XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2015 - 13:25

Türkiyənin İraqa girməsinin 12 səbəbi – İran nəşrindən maraqlı təhlil

İranda nəşr olunan “Məşriq” qəzetində Türkiyənin İraqa qoşun yeritməsinin səbəbləri ilə bağlı çox maraqlı məqalə yer alıb. 

Strateq.az Türkiyə üçün İraqın əhəmiyyəti barədə ciddi məlumatların təhlili əsasında hazırlanmış həmin məqaləni müəyyən ixtisarla oxucularına təqdim edir:

iraq-444.jpg

Türkiyənin İraqın quzey hissəsinə qoşun yeritməsi və Ankaranın bu adddımın məqsədinin Mosulun azad edilməsi olduğu haqda açıqlaması, bölgəni növbəti böhranla üzləşdirib.

öz ərazisində PKK problemini hələ də həll edə bilməyən Türkiyə hökuməti bölgədəki mövqeyini necə möhkəmləndirmək niyyətindədir?

İki ölkənin münasibətlərinin tarixi

Osmanlı imperiyası dağıldıqdan sonra Türkiyə-İraq münasibətlərində xeyli qalxıb-enmələr oldu. Hər iki dövlət 1932-1958-ci illər arasında bir-biri ilə sıx münasibətlər saxlayırdı, lakin 1958-1990-cı illərdə münasibətlər qəlizləşir, həm Türkiyənin, həm də İraqın xarici siyasət kursu ciddi dəyişimlərə uğrayır.

İki ölkənin münasibətləri həmin dövrdə neft və su ehtiyatları sahəsinə cəmlənmişdi. Onlar neft planında güzəştlərə nail ola bilsələr də, şərikli su ehtiyatlarının istifadəsində ciddi fikir ayrılıqları var idi.

İraqın İranla müharibəsi (1980-1988) onun Türkiyə ilə münasibətlərinin bərpası dövrü oldu və sonuncu öz bitərəfliyini elan etsə də, əslində, Səddam rejimini dəstəkləyirdi.

İraqın Küveytə hücumu və ardınca Fars körfəzində qopan müharibə Bağdadla Ankara arasında münasibətlərin soyumasına səbəb oldu. çünki NATO üzvü Türkiyə koalisiya qüvvələrinə öz bazalarından İraq ordusuna qarşı hücumda istifadə etməyə icazə verdi.

İraqın quzeyində Kürdüstan Fəhlə Partiyasının (PKK) yaranması iki ölkənin münasibətlərini daha da mürəkkəbləşdirdi. Bununla belə, hər ikisi müharibədən sonra müstəqil Kürdüstanın yaranmasına qarşı çıxış etdi və PKK-ya qaşı çıxış etmək üçün əməkdaşlığa başladı. 

2003-cü ildə amerikalıların İraqa hücumuna qatılmaqdan türklərin imtinası və ölkədə BƏƏS rejiminin devrilməsi buna səbəb oldu ki, Birləşmiş Ştatlar türklərin İraqın quzeyində PKK-ya qarşı hərbi əməliyyatına əngəl olmağa başladı. Bu proses ABŞ-la Türkiyə arasında əməkdaşlığın bərpa edildiyi 2007-yə qədər davam etdi. Nəticədə Türkiyə İraqın quzeyində hərbi əməliyyata və amerikalıların müdaxiləsindən sonra Ankara üçün siyasi alətə çevrilmiş kürd hökuməti ilə qarşılıqlı fəaliyyətə keçdi.

İraqın quzeyində kürdlərin məskunlaşdığı hissələrdə Ankaranın fəallığı ta 2010-cu ilədək davam edən Bağdad-Ankara münasibətlərinə xələl gətirmədi. Türkiyə bu müddətdə sosial sahədən yararlanıb, kürdlər və sünnilərlə daha sıx münasibətlər qurmaqla, İraqda öz təsirini gücləndirməyə cəhd etdi.

Türkiyə Səddam rejiminin iflasını mənfi şəkildə qarşılayan ölkələr sırasına aiddir. O, universal hökumət modelini irəli sürməklə göstərdi ki, baş tutmuş seçkilərin nəticəsini və şiələrin qələbəsini tanımır. 2010-cu ilin parlament seçkiləri və Əyyad Əllainin başçılığı ilə “İraq koalisiyası”nın məğlubiyyəti Türkiyədə kəskin narazılıq doğurdu. Bu, İranla münasibətləri qəlizləşdirdi və Ankaranın 2011-ci il Suriya böhranında iştirakı üçün ilkin şərtlər yaratdı.

