XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 19:32

Rus-türk hesablaşması: Hesaba qatılmayan zaman və məkan problemləri

Hər bir dövlətin yerləşdiyi geopolitik məkandan və bu məkanda istəsə də, istəməsə də ünsiyyətdə olduğu digər dövlətlərlə beynəlxalq əlaqələrdən doğan xarici siyasət hədəfləri var. İstənilən ölkənin vərəndaşları yaşadığı coğrafiyanın bu münasibətlər sistemində öz mövqeyini müəyyənləşdirir, dost gördüyünü müdafiə edir, düşmən gördüyünə isə xor baxır.

Azərbaycan insanı üçün də bu sözlər keçərlidir. Təbii ki, bizlər hər zaman ən çətin anımızda yanımızda görüdüyümüz Türkiyəylə tarix boyu bizi istismar edən, müstəmləkəyə çevirən Rusiyaya eyni gözlə baxa bilmərik. Bu anlamda Azərbaycan insanının Türkiyənin yanında yer alması qayət normaldır.

Di gəl ki, hər zaman dostu müdafiə edib, düşməni yamanlamaq da xarici siyasətdə uğurlu addım sayıla bilməz. ümumiyyətlə, xarici siyasət deyilən nəsnə hansısa futbol komandasını dəstəkləməkdən fərqli olmalıdır. Nədən ki, idman oyununda uduzmaqla xarici siyasətdəki məğlubiyyətin mahiyəti kimi, nəticələri də eyni deyil. İdmanda uduzmağın gətirəcəyi üzüntü bir neçə saatdan və ya gündən sonra unudular, heç kimə zərər verməz. Xarici siyasətdəki məğlubiyyətin nəticələri isə tək hansısa dövlətin deyil, həm də bütün dünyanın taleyini dəyişə bilər. Odur ki, diplomatiya sahəsində kifayət qədər ehtiyatlı olmağı, hadisələrə soyuqqanlı yanaşmağı bacarmalıyıq.

Nə yazıq ki, rus təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya arasında yaranan gərginliyə istər qardaş ölkədə, istərsə də bizdə ortaya çıxan təpkilər diplomatik uzaqgörənlikdən kənardır. Zənnimizcə, hər iki qardaş ölkənin insanları məsələyə emosional yanaşır, düşməncə tövr sərgiləyirlər.

Bu sözləri deyərkən, milli mənfəətlərimizin toqquşduğu Rusiyaya qarşı hər hansı dostluq hissindən danışmaq niyyətində də deyilik. İstəsək də, istəməsək də hədəflərimiz kəsişdiyindən türk dünyasının milli məfkurəsiylə rus imperial baxışları nə zamansa qarşı-qarşıya gələcək, hesablaşmaq məcburiyyətində qalacaq. Hesablaşma meydanından kimin qələbəylə ayrılması isə həm də hesab gününün düzgün zamanlanmasından asılıdır.

Bəs, görəsən, Türkiyənin rus təyyarəsini vurmasıyla başlayan hesablaşmanın zamanı və məkanı doğru seçilmişdimi? Sözügedən böhrandan kim daha çox zərərlə ayrıla bilər? Ən əsası isə, Rusiya ilə bu qədər gərgin münasibətə ehtiyac var idimi?

Türkiyə vurduğu rus təyyarəsinin səbəbini öz hava sərhədlərini pozmasıyla əlaqələndirir. İlk baxışdan, doğrudan da, qardaş ölkə hava sərhədlərini qorumaqda kifayət qədər haqlı idi. Amma hər doğru olduğun məqamlarda ən sərt addımın atılması da hər zaman doğru olmaya bilər. Bəzən əhatəsində olduğun şəraiti düzgün qiymətləndirmək, daha yumşaq tədbirlərlə problemin həllinə çalışmaq tələb olunur. Və bu yumşaq tədbirlər daha effektli nəticələr verir.

