Rusiya ilə Türkiyə arasında indiki düşmənlik alovunun xeyli nəticələri olacaq. Onlardan iqtisadiyyat sahəsinə aid olan biri təkcə ikitərəfli münasibətlərdə əksini tapmır. Rusiya təbii qazının əvvəlcə Türkiyəyə, sonra Avropaya tədarükü layihəsi hərəkətsiz qalıb. “Türk axını” adlanan bu layihədə çoxlu problem var, lakin hər halda istənilən alternativdən daha çox gerçəklşdirilməyə yaxın idi. çoxlu suallar qalmaqdadır. Rusiyanın tədarükü olmasa, Türkiyə yetərincə enerji resursları əldə edə bilərmi? Və daha önəmli məqam: Türkiyə ilə ikitərəfli münasibətlərindən istifadəyə qadir hansısa başqa bir tərəfdaş varmı ki, bu münasibətlərin əsasında Türkiyədən Avropaya qaz tədarükünə başlasın və beləliklə, Rusiyanı Avropa istehlakçıları üçün aparıcı tədarükçü statusundan məhrum edib kənara itələsin?
Son illərdə Türkiyədə qaz istehlakı 2014-cü ildə 48 milyard kubmetr təşkil etməklə davamlı şəkildə artır. Türkiyə özünün bütün tələbatını, demək olar, əsasən Rusiyadan (2012-cü ildə 57%) idxal yolu ilə ödəyir. Qaz və enerji istehlakının artımı artıq bir neçə on ildir ki, türk iqtisadiyyatının sabit və önəmli yüksəlişi ilə müşayiət olunur. Güman etməyə əsas yoxdur ki, bu müsbət tendensiya tezliklə dayanacaq. Lakin eyni zamanda ABŞ energetik informasiya İdarəsinin qeyd etdiyi kimi, “tələbatın sürətlə artmsı üzündən Tükiyədə illik qaz istehlakı ölkənin idxalat infrastrukturunda illik tutuma yaxınlaşır (boru kəmərləri və Sıxılmış Təbii Qazın (STQ) gücü nəzərdə tutulur)”.
Buna görə təəccüblü deyil ki, Moskva və Ankara “Türk axını” üzrə danışıqlara başladı. Bu, Türkiyə üçün yaxşı tanış tərəfdaşla əməkdaşlığın davamı idi. Rusiya üçün “Güney axını”nın sonundan sonra “B” planı idi. “Türk axını” Türkiyəyə ixracatı artırmaq və Rusiya qazının Türkiyə-Yunanıstan sərhədinə, yəni birbaşa Avropa Birliyinin astanasına tədarük üçün gücü çoxaldan yeni boru kəməri olmalıydı. Son məqam xüsusən mühümdür: Rusiya Brüsseli bunda ittiham edirdi ki, Bolqarıstanı “Güney axını”nın inşasını dayandırmağa məcbur etdi. Türkiyə AB-nin üzvü olmadığından səsvermə hüququ olmayan Brüssel “Türk axını” layihəsinə heç cür təsir edə bilməz. Qaz kəməri çəkildikdən sonra avropalı istehlakçıların özü qət etməliydi ki, AB sərhədində “Türk axını”ndan Rusiya qazı almaq istəyirlərmi?
İndi bütün durumu yenidən nəzərdən keçirtmək lazım gəlir. Birinci sual: Türkiyənin qaz alternativləri hansılardır? Güman və ehtimallar getdikcə çoxalır: hətta qazın İsraildən Türkiyəyə, sonra isə Avropaya gedəcəyi haqda nəzəriyyə yaranıb, lakin türk rəsmiləri bunu hər vəchlə inkar edirlər. Daha hansı ölkələr Türkiyəyə qaz tədarük etməyə hazırdır? Ankara ilə qarşılıqlı siyasi anlaşmanın olduğu nəzərə alınsa, bununla Səudiyyə Ərəbistanı və Qətər maraqlana bilər. Lakin Suriya və İraqdakı müharibə qaz kəmərinin salınmasını qeyri-real edir, STQ-ın tədarükü isə həmişə mürəkkəb və müstəsna dərəcədə bahadır.
