Neft qiymətləri son yeddi ildəki 35 dollaradək rekord enmədən sonra bərpa edilməsə, OPEK bazarın sabitləşdirilməsi məqsədilə ən yaxın həftələrdə növbədənkənar görüş keçirməyə məcbur olacaq. Neft kartelinin iki üzvü bu haqda xəbərdarlıqla çıxış edib.
Nigeriyanın keçən həftəyədək OPEK prezidenti vəzifəsini tutmuş neft naziri Emmanuel Kaçikvu deyib ki, onun qurumu əvvəlki kimi bazarın fevral ayına doğru bərpa ediləcəyinə ümid edir, çünki aşağı qiymətlər ABŞ-da şistli neftin, həmçinin Rusiyada və Quzey dənizdə adi neftin lüzumsuz hasilatını tükədir. Lakin bu gün hamının əsəbləri son həddədir. Kaçikvu bildirib: “Neft qiymətləri artmağa başlamasa, hökmən son dərəcə təcili toplantı keçirəcəyik”.
Səudiyyə Ərəbistanının bazarın doldurulması üzrə strategiyası hamını daha dərin uçuruma itələyərsə, son günlər İndoneziya OPEK-də əksəriyyətin görüşün keçirilməsinə təkid edə biləcəyini vurğulayıb oxşar xəbərdarlıqlarla çıxış edir.
Bu açıqlamalar OPEK-in dekabrın əvvəlində baş tutmuş və kəskin ziddiyyətlərin aşkarlandığı görüşündən sonra davam edən nəticələrin fonunda Brent markalı neftin hər barreli 36,76 dollara düşən məqamda səsləndi. Bu gün qiymətlər Lehman Brothers böhranının baş verdiyi 2008-ci ilin minimumuna yaxınlaşır. WTI markası sonrakı alverin gedişində 34,54 dollara qədər düşdü, bundan sonra bir qədər bərpa olundu.
Dünya bazarlarında daha aşağı keyfiyyətli neft artıq 30 dollardan ucuz satılır. İraq Bəsrəsinin ağır nefti 26 dollara satılır, Qərbi Kanadanın aşağı keyfiyyətli nefti isə 22 dollara zorla çatır. İranın Foruzan yatağının yüksəkkükürdlü markası 31 dollara satılır.
Bu gün neft bazarı spekulyativ qüvvələrin caynağına keçib, çünki hec-fondlar rekord səviyyədə qısa mövqe seçir, birja investisiya fondları isə kağız avuarları (əmlak-red.) ləğv edir, buna görə də bu enmənin səbəbini anlamaq son dərəcə çətindir.
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, onun ölkəsi ən pis günə hazırlaşır: “OPEK ölkələri arasında işlənib hazırlanmış siyasət yoxdur – hər kəs özünə işləyir, neft satışı bazarı əldə edir və bu ona səbəb olur ki, dempinq və neft qiymətinin sonrakı çöküşü baş verir. Hər şey ona işarə edir ki, növbəti ildə neftin qiyməti aşağı olacaq. Ola bilsin ki, ayrı-ayrı dövrlərdə 30 dollara və aşağı olacaq. Bir il əvvəl kimsə bizə desəydi ki, neft 40 dollardan ucuz olacaq, hamı gülərdi. çətin dövrlərə hazırlaşmaq lazımdır”.
Dollara nisbətdə rublun kursu 71-ə düşüb ki, bu da Kremlin büdcəsinə zərbəni yumşaltmağa imkan verdi, lakin rusiyalıların həyat səviyyəsini daha da aşağı saldı. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Naibullina dedi ki, hökumət hazırda dolların gələn ilki orta 35 qiymətinə hazırlaşır, bu da fövqəldə hallar üçün əvvəlki planlarla müqayisədə radikal azalmadır.
Bank-Amerika qeyd edir ki, əslində, OPEK işini dayandırıb, çünki Səudiyyə Ərəbistanı kartelin daxilində onun qatı düşməni və Yaxın Şərqdə geostrateji üstünlük uğrunda rəqibi İrana qarşı qiymət müharibəsi aparır. Bu duel neft blokunda durmayan Rusiya ilə paralel mübarizə ilə qəlizləşir.
