XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 08:15

Fransız kəşfiyyatçısı Alen Rodye: “Türklər bölgəni tutmaq və neft hasilatını ələ keçirtmək niyyətindən artıq imtina ediblər”

iraq-1.jpg

Ərdoğan hökuməti kürd əsgələrini hazırlamaq üçün İraqa 100-dən çox hərbçi göndərib, lakin İraq hökuməti kəskin şəkildə buna qarşı çıxır və hesab edir ki, bu, ölkənin suverenliyinə qəsddir.

Bu mövzuda Atlantico-nun suallarını məşhur fransız kəşfiyyatçısı Alen Rodye cavablandırır.

 

– Türkiyə əvvəlcə Rusiya təyyarəsini vurdu, indi isə İraqın quzeyinə qoşun göndərir. Belə çıxır ki, o, ətrafda nələrin baş verdiyi ilə maraqlanmadan öz maraqlarını güdür? Bununla da qonşularla savaşa girməzmi?

Şişirtmək lazım deyil. Baş verənlər güclü siqnal olsa da, Türkiyənin İraqın quzeyində artıq qoşunu var idi və heç kim buna qarşı etiraz etmirdi. Mən Türkiyə sərhədindən, təxminən, 30 km.-likdə Dahuk əyalətindəki müxtəlif bazaları nəzərdə tuturam. Orada daimi əsasda 2000 nəfər və döyüş tankları yerləşdirilib. Bundan başqa, türk ordusu PKK-nı təqib edərək müntəzəm şəkildə İraq Kürdüstanına həmlələr edir. Bağdadda etirazlar doğuran gücləndirilmə zirehli texnika daxil olmaqla, cəmi 500 nəfəri ehtiva edir və həmişə bununla bağlı hay-küy qaldırılır. Bağdadı bu fakt hiddətləndirir ki, əlavə dəstənin göndərildiyi Bəşik düşərgəsi (Türkiyənin orada artıq xüsusi təyinatlıları yerləşmişdi) Mosulun keçmiş qubernatoru, İraq hökumətinin işdən götürdüyü Atil ən-Nuceyfiyə birbaşa dəstək verir.

Bundan başqa, İraq İŞİD-lə mübarizədə beynəlxalq yardım üçün müraciət etsə də, “öz təşəbbüsü” ilə gəlmiş Türkiyədən heç bir xahiş etməyə hazırlaşmırdı. Hər şey Məsud Bərzaninin başçılığı ilə Kürdüstan bölgə hökumətinin az və ya çox dərəcədə sakit razılığı ilə baş verir. Onun müstəqil davranışı ölkə ərazisinin bir hissəsi üzərində faktiki olaraq hakimiyyəti itirən Bağdad hökumətini ciddi şəkildə özündən çıxardır. Lakin gəlin, faktların üzünə baxaq: 1991-ci ildə Fars körfəzində I müharibədən sonra mərkəzləşmiş İraq dövləti illüziyaya çevrildi. ölkə bu gün faktiki olaraq, iki hissəyə (sünni zonaları nəzərə alınsa, üç zonaya) bölünüb. Geri dönüş mümkünsüzdür. Əlbəttə, bütün bunlar danışıqlarda, məsələn, “federal” dövlətin layihəsində müzakirə oluna bilər.

– İraqın quzeyində Türkiyənin neft və ya ərazi maraqları varmı?

– Həm bəli, həm də xeyr. İraq Kürdüstanında və birinci növbədə Ərbil bölgəsində neft quyuları var. Lakin düşünürəm ki, türklər bölgəni tutmaq və neft hasilatını ələ keçirtmək niyyətindən artıq çoxdan imtina ediblər. Onlar bunu kürdlərin öhdəsinə verməyə üstünlük verir və nefti İskəndərun körfəzinə tədarük edib, bundan xeyli faiz götürməklə kifayətlənirlər.

– Türkiyənin birinci məqsədi nədir? İŞİD-ə qarşı mübarizə aparmaq, yoxsa kürd probleminin həlli üzərində nəzarəti təmin etmək?

