Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev Helsinki Komissiyasının sədri Kristofer Smitin ABŞ Konqresinə təqdim etdiyi Azərbaycanla bağlı aktı tənqid edib.
S.Alıyev bildirib ki, bu addım iki dövlətin maraqlarına xidmət etmir.
“Amerikada bəlli cevrələrin təsiri altında olanlar bu əlaqələrə xələl gətirirlər. Ermənipərəst konqresmenlər təcavüzə məruz qalanları təcavüzdə günahlandırırlar. Amerika müəyyən mənada demokratik dəyərlər daşıyıcısı Azərbaycan xalqının, siyasətçilərinin yaddaşında qalıb və bu addımlar ilk növbədə Amerikanın maraqlarına yönəlib”.
Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, adi bir təşkilatın verdiyi bu açıqlama şok kimi qarşılanmamalıdır:
“Mənə yarım saat öncə göstərdilər, ermənilər ən radikal diaspor rəhbərlərindən Aram Hambaryanın Twitter səhifəsində Kristofer Smitlə Amerika konqresində çəkilən şəkli göstərilib.
Şəklin altında qeyd edilir ki, onun işini dəstəkləmək üçün Amerika Konqresində görüşlər keçirir. çox əfsuslar olsun ki, bir çox jurnalistlərimiz bu hadisəni şok hadisə kimi yazıblar. Bunun nəyi şokdur? Bunu bu qədər şişirtmək, insanlar arasında yaymaq səhvdir. 100 faiz əminəm ki, bu layihə Konqresdən keçməyəcək. Bunun indiki vaxta salınması da təsadüfi deyil. Məlumdur ki, hər il bu vaxtlar əfv sərəncamı verilir. 31 dekabr ərəfəsində də əfv olacaq. Bizə təsir etməyə çalışırlar ki, guya, bunların təkidi ilə kimlərsə buraxılsın. Hesab edirəm ki, çox böyük diqqət verməməliyik. ABŞ-ın Azərbaycandakı səfirliyinə deyin, açıqlama versinlər ki, bu, Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir?”