Yenə də “TANAP Türkiyənin əlini gücləndirir” deyə bilərikmi?

– Buna yalnız TANAP cəbhəsindən baxmamaq lazımdır. Türkiyənin rifahını və böyüməsini davamlı etmək üçün enerji qaynaqları müxtəlifləşməlidir. Enerji Nazirliyi çox təsirli işlər görür. Yenilənən enerji istehsalında 5 min meqavata yaxınlaşırıq. Hidroelektrik stansiyası sahəsində yeni potensiallar yaratdıq. Kömür enerjisindən yararlanmaq təşəbbüslərimiz də var. Təbii qaza olan asılılığın azaldılmasıyla əlaqədar gərəkli strukturlar qurulub. Enerjinin qaynağına sahib ölkələri də diversifikasiya etmək lazımdır. Bu məsələdə Azərbaycan Cənub Qaz dəhlizi və TANAP-la çox mühüm bir aktyor kimi dövrəyə girdi. Ancaq Rusiya bizim heç bir zaman vaz keçə biləcəyimiz tərəfdaş deyil. Qonşuyuq, bir-birimizdən asılılığımız var. Nüvə enerjisində əməkdaşlığımızın davam etməsi, “Akkuyu” stansiyasının inşası mütləq lazımdır…

– Yaxın Şərq böhranında, Türkiyənin son dövrlərdə daxili və xarici təhdidlərə daha çox məruz qalmasında enerjinin rolu nə qədərdir?

– Siyasi hadisələrin heç birini enerjidən ayrı düşünmək olmaz. 19-cu əsrdən bu yana bölgədəki bütün siyasi böhranların səbəbi enerjiylə bağlıdır. Xüsusilə, son zamanlar Türkiyənin daha çox problemlə üzləşməsinin səbəbi isə ölkəmizin bölgədə mühüm rol oynamaq iddiasıyla əlaqədardır. Türkiyənin enerji resurslarına açılması, enerjini transfer edən mərkəzə çevrilməsi, böyük layihələrə imza atması digər əsas aktyorları, 200 ildir bu işlə məşğul olan quruluşu narahat edir…

– Kimlər narahat olur bu vəziyyətdən, kimlərdir bu quruluşlar?

– Enerjinin aktyorlarının kimliyi məlumdur. Adbaad söyləməyə ehtiyac yoxdur. Oturuşmuş enerji qurumları var. Enerji ehtiyatlarının üzərində gücünü təsdiqləmiş strukturlar var. Bu strukturlardan hansı daha çox narahat oldu deyə bir şərh verə bilmərəm. Amma aydın olan budur ki, Türkiyənin rolunu artırmaq istəməsinin həm içəridən, həm də xaricdən qəbul etməyənlər var.

– Türkiyə niyə narahat edir bu qurumları?

– Əvvəlki Türkiyə ilə yeni Türkiyə arasında çox ciddi bir rifah fərqi mövcuddur. 50 milyard kubmetr potensialına yaxınlaşan qaz istehlakımız hər gün artır. Türkiyənin 78 vilayətində hazırda təbii qaz var. Təbii qaz digər əyalət və kəndlərə doğru sürətlə yayılır. Beləcə, Türkiyənin enerji qaynaqlarını növlərə ayırması və tələb təhlükəsizliyini təmin etməsi lazımdır. Bunun üçün də Türkiyə əhəmiyyətli addımlar atır. Prezidentimiz Türkiyənin bir enerji transferi mərkəzinə çevrilməsi istiqamətində strategiya həyata keçirir. Bu çərçivədə bölgədəki enerji resurslarını Avropaya daşıyan bir çox proyektə imza atdı, atmağa da davam edir.

– Nədən ibarət idi bu addımlar?

– Bizim şərqimizə baxanda dünya üçün 2 əhəmiyyətli enerji qaynağı var: Xəzər hövzəsi və Yaxın Şərq. Hər iki qaynaqdakı qazın Türkiyə üzərindən Avropaya nəqli ən rasional yoldur. Bu çərçivədə Türkiyə 2014-cü ildə çox əhəmiyyətli addımlar atdı və Xəzərdəki “Şahdəniz-2” təbii qaz ehtiyatına Türkiyə Nefti Açıq Səhmdar Cəmiyyəti (TPAO) 19%-lə ortaq oldu. Beləcə, Türkiyə istehlak etdiyi xammalın hasilatında da rol aldı. Ardından TANAP-daki ortaqlığını 30%-ə yüksəltdi. Bundan başqa, İran, İraq, Azərbaycan, bəlkə Türkmənistan kimi enerji resurslarına da açılma nöqtəsinə gəlməkdəyik.