Növbəti variant İrandır. Burada ikitərəfli münasibətlər mürəkkəbdir və bu, yumşaq sözdür. Lakin İran Türkiyənin qonşusudur və dünyanın ikinci qaz ehtiyatı ondadır. Bundan başqa, artıq bu ölkədən sanksiyaların götürülməsi prosesi işə düşüb. Tehranla Ankara arasında hansı inciklik və narazılıq olur-olsun, AB və onun əsas üzvləri İranla münasibətləri yaxşılaşdırmaq istəyir. Avropalılar bununla bağlı olaraq Tükiyəni İranın qaz sərvəti ilə avropalı istehlakçılar arasında körpü olmağa çağıra bilərlər. Xüsusən də İran Avropanın Rusiya qazından asılılığını necə azalda biləcəyi haqda artıq on il çəkən mübahisələri nəzərə alsaq, bu, tamamilə həqiqətə uyğundur. Lakin bu, baş verməzdən öncə xeyli maneəni dəf etmək lazım gləcək. Bu isə İran qazının Avropaya və ya heç olmasa, qonşu Türkiyəyə tədarükü üçün yeni boru kəmərlərinin olmaması (hələ STQ infrastrukturunu demirik) və İranın qaz sənayesinin bu nəhəng vəzifəni həll etmək durumunda olub-olmadığıdır. Ehtimal ki, davamlı sanksiyalardan sonra İranın qaz sənayesi heç də ən müasir və effektli deyil. Hələ İrandan neft və qaz tədarükü perspektivinin dəyərləndirilməsi zamanı yadda saxlamaq lazımdır ki, ölkənin energetika sektoru İran dövlətinin xarakterinə çox güclü şəkildə təsir edir.
Bu planda Oksford energetik araşdırmalar institutunun (Oxford Institute for Energy Studies) 2013-cü ildə dərc etdiyi analiz diqqətə layiqdir. Analizdə İranın iri qaz ixracatçsı ola bilməyəcəyinin təməl səbəbləri sadalanır: “Sanksiyalar bu müəmmaya yəqin cavab kimi görünə bilsə də, 2010-cu ilədək vaxtın böyük hissəsində olduqca cüzi təsir göstərib. Avropa şirkətləri İranın qaz sektoru ilə uzun illər fəal əməkdaşlıq edib”.
Beləliklə, yazının başlıca qənaəti bundan ibarətdir ki, İranın böyük qaz ixracatçısı ola bilmədiyinin səbəbini anlamaq üçün daxili amillər son dərəcə önəmlidir.
Araşdırmanın müəllifi David Ramin Cəlilvənd sıradakı amilləri sadalayır: dağınıqlıq və siyasiləşmə, subsidiyalar, İranın qaz sənayesi və siyasətində xarici kapitaldan imtina, həmçinin müəssisələrarası münaqişələr.
Şübhə yoxdur ki, bütün bu problemlər həll ediləndir, İran nefti və qazının dünya bazarına gəlişi isə kürəsəl energetik təhlükəsizliyi möhkəmləndirəcək. Lakin indiki anda iddia edə bilmərik ki, İran qazı Türkiyənin asanlıqla və sürətlə artan tələbatını ödəyəcək, sonra isə Avropa bazarlarına yol açacaq.
Yerdə qalan yeganə ölkə Azərbaycandır. O, Türkiyə ilə qonşudur, aralarında yaxşı münasibət biçimlənib və Azərbaycan qazını Avropaya tədarük etmək üçün planlaşdırılan Transanadolu (TANAP) qaz kəmərini birgə inşa edirlər. Buna görə də Moskva ilə Ankara arasında böhran başlayanda Azərbycanla Türkiyə bildirdi ki, TANAP-ın inşası sürətləndiriləcək. Əvvəlcə onun inşasının başa çatması 2018-ci ilə planlaşdırılmışdı. Lakin başa çatmağın yeni tarixi hələlik elan edilməyib və bu kəmərin zaman keçdikcə Avropanın qaz bazarlarında Rusiyanın iştirakına güclü zərbə vuracağı ehtimal edilsə, onu baş tutmuş fakt saymaq çox böyük nikbinlik olardı.
