XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 11:52

Yanan bina müəmması: 7 ay tamam olur, ancaq Dövlət Komissiyası hələ də susur…

yanan-bina-22.jpg

Bu günlərdə mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı həbs edilmiş şəxslərin istintaqının başa çatması ilə bağlı ölkə mediasında xəbər yayılıb. Ancaq məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, istintaq növbəti dəfə – 2016-cı il martın 19-dək uzadılıb.

Strateq.az-ın əldə etdiyi məlumata görə, istintaq müddəti sonuncu dəfə uzadılıb və martın 19-dan sonra məhkəmə baxışı keçirilməlidir.

Xatırladaq ki, bundan əvvəlsə istintaq müddəti artıq iki dəfə uzadılıb. Baş nazirin müavini Abid Şərifov iyul ayının 26-da ANS TV-yə açıqlamasında belə demişdi: “Yanan bina ilə əlaqədar, hələ istintaq sona çatmayıb. Hələ son nəticə yoxdur. Yəqin ki, yaxın günlərdə bu, məlum olacaq. Son nəticə, səbəb və kimlərinsə təqsirləndirilməsi… İndi hələ istintaq gedir”.

A.Şərifov əlavə etmişdi ki, “son nəticə, yəqin ki, gələn həftə, 10 gün ərzində bəlli olacaq”. 

Amma A.Şərifovun inamlı açıqlamalarına baxmayaraq, istintaq müddəti yenə uzadıldı.

Yanğın hadisəsinin üstündən, az qala, 7 ay keçsə də, hələ də yanğının gerçək səbəbləri, baş vermə şəraiti ilə bağlı konkret açıqlamalar verilməyib. Aidiyyəti qurumların susqunluğu isə yanğın hadisəsi ilə bağlı sualların açıq qalmasına, KİV-də, eləcə də müxtəlif müzakirələrdə cəmiyyəti vahimədə saxlayan versiyaların aktuallaşmasına rəvac verir. Məsələn, xüsusən son zamanlar ölkədə baş verən səs-küylü hadisələr fonunda binanın yanmasının təxribat olduğu fikri get-gedə üzərində daha çox dayanılan versiyaya çevrilib və ictimai diqqət bu nöqtə üzərində fokuslanmaqdadır.

İctimaiyyət üçün açıq qalan suallara isə, yuxarıda qeyd etdiyimiz kimi, hələ də cavab verilmir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 19 may 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb.

Sərəncamla Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməsi və həyata keçirilməsi tapşırılıb.

Artıq yanan bina təmir olunub və sakinlərin istifadəsinə verilib. Amma hadisənin səbəbləri və baş vermə şəraiti ilə bağlı sükut davam edir.

Xatırladaq ki, 20 mayda Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında dövlət başçısı çıxışının əvvəlində bildirib: “Komissiya bütün məsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır”.

Dövlət başçısı əlavə edib ki,  eyni zamanda “yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır”.

Sözügedən yanğın hadisəsinin səbəbləri, baş vermə şəraiti ilə bağlı  susqunluğun davam etməsi isə cəmiyyətdə birmənalı qarşılanmır. 7 ay kifayət qədər böyük müddətdir və bu zaman kəsiyi effektiv araşdırma aparılması üçün yetərli sayıla bilər. Amma buna baxmayaraq, Dövlət Komissiyasının sədri A.Şərifovun “istintaq  gedir”, “işlər aparılır” kimi ümumi açıqlamalarından başqa mediaya, o cümlədən ictimaiyyətə hələ də səhih və ya aydınlaşdırıcı informasiya verilməyib.

İctimaiyyəti isə cavablandırılması vacib suallar narahat edir: Yanğın hadisəsi niyə baş verdi?  Yanğın hadisəsi təxribat, yoxsa səhlənkarlıq idi? Yanğının baş vermə şəraiti ilə bağlı indiyədək nələr aydınlaşdırılıb?

Yuxarıda qeyd edilən iclasda çıxışı zamanı dövlət başçısı xüsusi olaraq bildirib ki, ona ilkin məlumatlar verilib. Hadisə ilə bağlı məruzələri dinlədikdən sonra Prezident çıxışın sonunda bir daha qeyd edib: “Əlbəttə, bütün versiyalar təhlil edilməlidir. Bir daha demək istəyirəm ki, istintaq təzə başlayır. İstintaqın nəticələri, əlbəttə, həm mənə, həm də ki, Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Qarşıya bütün vəzifələr qoyulub, məsələ ciddi araşdırılacaq”.

Göründüyü kimi, Prezident tərəfindən də ictimaiyyətin məlumatlandırılmasının zəruriliyi vurğulanıb.

Şübhəsiz ki, istintaq sirri açıqlana bilməz. Amma Dövlət Komissiyası istintaq sirri olmayan məlumatları paylaşa və medianı, geniş ictimaiyyəti narahat edən məsələlərə aydınlıq gətirə, yaranmış çaşqınlğa son qoya bilər.

Bir daha qeyd etmək yerinə düşər ki, 7 ay kifayət qədər böyük müddətdir və Komissiya bu qədər vaxt keçdikdən sona ən azı ilkin ümumiləşdirilmiş qənaətlərini açıqlaya bilər…

Strateq.az