– Sizcə, Türkiyədə terror hadisələrinin artması da enerji aktyorluğuylamı bağlıdır?

– Bölgədəki bütün yaşananlar, o cümlədən, Türkiyədəki terror hərəkətləri də, PKK-nın təkrar hərəkətə keçməsi də, hamısı zaman və zəmin etibarilə enerji aktyorluğunun bir parçasıdır. 1000 ildir bu torpaqlardayıq. Anadolu torpaqlarının vətənə çevrilməsi üçün ödənən bədəllər bizə həmişə baha başa gəlib. İndiyə qədər əvəz ödədik, hər zaman da ödəməyə davam edəcəyik. Gələcəkdə ola biləcəklər üçün güclü olmağımız lazımdır…

– Deməli, hadisələrin hələ davam edəcəyini söyləyirsiniz…

– 1000 ildən bəri bitməmiş, indimi bitəcək? Yeni situasiyalar ortaya çıxdı. Hər böyük oyunçu öz oyununu qurar. Əvvəlki içinə qapalı, öz xaricindəki hadisələrlə maraqlanmayan, əyninə biçilmiş rolu oynamağın xaricinə çıxmayan Türkiyə indi 'mən də varam, mənim də sözüm keçər' deyən bir Türkiyəyə çevrildi. Bunun gətirdiyi problemləri qarşılamaq və onlara sinə gərmək məcburiyyətindəyik. Dənizlər dalğalanaraq durulur. Türkiyənin iddialarından imtina etməsi mümkün deyil. Bütün problemlərin öhdəsindən gəlməliyik.

– “Petkim” baxımından 2015-ci il necə keçdi? Dollardakı hərəkət sizə necə təsir etdi?

– 2015-ci il bizim üçün bütün hədəflərimizi aşdığımız çox yaxşı bir il oldu. Həm çox yaxşı nəticələr əldə etdik, həm də layihələrimiz daha konkretləşd
i. Limanı bitirdik. Zavodların 40%-ni inşa etdik. Layihələrimizi maliyyələşdirdik. TANAP tenderləri tamamlandı, əməliyyatlar həyata keçirildi və tikintilər başlandı. Dollardan da müsbət təsirləndik. Bütün ehtimallara qarşı tədbirlərimizi görmüşdük. “Petkim” gəlirləri valyuta yönümlü olduğu üçün maliyyə baxımından da itirmədik. 9-cu ayın sonunda, təxminən, 500 milyon dollarlıq konkret mənfəət açıqlamışdıq, ilin sonunda, inşallah, daha yaxşı nəticələr əldə edəcəyik.

– SOCAR-da vəziyyət necədir?

– Biz SOCAR olaraq 2008-ci ildə Türkiyə bazarına girdik, 10 illik hədəfimiz Türkiyənin ən böyük 2-ci şirkəti olmaq idi. Bu iddialı hədəfi reallaşdırmaq əzmindəyik. İnşallah, 2018-ci ildə Türkiyənin ikinci böyük şirkəti olacağıq.

– ötən günlərdə Baş nazir Davudoğlunun Azərbaycan səfərinin strateji baxımdan əhəmiyyəti nədir?

– Hörmətli Baş nazirin Azərbaycan səfəri iki ölkə əlaqələrinin dərinləşməsi və daha irəli səviyyəyə çatması üçün çox əhəmiyyətli bir fürsət oldu. İki ölkə TANAP və digər fabrika proyektləri ilə birlikdə Bakı-Qars dəmiryolunun sürətlə tamamlanması üçün ortaq qərara gəldi. Tarixi ipək yolunun həyata keçirilməsi və Xəzər transit dəhlizinin çin-Brüssel əlaqəsi üçün yeni dəhliz olması yolunda əhəmiyyətli addımlar atılması qərarlaşdırıldı. Baş nazirimizin bu səyahətdə Azərbaycan bayrağını öpərək alnına qoyması iki ölkə qardaşlığının ən gözəl göstəricisidir.