Burada xeyli suallar var. Azərbaycan ixracat üzrə vədini yerinə yetirə biləcəkmi? Bilirik ki, TANAP üçün qazın başlıca qaynağı nəhəng Şahdəniz yatağı olmalıdır və Azərbaycan qazı üçün digər (Transadriatik) boru kəməri bu il AB-nin üçüncü energetik zərfindən indulgensiya alıb. Bu, TANAP borusunu doldurmalı olan Şahdənizin ikinci növbəsindən Avropaya qaz tədarükü gecikdiyinə görə baş verdi. Bizə həmçinin məlumdur ki, keçən onillikdə geopolitik prioritetlər dəyişilərkən Gürcüstan Rusiya qazından Azərbaycanınkına keçdi. Lakin təzəlikcə məlumat gəlib ki, Tiflis və bu gün Gürcüstan idxalatının 8%-
ni təmin edən “Qazprom” Rusiyadan tədarükün çoxaldılması haqda danışıqlara başlaya bilər. Gürcüstanın energeika naziri sonra qeyd edib ki, Azərbaycan Şahdənizdən tədarükü artırmasa, ölkəsi “Qazprom”dan qaz almalı olacaq.
Bakının bu yatağı mənimsəmək planını yerinə yetirə biləcəyi haqda ciddi şübhələr varmı? Neft qymətlərinin düşməyi hansısa rol oynayacaqmı? Axı Azərbaycanın milli neft şirkəti – ARDNŞ – Şahdənizin işlənməyini neft satışından gəlirlə maliyyələşdirir. ARDNŞ-nin gəlirlərinin 60%-ni verən “Günəşli” yatağında bu günlərdə baş vermiş yanğının nəticələri nə dərəcədə neqativ olacaq?
Azərbaycan qazının Türkiyə və Avropaya ixracatının mümküm artımı haqda diskussiyalara başlayana qədər bu suallara cavab tapmaq lazımdır. Siyasət də mühüm amildir: Azərbaycanın Avropada qaz üzrə Rusiyanın ciddi rəqibi ola biləcəyi haqda 20 ildən artıq söhbətlər getsə də, Moskva ilə Bakı arasındakı münasibətlər yetərincə dostcasına olaraq qalmaqdadır. Azərbaycan rəhbərləri Rusiya ilə rəqabətin güclənməsi mövzusunda olduqca ehtiyatla danışırlar.
Kimsə deyə bilər ki, dondurulmuş Qarabağ münaqişəsi Bakıya təsir üçün Moskvaya əlavə rıçaqlar verir. Lakin ARDNŞ-nin potensial çətinlikləri nəzərə alınsa, sual etməyimiz lazımdır ki, Rusiya qazının tədarükü haqda “Qazprom”un təkliflərinə ARDNŞ-in razılaşmağının vaxtı deyilmi? Bu, baş versə, Rusiya qazı TANAP-ın boru kəmərində görünə bilərmi? Yoxsa Rusiya qazı istehlakçıların daxili tələbatına, Azərbaycan qazı isə ixracata gedəcək? İstənilən halda Rusiyadan əlavə ixracatsız Türkiyənin qaza olan tələbatı ödəmək cəhdi bahalı olacaq və çox böyük səylər tələb edir. Ankaranın hansı seçimi edəcəyini və bunun Rusiya qazının Avropa bazarlarındakı mövqeyinə təsir edib-etməyəcəyini tezliklə görəcəyik.
Nikolay Paxomov
The National Interest (ABŞ), 21.12.2015