Hökumət Nardaranla “dil tapdı”: Əhali silahları təhvil verməyə başlayıb!
Bakının Nardaran qəsəbəsində noyabrın 26-dan etibarən başlayan gərginlik artıq tam şəkildə aradan qaldırılmaqda, həyat öz sakit axarına dönməkdədir.
Qəsəbə sakinlərinin Strateq.az-a verdiyi məlumata görə, dünəndən etibarən artıq əhali əllərdə olan müxtəlif markalı silahları da könüllü şəkildə polisə təhvil verməyə başlayıblar. Halbuki ilk günlər silahı olan şəxslər həbs ediləcəklərindən və ya təqib olunacaqlarından ehtiyatlanaraq, silahları ya gizlətməyə, ya da zibil yeşiklərinə tullamağa üstünlük verirmişlər.
Sakinlərin dediyinə görə, hüquq-mühafizə orqanları rəhbərlərindən toxunulmazlıq zəmanəti alan və daha sonra da hökumətin qəsəbədə əməlli-başlı yenidənqurma işlərinə başladığını görən camaat son günlər dövlət qurumlarına yaxından köməklik etməyə başlayıblar – nəticədə, həm silahlar könüllü olaraq təhvil verilib, həm də sakinlər quruculuq-abadlıq işlərinə cəlb ediliblər.
***
Qeyd edək ki, bu gün APA-nın jurnalistləri də Nardaranda olublar və qəsəbədən geniş reportaj hazırlayıblar. Reportajda vurğulanır ki, qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ də götürülməyib, qəsəbənin mərkəzində yaradılmış qərargah isə fəaliyyətini davam etdirir.
Təhlükəsizlik tədbirlərinə rəhbərlik edən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-nın əməkdaşı ilə söhbətində bildirib ki, qəsəbədə əməliyyat şəraiti tam nəzarət altındadır.
Hazırda qəsəbədə olan bütün dini ibadət yerləri də fəaliyyət göstərir. Kənd sakinlərinin qəsəbədəki məscidlərdə dini ibadətlə məşğul olmalarına heç bir məhdudiyyət qoyulmur.
Nardaranın mərkəzi küçələrindən şüarlar, plakatlar və qara bayraqlar sökülüb. Qəsəbədə quruculuq və abadlıq işləri davam etdirilir.
Nardaranın mərkəzi meydanında isə polis bölməsi üçün inzibati bina tikilir. Hazırda binada son tamamlama işləri aparılır. İş icraçılarının dediyinə görə, inzibati binanın inşası dekabrın 24-dək başa çatdırılacaq.
Bundan başqa, qəsəbədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti üçün Yanğından Mühafizə Deposunun inşasına start verilib. İş icraçılarının dediyinə görə, yeni deponun qısa müddətdə tikilərək istifadə verilməsi planlaşdırılır.
Qəsəbədə bütün küçələrinə yeni işıq dirəkləri quraşdırılır, telekommunikasiya və elektrik xətləri yenilənir. “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” ASC-nin briqadaları qəsəbədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Mənzillərə yeni elektrik və qaz sayğacları quraşdırılır. Qəsəbənin xeyli hissəsinə artıq elektrik enerjisinin verilişi bərpa edilib.
Nardaran qəsəbəsində abadlıq və quruculuq işlərinin görülməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən qəsəbənin mərkəzi küçələrinin genişləndirilməsinə də start verilib.
Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında bildirib ki, Nardaran qəsəbəsində ilkin olaraq iki küçənin yenidən qurulması planlaşdırılır. Bu istiqamətdə işlərin davam etdirildiyini qeyd edən A.Nəcəfli yenidən qurulacaq bu iki küçənin ümumi uzunluğunun 3 kilometrə yaxın olduğunu bildirib: “Burada küçələrin biri 18, digəri isə 16 metr enində genişləndiriləcək. Hazırda genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Küçələrdə hər iki istiqamət üzrə 1,75 metr enində səkilərin də çəkilməsi nəzərdə tutulub. Həmçinin, işıqlandırma sistemi və yeraltı kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək”.
A.Nəcəfli genişləndirilən sahədə sökülən obyektlərin və yaşayış sahələrinin sahiblərinə kompensasiyaların ödəniləcəyini də bildirib.
Nardaran sakinləri isə kompensasiya ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, hələlik onlara kompensasiyanın məbləği və ödəniş forması ilə bağlı hər hansı məlumat verilməyib.
“Azəriqaz” QSC-nin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev isə bildirib ki, “Azəriqaz”ın əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib: “Təxminən 500-dən çox abunəçi təbii qazla təmin olunub”.
İ.Kərbəlayev qeyd edib ki, qəsəbənin digər küçələrinə də qaz verilişi mərhələli şəkildə həyata keçiriləcək.
Nardaran sakinləri APA-ya bildiriblər ki, qəsəbəyə qazla yanaşı, suyun da verilişi bərpa edilib, su sayğacları quraşdırılıb.
Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.
Yerli sakinlər də qəsəbə aparılan işləri yüksək qiymətləndirib.
Qəsəbə sakini Sərvər Ağayev APA-ya açıqlamasında Nardaran qəsəbəsində sosial-mədəni infrastrukturun yeniləndiyi, əhalinin sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən vəsait ayırdığı üçün ölkə başçısına təşəkkürünü bildirib: “Kəndimizi abad edirlər, işıqlandırırlar. Bizim hamımız bu işlərə sevin
irik. Prezidentimizdən, hökumətimizdən razıyıq. Əvvəl də razı olmuşuq, indi də razıyıq”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması barədə sərəncam imzalayıb.
Həmçinin Azərbaycan hökuməti “Azərişıq”, “Azərsu”, “Azəriqaz” və “Azəryolservis” rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.