Tarixdə bunun misalları kifayət qədər çoxdur. Məsələn, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s.) Məkkə müşrikləriylə bağladığı məşhur bir anlaşma var. İmzalandığı zaman Məhəmməd peyğəmbərin əleyhinə olan bu anlaşma müvəqqəti də olsa müsəlmanlarla müşriklər arasında atəşkəsə səbəb olmuş və haqq din daşıyıcılarına özlərini toparlamaq imkanı vermişdir. üzərindən bir il keçdikdən sonra həmin saziş əhəmiyyətini itirmiş və yenidən müsəlmanların daha böyük qələbəliklə Məkkəyə yürüşünün önünü açmışdır. Nəticədə, ilk müsəlmanlar heç bir qan tökmədən həmin müqəddəs məkanını fəth etmiş, sadəcə vaxt udmaqla istədiklərinə tam nail olmuşdular. Bunun başlıca səbəbi zamanın daha mütərəqqi təlim olan İslamın xeyrinə işləməsi idi.

Rusiya da zamanın onun əleyhinə işlədiyi bir dönəmdədir. Türkiyə onun təyyarəsini vursa da, vurmasa da, şimal qonşumuz çökməyə məhkumdur və yəqin ki, neft qiymətlərinin enməsiylə başlayan bu çöküş prosesi yaxın zamanlarda tamamlanacaq. Bu qədər kritik bir vəziyyətə düşmüş ölümə məhkuma əlavə təpik vurmağa nə ehtiyac vardı? üstəlik, onu da nəzərə almalıyıq ki, Rusiya nə qədər ölü olsa belə, güclüdür. Və ölüm anında güclülərin vurduğu zərbə daha dəhşətli olur.

Türkiyənin öz suverenliyi yolunda atdığı bu sərt addımın Rusiyanı ciddi şəkildə narahat etdiyi Putinin jurnalistlərə verdiyi son mətbuat konfransında bir daha ortaya çıxdı. Həmin çıxışda Rusiya prezidenti öfkəsinə hakim olmayaraq Ərdoğana təhqirlər yağdırmaqla qalmadı, Moskvanın cavab addımları barədə də ipucları verdi. Onun söylədiyi fikirlərin sətir aralarına baxanda atılacaq addımları və doğacaq nəticələri rahatlıqla görə bilərik:

Əvvəla, Putinin sözlərindən belə aydın oldu ki, Türkiyə təyyarələri Suriya sərhədlərini pozarsa, rus havadanmüdafiə sistemləri tərəfindən vurulacaq və bunun üçün Aralıq dənizinə özünün ən müasir silahlarını – S-400-lərini göndərib.

Qardaş ölkə də əslində bu ehtimalı gözə almamış deyil. Məlum insidentdən sonra Türkiyə ordusunun kürd separatçılarına qarşı başlatdığı hava hücumlarını təxirə salması da bununla bağlı idi. Bu isə, sözsüz ki, Türkiyəni öz cənub sərhədlərində arzulamadığı çətin bir situasiya ilə üz-üzə qoya bilər.

Məlum olduğu kimi, qardaş ölkənin ən çox çəkindiyi problemlərdən biri Suriyanın şimalında Kürdüstan dövlətinin qurulması ehtimalıdır. Ankara bu hadisələrin qarşısını almaq üçün sözügedən coğrafiyada “güvənli bölgə” adlandırdığı neytral zona yaradıb və kürd separatçılarının Aralıq dənizinə qədər sərhədlərini genişləndirməsinin önünü kəsməyə çalışır. Rusiyanın Müdafiə Nazirliyinin  verdiyi son açıqlamada Moskvanın əsas hədəflərindən birinin Fərat çayına qədər terrorçülardan təmizləmək olduğu bildirilir. Fərat çayı isə məhz Türkiyənin “güvənli bölgə” dediyi ərazinin başlanğıc nöqtəsidir. Belə anlaşılır ki, Moskva Ankaranın “qırmızı cizgiləri”ni tapdalamağı qarşısına məqsəd qoyub. Türkiyənin bu hadisələrdən kənarda qalması isə kürd separatçılarının öz hədəflərini reallaşdırmasına şərait yarada bilər.

