XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 09:03

“Qaza gələn” Türkiyə və ya TANAP təhlükə altında

Türkiyənin rus qırıcısını vurmasından sonra hər kəs Moskvanın həyata keçirəcəyi sanksiyalar çərçivəsində qardaş ölkəyə verilən qazı kəsəcəyini gözləyirdi. Maraqlıdır ki, gözlənilən bu zərbə Moskvadan deyil, Tehrandan gəldi.

Strateq.az xəbər verir ki, İran Türkiyəyə verdiyi qazı yarıbayarı azaldıb. Türkiyənin əsasən soyuq qış fəsli yaşayan şərq hissəsi İran qazıyla təchiz olunduğundan sıxıntının da bu bölgədə yaşanacağı güman olunur. Həmin bölgə isə sosial narazlıqlar və bu narazılıqdan qidalanan etnik separatizmlə onsuz da gərgin vəziyyətdədir.

Qardaş ölkə idxal etdiyi qazdan yalnız istilik enerjisi kimi istifadə etmir, onun yarısını elektrik enerjisinə çevirir. İranın Türkiyəyə satdığı gündə 28-30 milyon kub metr həcmində olan qazı 14-15 milyon kub metrə endirməsinin yaradıcağı problemin qarşısını almaq üçün Ankaranın alternativ enerji mənbələrini işə saldığı bildirilir.

Ekspertlərin bildirdiyinə görə, Türkiyə bu addımdan o qədər də təsirlənməyəcək. Əvvəla, ona görə ki, İranın soyuq qış fəsillərində Türkiyənin qazını kəsməsi ilk belə hadisə deyil. Demək olar ki, hər qış aylarında təkrarlanan bu hadisə İranın qaza olan ehtiyacının artmasıyla izah edilir. İranda havaların isti keçdiyini iddia edən Türkiyə isə Tehranın bu izahatına çox da inanmaq fikrində deyil. Qardaş ölkəyə görə, bu, Türk ordusunun Rusiyaya vurduğu sillənin bir başqa müttəfiq tərəfindən verilmiş cavabıdır. Bununla belə, hər il eyni hadisənin yaşanması Ankaranın bu il də məlum təxribata hazırlaşmasını şərtləndirirdi və yəqin ki, buna hazır idi də.

üstəlik, Ankaranın indi üzləşdiyi sıxıntı gözlədiyindən qat-qat aşağı səviyyədədir. O, bu addımın Rusiya tərəfindən atılacağını hesablamış və tədbirini də həmin ehtimala əsasən almışdı. Türkiyənin qaz ehtiyacının yarısından çoxunu Rusiyadan alması həmin zərbənin şimaldan gəlməsini daha təhlükəli edə bilərdi. Zərbə isə şimaldan yox, şərqdən gəldiyindən onu dəf etmək o qədər də çətin olmayacaq.

Xatırladaq ki, Türkiyə Rusiyanın “Mavi axın” kəmərindən gündə 47 milyon, “Qərb xətti”ndən isə 4 milyon kub metr qaz alır. Yəni İrandan 3 dəfə artıq qaz Rusiyadan gəlir. Aralarında ciddi problemlər yaşanmasına baxmayaraq, Rusiya isə hələ də öz qazını kəsməyib. Bu onunla izah olunur ki, Qərb tərəfindən ciddi sanksiyalara məruz qalan Moskvanın indiki halda yeganə “nəfəsliyi” halına gələn Türkiyəni itirmək istəmir. Əks təqdirdə, Rusiyanın bu addımı prinsipcə öz əleyhinə nəticələnə bilər.

Ankara üzləşəcəyini gözlədiyi bu ehtimalı nəzərə alıb potensial qaz itkisini kompensasiya etmək üçün zəruri addımlar atmağa çalışır. Onun alternativləri arasında TANAP vasitəsilə Azərbaycan qazını almaq niyyəti də var. ölkənin baş naziri Əhməd Davudoğlu yeni hökumət qurulduqdan sonra ilk səfərini Azərbaycana etməsinin başlıca səbəblərindən biri də bununla izah olunur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iki liderin TANAP layihəsinin inşasını sürətləndirməsi məsələsində razılığa gəlməsi bu mənada təsadüfi deyildi.

