XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 19:54

Türk-rus savaşı: Vali 20 gün vaxt qoydu, ordu hərəkətlənir

Türkiyənin İŞİD-i məhv etmək üçün İraqa yeritdiyi qoşunun ilk görüntüləri yayılıb.

Türkiyə mediası xəbər verir ki, 6 min nəfərlik ordu Mosulun 30 kilometrliyində yerləşən Başika bölgəsində qərarlaşıb. Bununla yanaşı, həmin bölgəyə 140 zirehli hərbi texnika da yeridilib. Dünən isə Ankara bölgəyə daha 2 min əsgər göndərib.

30 min əsgərlik hərbi düşərgə

Başikada böyük bir əməliyyatın keçirilməsi üçün 30 min əsgərin yerləşə biləcəyi düşərgə qurulub. Düşərgədə məsciddən hamama qədər hər şey inşa olunub. Düşərgədə 25 tank, 13-ü hərbi olmaqla 37 avtomobil, 18 kiçik zirehli maşın, 14 böyük zirehli maşın və çoxlu sayda təcili tibbi yardım maşını, su tankeri və digər ləvazimatlar var.

Başikadan başqa Zelikanda da əlavə bir düşərgə yaradılıb. Sərhəddi keçən tank və hərbi maşınların bir qismi Bamarnidə yerləşdirilib. Bolu Dağ Komando Birliyinin bölgəyə göndərilən bəzi əsgərləri sərhəddəki Kanimasidə qərar tutublar. Onlar PKK-nın sərhəddi keçməsinin qarşısını alacaq. Şimali İraqa göndərilən 8 min əsgərin içində olan bordobereli tağımlarının Ərbil, Zaho, Dohuk, Batufa, Süleymaniyyə və Amadiyyədə yerləşdiyi haqda məlumatlar var. Yaxın dövrlərdə bölgədəki türk əsgərlərinin sayının 30 minə çatdırılması planlaşdırılır. Türk əsgərlərinin düşərgə qurduğu Başika bölgəsi İŞİD-in mövqelərindən 10 kilometrlik məsafədə yerləşir.

20 gün içində yeni müharibə başlaya bilər

Mosulun keçmiş valisi Əsil Nuceyfi bildirib ki, türk əsgərləri İraqın Baş naziri Heydər Abadinin şəxsi istəyi ilə Başakiyə gəldiyini açıqlayıb.

Baş nazir isə yaydığı yazılı açıqlamada Türkiyənin İraq hökumətinə məlumat vermədən bölgəyə girdiyini deyib. Keçmiş vali isə qarşıdakı 20 gün içində böyük hadisələrin olacağını diqqətə çatdırıb.

Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi Türk əsgərinin Şimali İraqa girməsindən xəbərsiz olduqlarını desə də, dünən koalisiya güclərinin komandirlərindən biri qeyd edib ki, türklərin Mosula getməsi haqda onlara məlumat verilib.

Bağdad Rusiyadan hərbi müdaxilə istəsə…

İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili isə Türkiyəyə qarşı Rusiyadan yardım istəyə biləcəklərini açıqlayıb.

“Əl Arab əl Cədid” qəzetinə danışan komitə sədri bildirib ki, “Türkiyə işğalına və İraqın suverenliyinə yaranan təhlükəyə qarşı qısa müddət içində Rusiyadan ölkəmizə hərbi müdaxilə etməsini istəyə bilərik”.

Xatırladaq ki, Rusiyanın Suriyaya girməsinə səbəb də Əsəd rejiminin Moskvadan hərbi yardım istəməsindən sonra baş verib. Məhz bundan sonra Suriyada III Dünya müharibəsinə gətirib çıxara biləcək qarşıdurmalar başladı.

Müharibənin ilkin işartıları

Görünən odur ki, eyni vəziyyət İraqda da yaşana bilər. Rəsmi Bağdad Moskvadan hərbi yardım istəsə, Kreml bunu edəcək. Nəticədə isə Suriyada üz-üzə gələn Türkiyə və Rusiya İraqda da toqquşacaq. Artıq bunun ilkin konturları görünür. Belə ki, İraq hökuməti Rusiyanın hava əməliyyatlarına şərait yaratmaq üçün Şimaldakı hava sahəsini iki gün boyunca bağlayıb. Nəticədə Türk Hava Yolları, eləcə də digər ölkələrin aviareysləri uçuşları ləğv etmək məcburiyyətində qalıb.

Ekspertlər də bunu İraqda yeni müharibənin başlamasının ilkin işartıları kimi qiymətləndirirlər.

Publika.az