XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 14:30

Bəşər Əsəddən sərt ittihamlar: “Avropa, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Suriyanı terrorizm ocağına çevirib” – MÜSAHİBƏ

asad-11.jpg

Qərb dünyasının israrla hakimiyyətdən getməsinə çalışdığı Suriya prezidenti Bəşər Əsəd Avstriya mətbuatına maraqlı müsahibə verib. “Die Presse”ə müsahibəsində Surya prezidenti müxalifətə qarşı sərt hərəkətinə haqq qazandıraraq, yalnız Suriya xalqının istəyəcəyi halda istefaya getməyə hazır olduğunu deyib. Əsəd proqnozlaşdırır ki, müharibə hələ davam edəcək.

Strateq.az Suriya prezidentinin müsahibəsini müəyyən ixtisarlarla oxucularına təqdim edir:  

– Artıq dörd ildir iki, vətəndaş müharibəsi davam edir. Suriyadan nə qalıb?

İnfrastrukturdan danışırsınızsa, çox şey dağılıb. Lakin insanlardan söhbət açmaq, xalqdan nə qaldığı haqda danışmaq lazımdır – bax, məsələ bundadır. Xalqın bu qaranlıq, müxtəlif ölkələrdən gəlmiş terrorçuların yaydığı ideologiyaya qarşı necə dura bildiyindən. Mən hesab edirəm ki, siyasi görüşündən asılı olmayaq, əksəriyyət indi öz hökumətini dəstəkləyir. Suriyanın birliyini və bununla da müxtəlif təbəqələrdən ibarət birləşmiş cəmiyyəti dəstəkləyir.

– Hər gün atışmalar haqda eşidirik. Hətta burada, Dəməşqdə – birbaşa Sizin yaxınlığınızda. Deyirsiniz ki, birlik hökm sürür, adamlar hökumətə inanır. Doğrudanmı, buna əminsiniz?

– Düzünü desək, indi buna heç vaxt olmadığı qədər əminəm. İndi hökumətin nəzarəti altında olan bölgələrə yollansanız, Suriya cəmiyyətinin ən müxtəlif təmsilçilərini görə bilərsiniz. Terrorçuların nəzarət etdiyi ərazilərə getsəniz, ya bütün Suriya spektrinin bir hissəsini, ya da orada dinc sakinlərin olmadığını, ya da ancaq yaraqlıları görərəsiniz. Fərq göz qabağındadır.

– Hazırda hər gün 4000-ə yaxın suriyalı ölkəni tərk edir. Qaçqınların ümumi sayı 4,3 milyon təşkil edir. Yəqin ki, onların nə üçün qaçdığını aydınlaşdıran əhvalatlardan bəzilərini eşidibsiniz. Bunları eşidərkən nə hiss edirsiniz?

– Bunlar kədərli əhvalatlardır. Bu məqamda nə etmək olar? Onlar terrorçu hücumlarından və Qərbin sanksiyalarına görə qaçıblar. Hesab edirəm ki, bu insanların əksəriyyəti hələ də sevdikləri vətənə qayıtmağa hazırdır.

– Biz Qərbdə suriyalıların başına gələnləri eşidərkən onlar işgəncələrdən və ordunun çıxdığı əməllərdən danışırlar. Onlar bu səbəbdən Suryanı tərk edirlər. Məgər bu əhvalatlar yalandır?

– Nəyin düz, nəyin yalan olduğunu faktlar göstərir. Adamlara işgəncə verəndə, öldürəndə və s. ictimai dəstəksiz necə müqavimət göstərmək olar? özü də beş il boyunca. Qərb hökumətləri, dünyanın Fars körfəzindəki ən varlı ölkələri bizdən düşmən obrazı düzəldir. Qonşumuz Türkiyə isə bir prezident kimi mənə və hökumətimizə qarşı köklənib. Ətraflı dəstəksiz heç nə alınmaz. öz adamlarına işgəncə verirsənsə, bu dəstəyi necə əldə edəcəksən?

– Beynəlxalq Human Rights Watch təşkilatı, əvvəllər isə BMT “ölüm və həlak”dan danışan hesabatlar dərc edib. Məgər bunda zərrə qədər həqiqət payı yoxdur?

– Bu cür məruzələri yoxlayanda anlaya bilərsiniz ki, o, siyasiləşdirilib və birtərəfli mövqeyi ifadə edir. Əvvəlcə gülləborandan danışdınız. O, praktik olaraq, hər gün baş verir. Xeyli dinc sakini, günahsız insanları öldürürlər. Bu məruzələrdə bundan yazırlar? İnternetdə terrorçuların yayımladığı çoxlu sübutlar var. Bunlar fotoşəkillər, işgəncələr, qətllər və boyunvurmalar  haqda videolardır. Bunlar xatırladılır?