2011-ci ilin axırında Amerika qoşunları İraqdan çıxarılandan sonra bu ölkədə bəəsçilərə qarşı müxtəlif əməliyyatlar başlandı. Nəticədə Tarik əl-Haşimi, Salih əl-Mutləq, Rəfi əl-İsəvi kimi siyasətçilərə münasibətdə istintaqlar, həbslər və məhkəmə prosesləri başlandı. Onların bəziləri  xaricə qaçmağa məcbur oldu və Türkiyə, demək olar, bütün üstünlüklərindən məhrum oldu.

2014-cü ilin 9 iyununda Ninəva əyalətinin mərkəzi Mosula qəfil hücum edib, onu tutan İŞİD-in meydana çıxması ilə bu qruplaşmanın təchizatında Türkiyənin rolu haqda gümanları gücləndirdi.

Ankaranın ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qatılmaqdan imtinası isə şübhələri daha da artırdı.

Bu mərhələdə türk cəmiyyəti qarşısında tam bir silsilə suallar durmağa başladı. Məsələn, niyə ölkənin güneyində Qaziantəp şəhərində xarici silahlı ünsürlər üçün hərbi baza inşa edilib?

Bu adamlar heç bir baxış və qaydalara riayət etmədən Türkiyə sərhəddini necə keçirlər ki, sonra da terrorçulara qoşulsunlar?

Türk hökuməti İŞİD-ə İstanbulda ofis açmağa və hospitallarda öz yaralılarını müalicə etdirməyə niyə icazə verib?

Oxşar sualları Bağdadda da verməyə başladılar. O zaman Ərbillə Ankara arasında fikir ayrılıqları üzə çıxdı.

İraqda açıq siyasət yürütməkdə Türkiyəyə nə mane olur?

Türkiyənin bölgəsəl böhranlarda müsbət və konstruktiv rol oynaya biləcəyinə baxmayaraq, Ankara son illərdə göstərdi ki, İraqda olduqca ziddiyyətli hədəfləri izləyir.  

1. Mosulun Türkiyəyə birləşdirilməsi

Türkiyə öz milli doktrinası çərçivəsində İraqın Mosula qədər quzey hissəsini öz ərazisi sayır. Ankara strateji dərinlik baxımından Yaxın Şərq ölkələrinə sızmaq üçün Quzey İraqı özəl təsir dairəsi hesab edir. Bu problemin məğzinə varmaq üçün tarixə üz tutaq. Türklər İraqın quzey ərazilərinə iddialarını rəsmən ilk dəfə hələ 1926-cı ildə açıqlayıblar. Bu məsələ həmçinin 1958, 1983 və 1991-ci illərdə gündəmə çıxıb. 1995-ci ildə Türkiyə prezidenti Süleyman Dəmirəl bu cür tələb irəli sürmüşdü. O, terrorçuların təsirini məhdudlaşdırmaq üçün o zaman İraqla sərhədləri yenidən nəzərdən keçirmək və ölkənin quzey hissəsinin ayrılaraq, ardınca Türkiyəyə birləşdirilməsini tələb etdi.

Mosulun azad edilməsi üçün şayiələr türkləri ələ düşən imkandan bu bölgənin öz ərazilərinə qatmaq üçün istifadə etmək niyyətinə saldı. Beləliklə, Türkiyənin  siyasi rəhbərliyi hazırda Mosulla Kərkükün Türkiyənin tərkibinə daxil edilməsini tələb edir.

Türk parlamentinin deputatı Hüseyn Yaymanın fikrincə, İraqda baş verən hadisələr Türkiyənin qonşu ölkəni üç hissəyə bölmək və İraq Kürdüstanını Mosul və Kərkük şəhərləri ilə birlikdə özünə birləşdirmək istəyindən xəbər verir. Bu planların gerçəkləşdirilməsi artıq başlanıb.

Türk millətçiləri əmindirlər ki, bu iki şəhərin lhaqı Tükiyənin milli proqramının bəndlərindən biridir və Kamal Atatürk Türkiyə cümhuriyyətinin yaranması dönəmindəki mürəkkəb şəraitə görə bunu gerçəkləşdirə bilmədi.

Hazırda Tükiyə Mosulun azad edilməsi üzrə əməliyyatı uyğun məqam sayır.

