XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 10:24

SOCAR dənizin çirklənməsi barədə Avropa peykinin məlumatlarını rədd edib

 

gunesli yanqin.jpg

SOCAR “Günəşli” platformasında baş vermiş qəzanın 300 kvadrat kilometr ərazini çirkləndirdiyi barədə məlumatları rədd edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev açıqlamasında bildirib ki, dərc olunan məlumatları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də, yəni qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən tərtib olunan Tədbirlər Planı  çərçivəsində əraziyə əlavə olaraq 6 gəmi cəlb olunub. Onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb.  (APA)

 O bildirib ki, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur.

 N. Quliyev əlavə edib ki, dünən yanan neft quyusu söndürülüb və neft dağılmaları təhlükəsi tamamilə aradan qalxıb.

 “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamenti direktoru Aysel Soltanova isə “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, milli peyk operatorunun bu məsələ ilə bağlı mövqeyi SOCAR-la üst-üstə düşür: “Biz SOCAR-a həm optik, həm radar təsvirləri, həm də digər lazımi məlumatları vermişik. Bu məlumatlara  əsasən, dekabrın 13-də həmin məlumatlar ictimaiyyətə açıqlanıb. Bizim də mövqeyimiz onların açıqladığı mövqe ilə üst-üstə düşür. Bizim mütəxəssislər, SOCAR-ın mütəxəssisləri ilə əməkdaşlıq şəraitində çalışırlar”.

Qeyd edək ki, Günəşli” yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənməsi barədə məlumatı  RİA “Novosti” agentliyi “Sentinel-1A” radiolokasiya peykindən aparılan çəkilişlərə istinadən xəbər verib.