XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 13:55

Defoltun astanasında: Hakimiyyət ölkəni iflasdan necə qurtaracaq?

defolt-1.jpg

İkinci devalvasiya cəmiyyətdə şok effekti yaratdı. Halbuki milli valyutanın məzənnəsinin birdən-birə 55% aşağı düşməsi gözlənilməz deyildi.

ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil edən neftin dünya bazarında qiymətlərinin enməsiylə bu gün baş verənlərin yolu açılmışdı. İxracat gəlirlərimizin 3 dəfədən artıq azalması istər-istəməz idxalatımızda da ayağımızı yorğanımıza görə uzatmağı tələb edirdi. Hökumət yaranmış bu natarazlığı bir müddət ehtiyat fondlarından maliyyə transferiylə kompensasiya etməyə çalışsa da, bunun nəticə verməyəcəyi, uzağı, qısa müddətdən sonra tükənəcəyimiz və defolt vəziyyətinə düşəcəyimiz əvvəlcədən bəlli idi. Nəhayət, bunu hakimiyyət də anladı və əvvəldən atmalı olduğu addımı bu gün atmaq məcburiyyətində qaldı.

İkinci devalvasiyaya məcburən gedildiyini təsdiqləyən əsas dəlillərdən biri hökumətin həyata keçirmək istədiyi, fəqət uğursuzluqla nəticələnən məzənnəni sabit saxlamaq siyasətidir. Xatırlayırsınızsa, bir müddət əvvəl ölkə mətbuatında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarını bu məqsəd üçün yönəltdiyi və 8 gündə 748 milyon dolların əriyib yoxa çıxdığı bildirilirdi. Məlum ərimə hadisəsindən sonra bank ehtiyatları 6.2 milyard dollardan 5.5 milyarda düşmüşdü. Ekspertlər hakimiyyətin bu cür əməliyyatlarda son bir ildə nə az, nə çox, düz 10 milyard dollar “əritdiyini” təxmin edirlər. “Əridilən” məbləğin hazırkı ehtiyat fondundan, təxminən, 2 dəfə çox olduğunu və neftin qiymətinin getdikcə daha çox endiyini nəzərə alsaq, ümidini “qara qızıl”a bağlayan Mərkəzi Bankın (MB) bir neçə aya, hətta həftəyə tamamilə müflis olacağı qaçınılmaz idi. Görünür, hakimiyyət də bunu anladığından manatın başını buraxmalı oldu.

Manatın başının buraxılması, daha elmi dillə desək, “üzən məzənnə” siyasəti isə bundan sonra daha dəhşətli inflyasiya və devalvasiyaların yaşanmasına yol aça bilər. MB-nin son devalvasiya qərarını əsaslandırarkən dilə gətirdiyi arqumentlər də bu ehtimalı qüvvətləndirir. Sözügedən açıqlamada son devalvasiyanın əsas səbəbi bu cür izah edilir: “Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır. Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir”.

MB-nin açıqlamasından da aydın görünür ki, adına “üzən məzənnə” dedikləri devalvasiyanın başlıca səbəbi neftin qiymətlərinin azalmasıyla bağlıdır. Qiymətlər isə 2014-cü ildən bu yana 3 dəfə azalıb. Fəqət son devalvasiya ilə manatın dəyəri cəmi 100% düşüb. Belə çıxır ki, bizi hələ ən azı 200% devalvasiya da gözləyir. Yəni bu minvalla, 1 dolların 5 manat civarlarına qədər enməsi ehtimalı var.

Bu cür kritik durumda Azərbaycan hakimiyyətinin qarşısında yeganə yol qalır: indiyə qədər yürütdüyü siyasətdən imtina etmək və qeyri-neft sektorunun inkişafına təkan vermək.

Nə yazıq ki, bu siyasəti həyata keçirmək dillə ifadə etmək qədər asan deyil. Hakimiyyətin siyasi xarakteri, korrupsioner mahiyyəti ölkə iqtisadiyyatını hazırkı acınacaqlı duruma düşməsinin başlıca səbəbidir və bunu təcili dəyişdirmək mümkün deyil.

Əvvəla, ona görə ki, iqtidarı formalaşdıran kadrlar yeni dövrün tələbləriylə işləmək qabiliyyətində deyillər. Onlar bir imza ataraq milyonlarla pul mənimsəməyə adətkərdə olublar və ölkədə hansısa iş adamının iqtisadi baxımdan özlərini keçməsini əsla arzulamırlar. Yalnız özlərinin həmin bəxtəvərlərdən olmaq ehtirası isə istər-istəməz monopoliyaların yaranmasına gətirib çıxarır.

Monopoliyalar tüğyan etdiyi yerdə azad rəqabət, rəqabətin azad olmadığı yerdə isə qeyri-neft sektoru, sağlam iqtisadiyyat yaratmaq mümkün deyil.

İkinci, ona görə ki, qeyri-neft sektorunu tez bir zamanda yaratmağın özü belə imkan xaricindədir. İstənilən iqtisadi sahənin inkişafı, formalaşması üçün uzun müddət tər tökülməli, bazarlar qazanılmalıdır. Təəssüf ki, Azərbaycanda indiyə qədər aparılan siyasət isə inzibati üsullara əsaslanıb, bəzi oliqarx-nazirlərə aid təsərrüfat subyektləri belə ciddi potensiallarına baxmayaraq, azad rəqabətlə çalışmaq vərdişinə yiyələnməyiblər. Gömrüklərdə yaradılan maneələrin hesabına daxili bazara zorakı üsullarla mal satmaları onlarda rəqabətə söykənən işgüzarlıq şüurunun yaranmasının qarşısını alıb. Bu isə nəticə etibarilə hətta yerli bazarda belə öz sənayemizin istehsalına etimadı zədələyib. Bundan sonra bu etimadı bərpa etmək fantastik nağıla bənzəyir.

üçüncü, ona görə ki, hakimiyyət monopoliyaları ləğv etsə belə, Azərbaycandan qaçan iş adamlarını geri qaytarması asan olmayacaq. Bir zamanlar bu ölkəyə investisiya yatıranların başına gətirilən müsibətlər xatırlanacaq, monopolistlərin çətin vəziyyətdən qurtulan kimi yeni iş adamlarını həzmi-rabedən keçirəcəklərindən ehtiyatlanılacaq. Belə bir qorxunc ehtimalın heç bir zaman istisna olunmadığı dövlətlərə isə heç kim investisiya qoymaz.

Hakimiyyət qeyri-neft sektoruna keçməmişdən əvvəl bu cür iqtisadi cinayətlərə bulaşan məmurlarını mütləq cəzalandırmalı, onların mülkiyyətlərini müsadirə edib ölkədən qaçırdıqları iş adamlarının zərərlərini kompensasiya etməlidir. Əks halda ölkə iqtisadiyyatının iflasının qarşısını almaq qeyri-mümkündür.

 

Heydər Oğuz

Strateq.az