2. İraq kürdlərinin separatizmi

İraq kürdlərinin separatizmi haqda əndişələri və onların türkiyəli qasdaşları ilə birləşdirlməsini Türkiyənin müdaxiləsinin ən mühüm səbəblərindən biri saymaq olar. ölkə rəhbərliyi təşviş keçirir ki, İraqdakı, xüsusən də ölkənin quzeyindəki durum kürd ərazilərinin ayrılması və müstəqil Kürdüstan dövlətinin yaradılmasına bəhanə olar və bundan sonra türkiyəli kürdlər də onlara qoşula bilər.

3. Kürdüstanda İsrailin varlığı xüsusunda təşviş

İsrail İraqın quzeyində müstəqil kürd dövlətinin yaradılması ideyasını dəstəkləyir ki, bu yolla bölgəsəl təcriddən çıxmaq imkanı olsun və Ben Qurionun “xarici koalisiya” prinsipinə uyğun olaraq, ərəblərə qarşı qeyri-ərəb dövləti ilə birləşsin.

4. Quzey İraqın neft-qaz ehtiyatlarına nəzarət

Türkiyənin müstəsna geopolitik mövqeyi və çiçəklənən iqtisadiyyatı onu karbohidrogen ehtiyatları ilə zəngin İraqla münasibətlərin inkişafına təhrik edir. Türkiyə bu ölkənin daxilində iki əsas energetik tərəfdaşla iş görür. Birincisi, ölkənin güney bölgələrində zəngin neft-qaz yataqlarına nəzarət edən mərkəzi Bağdad hökuməti, ikincisi isə İraqın bütün karbohidrogen ehtiyatlarının üçdə birinə nəzarət edən Kürdüstan Muxtariyyətidir.  

Ankara zahirən həmişə can atıb ki, neft probleminə görə Bağdadla Ərbilin gərgin münasibətləri fonunda bitərəfliyini saxlasın, lakin Quzey İraqda xarici neft konsernlərinin fəallığı, Kürdüstan Muxtariyyətinin öz iqtisadi potensialını dərk etməsi və Türkiyənin ucuz enerji ehtiyatlarına çıxışı kimi amillər onu sükutu pozmağa və bu mübahisələrdə öz mövqeyini tutmağa vadar etdi. İraq Kürdüstanı Türkiyənin xarici iqtisadi əlaqələrində olduqca önəmli rol oynayır. Statistikaya görə, İraq Almaniyadan sonra Türkiyənin ən böyük ticari-iqtisadi tərəfdaşıdır və iqtisadi sövdələşmələrin ümumi sayının 70%-i Kürdüstanın payına düşür.

Maraqlıdır ki, 110 min Türkiyə vətəndaşı 2003-cü ildə Kürdüstan Muxtariyyətində yaşayış hüququ alıb. Bundan başqa, hər il tam 200 min türk bir neçə ay İraq Kürdüstanında yaşayır və ticari-iqtisadi fəaliyyətlə məşğul olur.

Bundan savayı, Ərbildə İhsan Doğramacının Türkiyənin beynəlxalq Bilkənt universitetinin filialı olan, 40 milyon dollarlıq büdcə ilə Xeyriyyə Fondu yaradılıb.

Həmçinin muxtariyyətdə işləyən firmaların yarısı Türkiyənindir. Acibadem holdinqi (Türkiyənin ən böyük ticari-iqtisadi şirkətlərindən biridir) Süleymaniyyə və Ərbildə səhiyyə və xəsrtəxanaların idarəsi, müalicə mərkəzlərinə yatırım qoyur. Muxtariyyətin İqtisadiyyat Nazirliyi bildirib ki, 2013-cü ili sonuna doğru orada çalışan şirkətlərin 46%-ni təşkil edən 1 226 türk firmasına lisenziya verib.

Türkiyənin beş böyük bankının –T.C Ziraat Bankasi, Bank Asya, VakifBank, Turkiye Is Bankasi və Albaraka Türkün Ərbildə nümayəndəlikləri, həmçinin iki dəbdəbəli otel – “Divan” və “Dedeman” açılıb.

İri inşaat şirkəti Riksund Dahukada işləyir. Şəhərin 426 milyon dollarlıq böyük aeroportunu türk firması Mikail Cengiz inşa edb. 137 milyon dollardan çox büdcəsi olan fransız-türk firmalarından ibarət konsorsium isə Ərbilin infrastrukturunun inşasını öz üzərinə götürüb. Türkiyə şirkəti Enka da muxtaiyyətdə bir neçə qaz layihəsinin gerçəkləşdirilməsi üçün 600 milyon dollarlıq müqavilə imzalayıb. Renaissance Construction firması muxtariyyətin qaz şəbəkəsinin min kiçik məntəqəsini inşa etmək üçün Ərbil administrasiyası ilə 1 milyard dollarlıq müqavilə imzalayıb.