– Demək istəyirsiniz ki, hər şeyə ancaq birtərəfli şəkildə yanaşılır? Hətta BMT də?

– Əlbəttə, şübhəsiz, hər şey siyasiləşdirilib. Hətta ABŞ-ın nəzarətindəki  BMT də. ABŞ isə Suriyaya qarşıdır. Araşdırma aparmaq istəyən, Suriyaya gəlsin!

– Lakin Suriyada müstəqil araşdırma aparmaq çətindir.

– Xeyr, çətin deyil. Siz ki buradasınız, yəni eyni şeyi hər kəs edə bilər.

– Qərb ölkələri İŞİD-ə qarşı vuruşur. Siz eyni və bir düşmənə qarşı mübarizə aparırsınız. Bu ölkələrə müttəfiq kimi baxa bilərdinizmi?

– Hər şey əsil niyyətlərdən asılıdır. Terrorçularla mübarizə adı altında nə nəzərdə tutulur? Onlar ancaq İŞİD-ə görə hərəkət edir? Qorxurlar ki, İŞİD-in təsiri bölgəyə yayılar? Onların fəaliyyəti vahimə ilə bağlıdırsa, onda biz müttəfiq deyilik. Biz lap əvvəldən terrorizmlə mübarizə aparırıq. “Cəbhət ən-Nusra”, “əl-Qaidə” və xeyli başqa terrorçular var idi. Lakin Qərb mübarizə aparmırdı. Bilirsiniz, terrorizmlə mübarizə sabit, daimi prinsip olmalıdır. Qərblə bu yolda müttəfiq ola bilərik. Terrorizmə münasibətdə Qərb siyasəti obyektiv, realist deyil və indiki anda çox da səmərəli deyil. Əksinə, əks-səmərəlidr.

– Antiişid koalisiyasının aviahücum strategiyası işə yaramır?

– Xeyr, bu strategiya işə yaramır. Yerüstü qoşunsuz terrorizmlə mübarizə aparmaq olmaz. Bu terrorçulara qarşı müharibənin söykəndiyi gerçək sosial mövqe lazımdır.

– Qərb koalisiyası iddia edir ki, Suriyada sabit sülh ancaq Sizsiz mümkündür. Ola bilsin, hansısa keçid dövrü nəzərdə tutulur, lakin nəticədə istənilən halda Siz getməlisiniz. Buna nə deyirsiniz?

– Əlbəttə, bunu qəbul etmirik. Biz – suveren ölkəyik. Yaxşı, ya pis prezident avropalıların deyil, ancaq suryalıların işidir. Buna görə də buna getməyəcəyik. Bu haqda düşüncələrə vaxt itirməyəcəyik. Kimin gedəcəyini, kimin qalacağını Suriya xalqı həll edəcək. Xalq daha məni görmək istəmirsə, dərhal gedəcəyəm.

– Avropadan Suriyaya cihadçı olmaq istəyən yüzlərlə adam gəlir. Onlar bunu niyə edir, burada nə axtarırlar?

– Ən önəmli sual – Avropada bu adamlar haradan peyda olur? Bura gəlmək məntiqidir. Avropa, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Suriyanı terrorizm ocağına çevirib. Hərc-mərclik hökm sürür, bu isə bütün dünyadan terrorçuları cəzb edən terrorizim üçün məhsuldar zəmindir. Lakin əsas məsələ bundan ibarətdir ki, bu insanlar niyə Avropada peyda olublar? Orada terrorizmlə perspektivsiz şəkildə davranıblar.

– Sizcə, Avropa nəyi o cür etməyib?

– Birincisi, Avropa hökumətləri bu adamları cəmiyyətə int
eqrasiya etmək üçün vaxtı əldən buraxıb. Onlar gettodakı kimi yaşayırdılar, gettoda yaşayanda isə ekstremist olursan. İkincisi, avropalıların əksəriyyəti öz dəyərlərini neft dollarına satdı. Səudiyyə Ərəbistanının vəhhabi qurumlarına yol verdilər ki, qaranlıq, ekstremist ideologiyalarını Avropaya gətirsin, buna görə də indi oradan bizə terrorçular ixrac edirlər. Biz ixrac etmirik, Suriyaya hamının özü gəlir, sonra isə Avropaya qayıdırlar. Parisdə terakt keçirdən həmin üç terrorçu Suriyada deyil, Avropada yaşayırdı.

– Türkiyənin rolunu necə görürsünüz? Qonşunuz açar rolunu oynayır?

