XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 05:58

Milli Şura Fuad Qəhrəmanlının həbsiylə bağlı bəyanat yaydı: “AXCP və Milli Şuranı Nardaran hadisələrinə bağlamaq istəyirlər”

fuad-5.jpg

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi ilə bağlı Milli Şura bəyanat verib.

Bəyanatda deyilir: 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Milli Şura qətiyyətlə bəyan edir ki, F.Qəhrəmanlıya qarşı irəli sürülən ittihamlar saxtadır və onun həbsi bilavasitə siyasi fəaliyyəti, hakimiyyətə ünvanlanan açıq və sərt tənqidləri ilə bağlıdır.

F.Qəhrəmanlı nə əməli fəaliyyətində, nə də sosial şəbəkədəki və mətbuatdakı çıxışlarında qanunsuzluğa yol verib.

F.Qəhrəmanlının yazılarında və çıxışlarında, Prokurorluğun irəli sürdüyü ittiham kontekstində, yalnız və yalnız vətəndaşlara öz haqları və konstitusion hüquqları uğrunda dinc, qanunlar çərçivəsində mübarizə ideyasını aşıladığını tapmaq olar. O, özünün əməli siyasi fəaliyyəti ilə də daim yalnız bu cür gerçək vətəndaşlıq nümunəsi yaradıb.

Hakimiyyətin F.Qəhrəmanlını AXCP-nin əsas funksionerlərindən biri kimi hədəfə aldığı çoxdan bəlli idi. İndi ailəsinin də açıqladığı kimi, o, siyasi fəaliyyətinə görə cəzalandırılacağına dair xəbərdarlıqlar alırdı. Başqa sözlə, F.Qəhrəmanlı daim həbs edilmək təhlükəsini öz üzərində hiss edib. Lakin mövqe və fəaliyyətində bir addım da kənara qoymayıb, dinc, qanuni və qətiyyətli mübarizəsini davam etdirib.

Hakimiyyət Nardaranda xüsusi əməliyyat keçirəndən sonra apardığı kampaniyada AXCP və Milli Şuranın da adını hallandırır. Bu isə Nardaranda 2-si polis olmaqla, 7 nəfər vətəndaşımızın vəfatı ilə nəticələnən uğursuz əməliyyata əlavə mübhəmlik qazandırmaq, guya ortalıqda siyasi müxalifətin də dəstək verdiyi dövlət çevrilişinə cəhdin olduğuna dair şou təşkil etmək cəhdidir.

F.Qəhrəmanlını və dolayısı ilə AXCP-ni, eləcə də onun təmsil olunduğu Milli Şuranı Nardaran hadisələri ilə bağlamaq cəhdi misli görünməmiş absurddur.

Rəsmi iddiaya görə, Nardaranda şəriət dövləti qurulmasına tərəfdar olan və buna hazırlaşanlara qarşı əməliyyat keçirilib. F.Qəhrəmanlı bir fərd, siyasətçi, AXCP və Milli Şura isə təşkilat olaraq hər zaman dünyəvi və demokratik dövlət quruluşu uğrunda çıxış edib, hətta inanclı vətəndaşlarımıza müraciətlərində də onlara bunu aşılayıb, qəbul etdirməyə çalışıblar. O başqa məsələ ki, F.Qəhrəmanlının da, AXCP və Milli Şuranın da fəaliyyətində, çıxış və çağırışlarında inanclı kəsimin də pozulan hüquqlarını müdafiə etməsi hakimiyyəti narahat edib.

F.Qəhrəmanlının məhz yazılarına görə cinayət məsuliyyətinə cəlb olunduğu rəsmən də təsdiqlənir və bu, onun “vicdan məhbusu” olduğunun bəri başdan etiraf edilməsidir. Milli Şura F.Qəhrəmanlını vicdan məhbusu hesab edir və onun azadlığa buraxılmasını tələb edir.

Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır və AXCP-yə, Milli Şuraya, bütövlükdə demokratik qüvvələrə növbəti dəfə zərbə vurmaq cəhdidir.

Bu həbs hakimiyyətin AXCP-yə, özünün siyasi müxalifətinə düşmən münasibətinin daha bir bariz nümunəsidir. Hakimiyyət indiyədək AXCP-nin yüzlərlə fəalını həbsxanalardan keçirib. Hazırda da F.Qəhrəmanlının həbsi ilə partiyanın 4 nəfəri Rəyasət Heyətinin üzvü olmaqla, 10 nəfər funksioneri həbsdədir.

Milli Şura hakimiyyəti ölkədə və beynəlxalq aləmdə baş verən proseslərdən düzgün nəticə çıxarmağa, siyasi müxalifətə qarşı düşmənçilikdən əl çəkməyə, növbəti dövlət çevrilişi şousu ilə xalqın başını qatmamağa çağırır.

Milli Şura xəbərdar edir ki, istər kəskinləşən sosial-iqtisadi vəziyyət, istərsə də beynəlxalq münasibətlər baxımından ölkənin düşə biləcəyi təlatümlərdən yalnız və yalnız vətəndaş sülhü, cəmiyyətlə etimadlı münasibətlərin yaranması, demokratik islahatlara başlanması sayəsində qaçmaq olar və bunun məsuliyyəti birbaşa hakimiyyətin üzərinə düşür. İndiki siyasətin davam etdirilməsi, təəssüf ki, ölkəmizə və xalqımıza yalnız qaranlıq perspektivlər vəd edir və hakimiyyət anlamalıdır ki, belə bir perspektiv onun özünün də daha acınacaqlı süqutu demək olar.

Milli Şura bir daha siyasi müxalifətə və fəal vətəndaşlara qarşı repressiyanı dayandırmağı, F.Qəhrəmanlını, eləcə də həbsdəki digər “siyasi məhbus”ları yubanmadan azad etməyi, F.Qəhrəmanlıya irəli sürülən ittihamlara xitam verməyi tələb edir.