XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 12:14

Suriyaya qarşı “islam koalisiyası” yaradıldı: Bakı ilə Səudiyyə arasında danışıqlar gedir

arab koal02.jpg

Səudiyyə Ərəbistanı terrora qarşı islam koalisiyasının yaradıldığını bəyan edib.

Strateq.az bildirir ki, bu koalisiyaya 30 dövlət daxil olub. Bunların içində Türkiyə, Misir, Küveyt, Tunis və Fələstin də var. Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd əl-Səud bildirib ki, yeni koalisiya öz işini böyük dövlətlərlə  və beynəlxalq təşkilatlarla koordinasiya edəcək.

Rusiya bu birliklə bağlı öz mövqeyini açıqlamayıb. “Kreml hələlik bu koalisiyaya qiymət verməyə hazır deyil”,- deyə prezident Putinin mətbuat katibi Dimitri Peskov bildirib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu  bildirib ki, terrorizmə qarşı İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirmək istəyənlərə ən yaxşı cavabdır. (APA)

 Onun sözlərinə görə, terrorizmə qarşı İslam koalisiyasının yaradılması barədə təklif Səudiyyə Ərəbistanından gəlib: “Bizim Səudiyyə Ərəbistanı ilə həmişə yaxın və sıx əməkdaşlığımız olub. Biz İslam koalisiyasının yaradılması məsələsinin müzakirə olunduğu görüşə Səudiyyə Ərəbistanı tərəfindən dəvət almışıq. Türkiyə bu koalisiyada iştirak etməyə hazırdır”.

Baş nazirin sözlərinə görə, bu koalisiyanın yaradılması irəliyə doğru müsbət addımdır.

 

arab koal.jpg

Qeyd edək ki, Səudiyyə Krallığı bu koalisiyaya qoşulmaq üçün Azərbaycana da müraciət edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması barəsində məsələ ilə əlaqədar Xarici İşlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. Bu xüsusda təmaslar davam etdirilir.

H.Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir.

“Hal-hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır“, – deyə o vurğulayıb.  

Qeyd edək ki, koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.

Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək.

X.SƏFƏROĞLU