XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 10:36

Məscidin qapısını kimə açmalı? – BDU-nin tələbələri axund olacaq

axund BDU.jpg

Xəbər verdiyimiz kimi, Azərbaycanda dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdiriləcək.

Bu məsələlər Milli Məclisdə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Dini Qurumlar və İctimai Birliklər Komitəsinin birgə iclasında müzakirə edilib və bununla bağlı “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişiklik edilməsi qərara alınıb.

Dəyişikliyə əsasən, islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Yeni qaydalara əsasən,  xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının  islam dininə aid ayin və mərasimləri aparması qadağan ediləcək. Buna görə “Cinayət Məcəlləsi”nə də müvafiq əlavə (168-1 maddə) ediləcək.

İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Parlament və hökumət nümayəndələri yeni dəyişiklikləri son günlərdə ölkəmizdə dini zəmində baş verən hadisələri və onları doğuran səbəbləri əsas gətiriblər.

Bəs Azərbaycanda dini təhsil sahəsində vəziyyət necədi? Yerli kadrlar ayinləri və digər işləri həyata keçirməyə kifayət edəcəkmi?

“Qanunsuz imamların məscidlərdə moizə oxuması bir çox təhlükələr yaradır”

ekrem.jpg

Suallarımıza ilk olaraq ilahiyyatçı Əkrəm Həsənovdan cavab aldıq.

Onun fikrincə, qanuna edilən dəyişikliklər dini təbliğat və təhsil sahəsində ciddi dönüş yaradacaq:

“Dini təhsil almaq üçün gənclərimiz əsasən Türkiyəyə, İranın Qum şəhərinə və başqa ərəb ölkələrinə gedirlər. Onların bəziləri təhsil aldıqları ölkələrin mədəniyyətini, geyim formalarını da gətirib həmvətənlərimizə öyrədirlər. Xüsusilə, bəzi gənclər fərdi insanların yanında təhsil alıb gəlirlər. çox hallarda onların əksəriyyəti dini fanatizmə qapılırlar. Burada da bəzi gəncləri özlərinə cəlb edə bilirlər. Belə qeyri-qanuni təhsil alıb gələnlər burada mübahisələrə, qarşıdurmaya yol açırlar. Hər biri özünə çoxlu tərəfdarlar toplayaraq, qarşı tərəfi daha bilgisiz göstərməyə çalışırlar. Bununla da kifayətlənməyib ölkədə qayda-qanunların şəriətlə icra olunmadığını aşılyaraq, gənclərin radikallaşmasına səbəb olurlar”.

ölkəmizdə ali təhsilli, savadlı, dini elmlərin elmi dərəcəsini almış kifayət qədər savadlı kadrların olduğunu deyən Ə.Həsənov onların önə çəkilməsi, dövlət tərəfindən güclü dəstək göstərilməsinin vacib olduğunu qeyd edib:

“Bizim hüquq qaydalarımızın çoxu dinimizlə əlaqədardır. Hansı bir cinayət maddəmizi ələ alsaq görərik ki, dinimiz İslamda həmin əməllər cinayət hesab edilir. Bu səbəblə bəzən xaricdən təhsil alıb gələnlər belə məsələləri bilmir, öz təhsil aldığı ölkədə olan abu-havanı burada yaratmaq istəyir. Belə olduqda ölkə vətəndaşları tərəfindən də ikrahla qarşılanır. Nəyə görə mən də öz vətənimizdə dini təhsil aldığım halda, öz vətənimizi sevdiyim halda, öz öyrəndiyim İslam dinimi həmvətənlərimə təbliğ etməyim? Əlbəttə, mən bunu etsəm öz adət-ənənələrimizi də nəzərə alaraq edəcəyəm. Burada mən dedikdə, söhbət müəyyən şəxsdən getmir. Azərbaycanda ali məktəblərdə dini təhsil alan, daha sonra həmin sahədə elmini artıran, elmi dərəcəsi olan şəxslərin hamısından gedir. Bu gün Azərbaycanda kifayət qədər belə ilahiyyatçı alimlərimiz var. ümid edirik ki, Vətinimizi sevən və dövlətimizin rəhbərinə, dövlətimizin vətəndaşlarına sevgi və hörmət göstərən ilahiyyatçılar önə çıxarılacaqdır. Bizim ali məktəblərin bəzilərində ilahiyyat fakultələri var. Həmin fakultələrin məzunları dörd, beş il ərzində mükəmməl dini təhsil alırlar. Həmin şəxslər İslam dinini mükəmməl bilərək, adət-ənənəyə hörmət əsasında dini təbliğ edirlər. Bu səbəbdən, ölkəmizin məscidlərində ali dini təhsilli, savadlı, elmli, dövlətini, xalqını sevən, dövlət başçısına hörmət edən həmvətənlərimiz olmalıdır. Qanunsuz imamların məscidlərdə moizə oxuması bir çox təhlükələr yaradır”.

gunduz.jpg

“Bakı İslam Universitetində ödənişsiz təhsillə bağlı təkliflər gündəmdədir”

Yeni qaydalarını tətbiqi zamanı kadr çatışmazlığının olub-olmaması ilə bağlı  məsələlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov aydınlıq gətirib. Komitə rəsmisinin fikrincə, müsəlman icmalarının idarə olunması ilə bağlı problemlər  yaşanmayacaq.

Hazırda Bakı İslam Universiteti (BİU) və Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi ali dini təhsil verir. Bu tədris ocaqlarında kifayət qədər savadlı və təcrübəli mütəxəssislər var və onların potensialından istifadə edilir. Din xadimlərinin hazırlanması ilə daha çox BİU məşğul olur. Doğrudur, BDU-nun İlahiyyat fakültəsindəki təhsil dünyəvi xarakter daşıdığından orada sırf  peşəkar din xadimi hazırlanmır. Lakin BDU-nun İlahiyyat fakültəsində dini dərslər yüksək səviyyədə tədris olunur və buranın məzunları ilahiyyatı kifayət qədər mənimsəyir və din xadimi kimi fəaliyyət göstərə bilirlər. Bundan əlavə, respublikamızda mədrəsələr və müqəddəs kitabları öyrənmə kursları səviyyəsində dini bilgilər tədris olunur”.

Hazırda Bakı İslam Universitetində dini təhsillə bağlı müəyyən güzəştlərin müzakirə ounduğunu deyən G.İsmayılov  burada  ödənişsiz təhsilin həyata keçirilməsi ilə bağlı təkliflərin də gündəmdə olduğunu vurğulayıb:

“Azərbaycanda təqribən 2200-dək məscidin olduğunu, onlardan da 1500 məscidin  daimi fəaliyyət göstərdiyini nəzərə alaraq, demək olar ki, kadr çatışmazlığından söhbət gedə bilməz. Belə ki, ölkəmizdə təkcə ali dini təhsil almış şəxslərin sayı fəaliyyətdə olan məscidlərin sayından bir neçə dəfə atrıqdır. Eyni zamanda, dinin ictimai həyatda rolunun artdığı, ideoloji mahiyyət daşıdığı,  eləcə də bir sıra dairələr tərəfindən ondan sui-istifadəyə c
əhd göstərildiyi diqqətə alınaraq, bu sahənin zərərli yad ideoloji təsirlərə məruz qalmayan və təhsilini ölkəmizdə almış vətəndaşlarımıza etibar edilməsi daha məqsədəuyğundur”.

Fərqanə Allahverdiqızı

Strateq.az