Türk təyyarələri təkcə Suriya və İraq hava sərhədlərinə daxil olmağı dayandırmaqla qalmayıb, həm də Yunanıstan sərhədləri boyunca adına “it dalaşı” deyilən uçuşlara da ara verib.

Qeyd edək ki, bu “dalaşlar” mübahisəli sərhədlər üzərində aparılır. Qurtuluş savaşından indiyə qədər öz həllini tapmamış hava sərhədlərinə iddia edən Yunanıstan təyyarələrini sıxışdı
rıb öz ərazisindən qovalayan Türkiyənin indi rus qəzəbinə gəlməmək üçün “qınına çəkilməsi” hər halda nəticə etibarilə Ankaranın hesabına yazıla bilməz. Nədən ki, Türkiyə bir rus təyyarəsini vurmaq hesabına indiyə qədər təyyarə “oynatdığı” hava məkanlarını belə, əzəli düşmən hesab etdiyi yunanlara tərk etmiş durumdadır.

İkincisi, məlum təyyarə olayının tam məqsədinə çatdığını da söyləmək mümkün deyil. Rəsmi Ankara bu insidentin səbəbi kimi Suriyada yaşayan türkmənlərin təhlükəsizliyini önə sürürdü. İnsidentdən sonra bölgəyə rus hücumları daha da gücləndi və həmin türkmənlər faktiki olaraq daha çətin vəziyyətə salındı. Sözsüz ki, siyasətdə niyyət yox, nəticə əsas sayıldığından. Ankaranın atdığı bu addımı uğurlu hesab etmək olmaz.

üçüncüsu, insidentdən sonra Rusiyanın Türkiyəyə qarşı sanksiyalarından qardaş ölkənin xeyli iş adamları zərər gördü. Halbuki Avropanın iqtisadi əlaqələrdən imtina etdiyi Rusiya Türkiyə üçün açılmış geniş bazar idi və bu əlaqələr qardaş ölkənin qarşısında xeyli fürsətlər yaratmışdı. İndisə Türkiyə Rusiya kimi ciddi bir bazarını itirir.

Əslində Ankaranı bu addımı atmağa təşviq edən Qərb ölkələri də bu nəticəni almaq istəyirdilər. Təsadüfi deyil ki, həmin insidentdən sonra Avropa Birliyi öz qapılarını Türkiyəyə açdı və onu bir növ öz qoruması altına aldığını ortaya qoymuş oldu. Elə bu faktın özü insidentin arxasında duran qüvvənin kimliyindən xəbər verir.

Qərbin bu həvəsləndirmədəki məqsədi isə kifayət qədər aydındır: o, itirdiyi bazarın Türkiyənin əlinə keçməsini arzulamır, iki ölkə arasında bu cür ciddi gərginlik yaradaraq Rusiyanı zəiflətmək və öz iradəsindən asılı vəziyyətə salmağa çalışır. Və yəqin ki, şimal qonşumuz geri addım atmağa başlayan kimi, yenidən ticari və iqtisadi əlaqələr bərpa olunacaq.

Sözsüz ki, Rusiyanın Qərb boyunduruğu altına girməsi Türkiyənin nə cari, nə də perspektiv maraqlarına cavab vermir.

Dördüncüsü, Rusiyanın müəyyən güzəştlərindən sonra Qərbin Türkiyəyə verilmiş qoruma təminatına nə qədər əməl edib-etməyəcəyi də qeyri-müəyyəndir. ABŞ Dövlət katibi Con Kerrinin Moskvaya səfərindən sonra Rusiya prezidentinin Türkiyəyə qarşı ifadələrini kəskinləşdirməsi, hətta təhqirə varmaqdan çəkinməməsi də bu mənada təsadüfi deyil. O da təsadüfi deyil ki, məhz bu görüş ərəfəsində ABŞ Şimali İraqa girən türk ordu birliklərinin geri qayıtmasının vacibliyindən danışmağa başladı. Vaşinqton həmçinin yeniləriylə əvəz edəcəyi bəhanəsiylə İncirlik hərbi hava limanındakı təyyarələrini geri çəkdi. Bütün bu yaşananlardan belə görünür ki, ABŞ Rusiyanın müəyyən tələblərini qəbul edib və müttəfiqinə daha ehtiyatlı olmağı məsləhət bilir. Bu, Türkiyəyə lazım idimi?