– Əlbəttə, o, əsas oyunçudur və əlbəttə, öz pulu və ideologiyası ilə Səudiyyə Ərəbistanı.

– Suryada müxalifət partiyaları nə dərəcədə azaddır? Siyasətçilər sizin ünvanınıza tənqiddə nə qədər azaddırlar?

– Gəlin, obyektiv olaq. Biz Avropada deyilik. Bu, təkcə siyasi məsələ deyil, söhbət mədəniyyətin yönlərindən gedir. Biz Suriyada böyük demokratiyaya gedən yoldayıq. Bu, ləng, lakin sabit yoldur.

– Demək olar ki, dörd il əvvəl böyük demokraiyaya doğru addım atılmışdı. İnsanlar ayağa qalxmışdılar, lakin amansız şəkildə əzildilər.

– Nə qədəri ayağa qalxmışdı? Sizdə rəqəmlər var? Böhranın əvvəlində Suriyada bir gündə nümayişlərə çıxmış ən çox sayda adam 130 min idi. Yaxşı bunu iki dəfə çoxaldaq -300 min, bunu da iki dəfə çoxaldaq – 600 min. Lakin bütün bunlar Suryanın 24 milyon əhalisi ilə müqayisədə hələ heç nədir. Nümayişçilər birinci həftədə xeyli sayda polis öldürdülər. Bu adamlar kim idilər? Əvvəldən avtomatı olan dinc nümayişçilər? Vur-tut bunlar baş verdi. Lakin yenə də seçkilərdən sonra prezident Konstitusiyaya uyğun olaraq, gedəcək. Bu, prezidentin hakimiyyətə də gəldiyi yoldur. O, ictimai rəyi əks etdirir.

– 2011-ci ilə qayıdılsaydı, nəyi baqşa cür edərdiniz?

– Siyasətimizin əsaslandığı iki sütun var: dialoq və terrorizmlə mübarizə. Bu gün hər iki aspekti inkişaf etdiririk. Terrorizmlə mübarizə aparır və bütün tərəflərlə dialoqu inkişaf etdirməyə çalışırıq.

– Bu gün də üsyanın baş verdiyi 2011-ci ildəki kimi reaksiya verərdiniz?

– Əgər yenə də həmin şeylər baş versəydi və adamlar polisləri öldürməyə başlasaydılar, biz əks-tədbirlər görməyə başlardıq.

– Vətəndaş müharibəsi başlayandan dörd il sonra ölkənin böyük hissəsi müxtəlif üsyançı qruplaşmaların əlindədir. Hər iki tərəfdə hər gün günahsız sakinlər həlak olur. İnsanlar olmazın əzablar çəkirlər. Siz prezident kimi bu insanların müdafiəsinə görə məsuliyyət daşıyırsınız. özünüzə sual edirsiniz ki, bu adamlar üçün yetərincə nəsə edə bilirsinizmi?

– özüm özümü mühakimə edə bilmərəm. özümdən danışsam, obyektiv ola bilmərəm. Kifayət qədər və ya olduqca az iş görüb-görmədiyimi Suriya xalqı deməlidir. Xeyli adam var ki, prezidentin terrorçulara qarşı kifayət qədər sərt davranmadığını iddia edir. Bu, Qərb KİV-nin çap etdiklərinə ziddir.

– Hər gün güzgüdə özünüzə baxıb “bəli, mən kifayət qədər etdim” deyə bilərsiniz?

– Əlbəttə, güzgüdə özümə hər gün baxa bilərəm. Lakin hər səhər eyni cür yox. Bəzən qərarı bir, iki, üç və ya dörd perspektivdən dəyərləndirirsən.  Biz son dərəcə sürətlə dəyişən durumda yaşayırıq. Düşüncələr və əhvallar gündən-günə dəyişilə bilir. Bu, yalnız böhran başa çatanda dayanacaq.

– Bu daha nə qədər davam edəcək?

– Məsul ölkələr terrorçuların axışıb gəlməsinə qarşı ciddi addımlar atan kimi, mən zəmanət verə bilərəm ki, hər şey bir ildən də tez qurtarar. Terrorçular Suriyada hələ sabit sosial zəmin tapmayıblar. Buna görə də onlar bizə hələlik hədsiz problem yarada bilmirlər. Problem bundan ibarətdir ki, terrorçulara dəstəyi davam etdirirlər. Bu cür ümumi durum daha hərc-mərclik olur və böhran uzanır. Cəlb olunmuş ölkələr bunu “siyasi həll” adlandırırlar. Əslində, onlar hökumətin və prezidentin devrilməsini nəzərdə tuturlar. Buna görə də hər şey davam edəcək.

Tom Klayn

Die Presse (Avstriya), 22.12.2015