Bir sözlə, yuxarıda qeyd edildiyi kimi, Türkiyənin bütün iqtisadi maraqları müstəsna şəkildə İraqın kürd muxtariyyətinə cəmlənib.

5. Mosulun azad edilməsinə yol verməmək

Türkiyənin İraqda hərbi iştirakının daha bir səbəbi və Mosulun azad edilməsində xalis zahiri iştirakı İraq könüllü xalq qüvvələrinin şəhərə hücumuna imkan verməməkdir…  

6. İraqın bölünməsinə şəraitin hazırlanması

Bəzi analitiklər bu fikirdədirlər ki, Türkiyənin İraqda hərbi iştirakının başqa səbəbi bu ölkənin bölünməsinə şərait hazırlamaq və bölgədə yeləşən ölkələrin parçalanmasına yönəlmiş Amerika-yəhudi planının gerçəkəşdirilməsinə başlamaqdır. Plana əsasən, İraq üç hissəyə – sünni (qərbdə), şiə (güneydə) və kürd (quzeydə) zonalarına bölünməlidir.

Ekspertlər həmçinin qeyd edirlər ki, Türkiyənin bu cür fəaliyyəti ABŞ-la hökmən razılaşdırılıb. 

7. PKK-nın zəiflədilməsi

Son bir neçə ildə kürdlərin yaşadığı bölgələrdə baş verən hadisələr bütün dünya kürdlərinə başçılıq uğrunda bəhsə girişən Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani ilə PKK-nın başçısı Abdulla öcalan arasında çoxdankı rəqabətin mövcudluğundan xəbər verir. Bununla belə, heç kimə sirr deyil ki, öcalan kürdlər arasında daha böyük xarizma sahibidir, buna görə də Ərdoğan Bərzaniyə maliyyə dəstəyi verməklə öz rəqibini zəiflətməyə çalışır.

8. İraqın mərkəzi hökumətinin zəiflədilməsi

İraqda 2003-cü il seçkilərindən bu günə qədər əhalinin əksəriyyətini təşkil edən şiələrin hakimiyyəti öz əlində saxlamağı bəzi qonşu dövlətlərdə, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanında narazılıq doğurur.

Amerika qoşunları çıxandan sonra İraqla İranın yaxınlaşması, ölkədə terrorçuların varlığı və Tehran-Ankara münasibətlərinin soyuması türk hökumətini İraqın mərkəzu hökumətinin siyasətini sabotaj etməyə məcbur edir. Türkiyə İraqın quzeyinə məhz buna görə qoşun göndərib.

9. Kərkük neftinə çıxış

Rusiya ilə gərginləşən münasibətlər Türkiyəni alternativ enerji qaynaqları axtamağa sürükləyir. Belə məkanlardan biri məhz İraq Kürdüstanıdır. Lakin bundan savayı, Türkiyəni İraq hadisələrinə qarışmağa Kərkükün gələcəyi haqda məsələ məcbur etdi.

Böyük neft ehtiyatları olan bu şəhəri tez-tez “kürd Yerusəlimi” adlandırırlar. Orada yaşayan əhalinin əksəriyyəti etnik kürdlərdir. Kərkükün sonrakı taleyi indiyədək qaranlıq qalır. İŞİD-in İraqa hücumu başlanandan mərkəzi hökumətin zəifliyindən istifadə edən Kürdüstan muxtariyyəti şəhərin əsas hissəsinə nəzarəti ələ aldı. Kərkükdə kürdlərdən başqa önəmli miqdarda sünni ərəblərtükmənlər yaşayır. Kürdlər şəhəri tutub öz muxtariyyətlərinə birləşdirsələr, təkcə yaşayış ərazilərini genişləndirməyəcək, həm də böyük təbii sərvətlər ələ keçirəcəklər. Türkiyə artıq çoxdan Kərkük türkmənlərinin taleyini diqqətlə izləyir və hüquqlarının gerçəkləşməsinə can atır.