Societe Generale-dən Mayk Uitner bildirir ki, səudlar OPEK-in sammitində gündəlik neft hasilatını bir milyon barrel azaltmaq təklifini irəli sürərkən onların motivi ancaq taktiki xarakter daşıyırdı, çünki ölkə içindəki tənqidçilərə göstərmək istəyirdilər ki, bu cür sövdələşmə ümumən mümkünsüzdür.
Uitnerin sözlərinə görə, bazarı neftlə doldurmaq strategiyası ciddi şəkildə nəzərdən keçirilir və buna “ən yüksək səviyyədə” dəstək var. Burada məqsəd qismən enerji effektivliyi artımının və yenilənən resurslara investisiyanın qabağını almaqdan ibarətdir.
Dünyada neftə tələbat sürətlə artır. Bu, tələbatın azalması deyil, pozitiv “şok təklif”dir.
OPEK növbəti görüşə 2016-cı ilin iyunundan tez yığışmamalıydı, lakin üzvlərin əksəriyyəti ona kimi ciddi maliyyə problemləri ilə üzləşə bilər. Hətta Səudiyyə Ərəbistanı da dövlət alqısı proqramlarını dondurur və üDM-in, demək olar, 20%-i təşkil edən büdcə kəsirinin qabağını almaq üçün ciddi iqtisadiyyat planı tərtib edir.
Bu, müəyyən mənada sərvətin ABŞ, Avropa, çin, Hindistan və başqa istehlakçı ölkələrə böyük köçürülməsidir. OPEK-in gəlirləri kəskin şəkildə azalır: 2012-ci ildə 1,2 trilyon dollar idisə, neftin qiyməti yenə də aşağı səviyyədə qalsa, gələn il 400 milyard dollardan bir az çox olacaq.
Lakin durum böyük risklərlə doludur. Səudiyyə Ərəbistanı artıq neft bazarlarında “mərkəzi bank” rolunda çıxış etmir və dünyada uzunmüddətli sabitliyin təminatı xatirinə qiymətləri yönəltmir.
Rezerv məhsuldarlıq rekord səviyyədə aşağı nöqtəyə düşüb və gündə 1,5 milyon barrel təşkil edir. İraq tipli hər hansı bir ölkədə ciddi siyasi sarsıntı və yaxud terrorçuların Fars körfəzində neft kəmərinə hücumu kəskin dəyişiklik doğurar və istənilən anda kürəsəl neft şokuna səbəb ola bilər. Barclays şirkətindən Misvin Maheş deyir: “1980-ci illərdənsə durum indi xeyli təhlükəlidir“.
Bu maliyyə konqlomeratı qeyd edir ki, qiymətlər istənilən halda çətin ki 30 dollar səviyyəsində qalsın, çünki Liviyada siyasi xaos saxlanmaqdadır, İranın isə hasilatı artırmağı çətin olacaq. Əslində, İrandan ixracat son aylarda hətta gündə 100 min barrelə düşüb, çünki onun neft yataqları tükənir.
Maheşin sözlərinə görə, nef yataqlarının sürətlə tükəndiyi Əlcəzairdə də gələn il hasilatın gündə 100 min barrelə düşəcəyi gözlənilir. Proqnozlara görə, gündəlik hasilat Venesuelada 80 min barrel, Qətərdə 50 min barrel və Ekvadorda 45 min barrel azalacaq.
Neft hasilatı Quzey dənizində 180 min barrel, Rusiyada və Mərkəzi Asiyada isə 190 min barrel azala bilər. ABŞ daha dözümlüdür, çünki Meksika körfəzində hasilatın artımı şistli neft hasilatında 400 min barrel azalmanı tarazlaşdırır.
Digər tərəfdən, çində tələbat coşğun şəkildə çoxalır. Barclays-in qeyd etdiyi kimi, bu, keçən il gündə 600 min barrel artıb. ölkədə 12 ay ərzində maşınların sayı 20 milyon artıb.
Neft bazarının ziddiyyəti bundan ibarətdir ki, onun ifrat doydurulması çağdaş tarixin dinc dövründə tələb və təklifin ən etibarsız balansını gizlədir.
Ambrouz Evans-Priçard
The Telegraph UK (Böyük Britaniya), 16.12.2015