– Türkiyənin əsas və prioritet vəzifəsi kürd probelminin həllidir. Ankara Fars körfəzində I savaşdan bəri İraqın quzey ərazisində kürd muxtariyyətinin varlığı ilə barışmağa məcburdur. O qorxur ki, nəsə buna bənzər şey Suriyanın quzeyində də meydana çıxa bilər. Yeri gəlmişkən, hazırda hər şey elə buna doğru da gedir. Kürd problemi təkcə Türkiyə və İraqa aid deyil. “Kürd problemi”ndən deyil, “kürdlərin problemi”ndən danışmaq lazımdır. Daha sadə şəkildə desək, kürdlər dörd dövlətin – Türkiyə, Suriya, İraq və İranın ərazisində yaşayırlar. Bunların hər biri öz maraqları daxilində kürdlərdən qonşulara qarşı istifadə edir və hamısı sistemli şəkildə öz sərhədlərinin kəsişməsində kürd dövlətinin yaranmasına qarşı çıxış edir. Hər şeydən göründüyü kimi, Dəməşq 2011-ci ildən Suriyadakı qiyamın əvvəlindən bu prinsipdən hamıdan az yapışır, çünki ölkənin quzeyinə müdaxilə etmək üçün vəsaiti yoxdur. Xatırladım ki, Suriya kürdləri Əsəd rejiminə qarşı birbaşa çıxış etmirlər. O, digər cəbhələrdə duruş gətirməkdən ötrü könüllü şəkildə ordunu buradan geri çəkdi.

Kürdlərin öz içində də birlik yoxdur. Təkcə İraqda Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyasından (KDP) başqa Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlik Birliyi (KVB) var. İraq prezidenti Fuad Məsum ikinci partiyaya mənsubdur. KVB Tehranla gözəl münasibətlər saxladığı halda KDP daha çox Ankaraya (və Suriya Kürdüstanına) meyllənir. Onların İran və Suryada müttəfiqləri var. Beynəlxalq cəmiyyətdə daha çox terrorçu hərəkat hesab edilən Kürdüstan Fəhlə Partiyası (PKK) öz yoluyla gedir və KDP və KVB-də narazılıq doğurur. O, Qərbin (lakin Türkiyənin yox) sükutlu razılığı ilə Suriya və İraqa müdaxilələr həyata keçirdir. Onun arxa cəbhə bazaları isə İraqın quzeyində Türkiyə və İran sərhədlərinin yaxınlığındakı Qəndil dağında yerləşir. Bu o deməkdir ki, türklər və iranlılar növbə ilə onları atəşə tuturlar. Bu gün PKK-nın (və onun müttəfiqi Suriya Demokratik Birliyinin) əsas ümidi Suriya-Türkiyə sərhədi boyunca vahid milli ərazi yaratmaqdan ibarətdir. Cizrə və Kobanidə məsələ artıq həll olunub. İndi onları Afrinlə əlaqələndirmək qalır. Ankara inadla buna qarşı çıxır və iddia edir ki, (Kobani tərəfdən) Fəratın keçilməsi onun üçün müharibə bəhanəsi olacaq.

– İraq Kürdüstanının lideri Məsud Bərzani hazırda Türkiyədə səfərdədir. Bu görüşün başlıca məqsədi nədir?

– Bərzani Türkiyənin köhnə dostu kimi ehtirasları diplomatik yolla səngitmək istəyir. O, Bağdadla vasitəçi rolunda çıxış edir, Ankaranı inandırmağa çalışır ki, PKK-nın İraqın quzeyində olmasına şad deyil  (ən azı, rəsmən). Əmin olmaq istəyir ki, onun nefti bundan sonra da Türkiyə ərazisindən normal şəkildə keçə bilər. Həm də burada söhbət qaçaqmalçılıqdan yox, tamamilə qanuni ticarətdən gedir, lakin, əlbəttə, Bağdadda şad deyillər ki, bu pullar onlardan yan keçir.

Yaxın Şərq yenidən biçimlənir. Bu, hazırda bölgənin bütün ölkələrinə, xüsusən də ilk xətdə yerləşən xalqlara fəlakət vəd edir. Hələlik bundan səmərə götürən yeganə xalq kürdlərdir. Lakin onların hələ öz aralarında dil tapmağı lazımdır. Unutmaq lazım deyil ki, onlardan bəziləri (hətta son dərəcə az olsa da) islamçıların qara bayrağı altında vuruşur. Nəhayət, illüziya quraşdırmağına dəyməz: kürdlər o maraqları uğrunda (həm də olduqca yaxşı) vuruşurlar. Həm də qətiyyən Suriya və İraqda məskunlaşdıqları ərazilərdən kənarda fəaliyyətə keçməyə hazırlaşmırlar. Nəhayət, istisna deyil ki, Demokratik Birlik ən yaxın aylarda Rusiyanın dəstəyini əldə edəcək. Hələlik ona bu fakt mane olur ki, partiya eyni zamanda Moskva ilə Vaşinqtonun yardımını ala bilməz. Amerikalılar inciyə və körpüləri yandıra bilərlər.

Atlan
tico
(Fransa), 13.12.2015