Bununla belə, təəssürat yaranır ki, Ankara türkmənlərin, ərəblərdənsə kürdlərin hakimiyyəti altında yaşamasına üstünlük verir. Ərdoğanın yardımı ilə Kərkükün kürdlər tərəfdən mümkün işğalı Türkiyəyə ucuz və nəhəng neft ehtiyatları üzərində öz nəzarətini yaratmağa imkan verəcək.

10. Türkiyənin terrorçulara himayə ittihamını öz üzərindən götürmək cəhdləri;

Prezident Ərdoğan və Davudoğlu hökuməti terrorizmə himayədarlığa görə ictimai rəy və dünya ictimaiyyəti tərəfdən güclü təzyiq hiss edirlər. Moskva və Tehran türk hökumtini İŞİD-ə yardıma görə birbaşa tənqid edir. Fransa və ABŞ-ın rəsmi təmsilçiləri də Türkiyəni İŞİD-lə mübarizədə daha böyük iştiraka və onun sərhədlərində sərt nəzarətin təşkilinə çağırırlar.

Türk ordusunun indiki anda yardım göstərmək və peşmərgə milli ordusuna təlim keçmək adı altında Kürdüstan muxtariyyətində iştirakını Ankaranın onun ünvanına tənqid dalğasını zəiflətmək cəhdi kimi şərh etmək olar.

Bundan başqa, bu ölkə Birləşmiş Ştatlarla bərabər “Suriyanın demokratik qüvvələri”nin, “əs-Səvar” ordusunun, Borkan əl-Fəratın Operativ Bürosunun, “əs-Sənadid” qüvvələrinin, “əl-Cəzirə” batalyonunun, “əs-Suriyani əl-Məsihi” Hərbi Şurasının və kürd xalq birləşmələrinin yaradılmasında iştrak edib. Bu birləşmələrin yaradılmasında məqsədin Rakka əyalətində İŞİD-in darmadağın edilməsi və ərazinin bu təkfirçi qrupun əsarətindən azad edilməsi olduğu bildirilib.    

11. Hərbi qüvvələr balansının dəyişdirilməsi;

Yaşadıqları bölgənin adı ilə Ankarada “bayırbucaqlar” adlandırılan Suriya türkmənlərinə dəstək, Tükiyənin İraq və Suriyanın daxili işlərinə qarışmağı üçün ən başlıca əsas sayılır. Belə şəraitdə Rusiyanın Suriya ilə terrora qarşı mübarizəyə yönəlmiş hərbi əməkdaşlığının fəallaşması Türkiyə tərəfdən kəskin tənqid doğurur. Türk rəsmiləri bildirirlər ki, Moskva və Dəməşq İŞİD-lə müharibə görüntüsü altında Suriya türkmənlərini bombalamaqla məşğul olur.

Bu olaylar xüsusunda Ankaranın hiddəti Ərdoğanla Putin arasında gərginlik dərəcəsini o qədər gücləndirdi ki, türk tərəfini Rusiya təyyarəsinə zərbə endirməyə məcbur etdi. Nəticədə iki ölkənin münasibətləri ən kəskin böhran mərhələsinə daxil oldu. Ərdoğanın Ədalət və İnkişaf Partiyası Moskva ilə sıx münasibətlər qurmaqdan ötrü son on ildə xeyli səy göstərdi, lakin Ankaranın Suriyaya dair həmin siyasəti yürütməkdə və Rusiya müxalifətinə yardımda inadlı istəyi əvvəlki cəhdləri heçə çıxartdı və ruslarla hər gün qızışan yeni münaqişə törətdi. Türkiyə Suriya böhranı başlayana qədər bildirirdi ki, onun xarici siyasəti xeyirxah qonşuluq və bölgə dövlətləri ilə münasibətlərdə güzəştlər axtarışı kimi prinsiplərə əsaslanır. Lakin böhranın başlanması ilə Ankaranın xarici siyasət kursu dəyişildi və türk tərəfi digər ölkələrin daxili işlərinə qarışmağa, orada milli təfriqə yaratmağa və ona aid olmayan əraziləri tutmağa başladı. Bu cür taktika Türkiyəni bir sıra xarici əməliyyatlar keçirtməyə vadar etdi. Suriya müxalifətinin silahlandırılması da bu sıraya aiddir. Ərəblər bu barədə öz etirazlarını bildirsələr də, Türkiyə öz taktikasını davam etdirdi və terrorçu qruplaşmaların gücünün artırılması üçün şərait yaratdı.    

12. Müdaxilə üçün tükmənlərdən bəhanə kimi istifadə etmək.

 

Mashregh (İran), 18.12.2015