“Manatın taleyi bu gün həll olunmur. Yəni, FED uçot dərəcəsini artırsa belə, bu, o demək deyil ki, sabah manat devalvasiya olacaq”.
Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.
O bildirib ki, ola bilsin, dollar sabah manata münasibətdə cüzi bahalaşsın:
“Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Hətta sabah manatın rəsmi məzənnəsinin ucuzlaşmasını da istisna etmirəm. Bugünkü avrodollar məzənnəsinin davranışından asılı olacaq
Manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur. Qısası, FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir. Və ya uçot dərəcəsinin qaldırılmaması manatın ucuzlaşmaqdan qurtulması kimi qiymətləndirilməməlidir”.