Sözsüz ki, Türkiyə yalnız ümidini Azərbaycan qazına bağlamaq fikrində deyil. Qətərdən mayeləşdirilmiş qaz almağı planlaşdıran Ankara Şimali İraqdan ixrac etdiyi qaz həcmini də artırmaq əzmindədir. Bu planlar baş tutarsa, Türkiyənin özü Rusiya qazından könüllü imtina edə bilər. Moskvanın əsl “qara günləri”nin məhz bu plan baş tutduğu zaman başlayacağı ehtimal olunur. Bununla Qərbə qapısı bağlanan Rusiya qazının öz içində sıxılaraq əsl sosial partlayışa çevriləcəyi gözlənilir.

Əlbəttə, Rusiyanın “qara günü”nü hazırlayan Ankaranın planına Moskvanın laqeyd qalacağını gözləmək də əbəsdir. Onu dünya bazarından təcrid edən bu siyasətin qarşısını almaq üçün Moskva istənilən təxribat hadisəsinə gedə bilər. Kim bilir, bəlkə də Türkiyənin Şimali İraqa qoşun yeritməsinin əsas səbəblərindən biri bu ehtimalı zərərsizləşdirmək istəyiylə bağlıdır.

Daha konkret desək, bir müddət əvvəl PKK-nın Kərkük-Yumurtalıq neft kəmərini partlatması Ankaranın təhlükəsizlik tədbirlərini genişləndirməsini şərtləndirirdi. Eyni hadisənin infrastrukturu artıq hazır olduğu bildirilən qaz kəmərində törədilməsinin qardaş ölkəyə perspektivdə daha ciddi zərər vura bilərdi. Görünür, bu ehtimalı nəzərə alan Türkiyə öz enerji təhlükəsizliyini düşünərək, Şimali İraqda hərbi imkanlarını artırmağa qərar verib.

Bizim üçün ən təhlükəlisi odur ki, digər alternativlərin, o cümlədən TANAP xəttinin daha güvənsiz olması Ankaranı tamamilə Şimali İraqa yönəldə bilər. Bu yaxınlarda “Genel Energi”nin sədri Toni Hayvardın verdiyi açıqlama da bu ehtimalı qüvvətləndirir. Onun bildirdiyinə görə, Şimali İraqda 50 trilyon kub metr qaz ehtiyatı var və bu da Türkiyənin 50 illik ehtiyacını ödəməyə yetər.

Görünən budur ki, beynəlxalq enerji maqnatları öz ehtiyaclarını Şimali İraqla təmin edə biləcəyi arqumentiylə Ankaranı Rusiyaya qarşı addımlardan çəkinməməyə həvəsləndirirlər. Türkiyə isə özünə verilmiş bu “qazı” kifayət qədər əsaslı hesab edir.

O zaman belə bir sual ortaya çıxır: Bəs, Azərbaycanın qaz strategiyası necə olacaq? Axı TANAP xətti son vaxtlar Avropanın nəzarətindən çıxıb daha çox Moskvanın təsir dairəsinə düşən Gürcüstandan keçməlidir. Gürcüstan isə son zamanlar İran və Rusiya qazıyla isinməyə üstünlük verdiyini gizlətməyə belə lüzum görmür. Dolayısıyla, Rusiyanın “qazına gələn” Gürcüstan TANAP qazından imtina edə və ya Rusiyanın hər cür təxribatına şərait yarada bilər.

Qisası, yuxarıda dilə gətirdiyimiz sualın cavabı açıq olaraq qalır və Azərbaycanın qaz strategiyası tam mənasıyla təhlükə altındadır.

Heydər Oğuz

Strateq.az