Beşincisi, istənilən çöküş mərhələsini yaşayan böyük dövlətləri bu labüd taledən sığortalayan və ya mütləq sonu gecikdirən başlıca amillərdən biri ictimai rəyə təlqin olunan müharibə təhlükəsidir. Əksər hallarda nəhəng güclər öz ölkələrindəki milli həmrəyliyi qorumaq üçün belə bir savaşa ehtiyac hiss edirlər. Vətəndaşları rəsmi ideologiya ətrafında birləşdirmək, hakim zümrənin nüfuzunu artırmaq üçün hətta zəif düşməndən böyük “xoxanlar” düzəldilir. Bəzən öz ayağıyla yem olmağa gələn asan “tikələr” qəhətə çevriləndə böyük savaşlara girmək belə, qaçılmaz olur.

Nə yazıq ki, Ərdoğan hakimiyyəti getdikcə laxlayan Putin rejiminə bu gözəl bəhanəni verdi. Rusiyanın tədrici metodlarla apardığı “türk düşmənçiliyi” siyasəti Kremlin yeni diktatorunun ictimai rəydə daha da möhkəmlənməsinə şərait yaratdı. Putin əsl düşməni ABŞ-la böyük konfliktə girmədən rus xalqının bütün nifrətini Ankaraya yönəltməklə xeyli nüfuz qazana biləcək. üstəlik, Ankaranı rahatlıqla ABŞ-ın bir parçası kimi göstərmək, ona vurulan zərbənin dünyanın super gücünə meydan oxumaq kimi təqdim etmək də mümkündür.

Altıncısı, hər hansı hesablaşma məkan baxımından da düzgün seçilməlidir. Ağıllı dövlətlər ağır və dağıdıcı silahların həlledici rola sahib olduğu müasir savaşların poliqonunu öz dövlət və təbii sərhədlərindən xeyli uzaqlara salır, həmin hesablaşmalardan dövlət olaraq özlərinin mümkün olduğu qədər az təsirlənməsinə çalışırlar.

Əslində Ukraynada Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyən Qərb dünyasının Moskvanı Suriyanın Türkiyə sərhədlərində tələyə salmasının da əsas səbəbi bununla bağlıdır. Türkiyəni Rusiya ilə qarşıdurmaya həvəsləndirən Avropa İttifaqı və ABŞ-ın Ukraynada niyə rus ordusunun qarşısına çıxmadığını rəsmi Ankara düşünməliydi. Müttəfiqlərinə “elə igidsinizsə, siz də Ukraynadan ikinci cəbhəni açın” demədən bu riskli addımı atmaq heç də yaxşı düşünülmüş hərəkət təsiri bağışlamır.

Hətta bir çoxlarımızın qətiyyən bəyənmədiyimiz İran, Livan Hizbullahı belə, Qərb dünyasına verəcəyi hesabı öz sərhədlərindən uzaqda – Suriyada, özü də Türkiyənin sərhədlərində ödəməyə çalışır. Və öz niyyətlərini gizlətməyə belə, ehtiyac duymurlar. Rəsmi Ankaranın hətta Hizbullah kimi heç bir dövlət şüuruna sahib olmayan təşkilat qədər rasionallıqdan uzaq hərəkəti şəxsən bu yazının müəllifi üçün anlaşılmış deyil.

Bütün bu söylənənlər Türkiyənin rus təyyarəsini vurmasının hətta tarixi hesablaşmaq baxımından belə həm məkan, həm də zaman etibarilə uğurlu seçim olmadığını göstərir.

Heydər Oğuz

Strateq.az