İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla, bu rəyi hazırlayıblar.
Strateq.az xəbər verir ki, rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.
Ekspertlərin təhlilində bir sıra maraqlı detallar diqqətimizi çəkib.
Təsdiq edilmiş proqnozlara əsasən, gələn il dövlət büdcəsində daxilolmaların yerli gəlirlərin payı çox azdır. Belə ki, daxilolmaların 94,7 faizi (yaxud 13799,6 mln.manatı) mərkəzləşdirilmiş gəlirlərin, qalan 5,3 faizi (766,3 mln.manatı) isə yerli gəlirlərin hesabına baş tutacaq.
Dövlət büdcəsi gəlirlərinin formalaşmasında qeyri-neft sahələrindən daxilolmaların xüsusi çəkisində əhəmiyyətli artım olsa da, bu, əsasən büdcə gəlirlərinin ümumi məbləğinin və büdcənin neft gəlirlərinin mütləq məbləğinin azalması ilə bağlıdır.
Qeyri-neft gəlirləri 2014-cü illə müqayisədə yalnız 8,5 % çoxdur
2016-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin 46,5% qeyri-neft sahələrindən gəlirlərin təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 12,6 faiz bəndi yüksəkdir. Lakin 2016-cı ildə büdcənin qeyri-neft sahələrindən gəlirlərinin mütləq məbləği (6776,0 mln. manat) 2014-cü ildə bu sahələrdən olan faktiki büdcə daxilolmaları məbləğindən (6243,9 mln. manat) cəmi 532,1 mln. manat (yaxud 8,5 faiz) çoxdur.
Qeyri-neft sahələrindən büdcə daxilolmalarının məbləğinin 2014-cü illə müqayisədə 8,5% artması müqabilində belə gəlirlərin ümumi büdcə gəlirlərində xüsusi çəkisinin 12,6 faiz bəndi artması əsasən 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 2014-cü ilin faktiki gəlirləri ilə müqayisədə 3834,0 mln. manat yaxud 20,8 % az proqnozlaşdırılması ilə izah olunur.
Neft gəlirlərinin azalması yetərincə nəzərə alınmayıb
Eyni zamanda neft gəlirlərinin azalmasının dövlət büdcəsinin qeyri-neft gəlirlərinin formalaşmasına təsiri 2016-cı ilin büdcə proqnozunda yetərincə nəzərə alınmayıb.
Neft gəlirlərinin azalması həm dövlət sifarişlərinin (büdcə xərcləri vasitəsiylə olan), həm də neft şirkətlərinin sifarişlərinin kəskin ixtisarı ilə nəticələnir ki, bu da belə sifarişlərlə işləyən təşkilatların gəlirlərinə, uyğun olaraq həm də onların dövlət büdcəsinə ödənişlərinə birbaşa təsir göstərir. Məsələn, 2016-cı ildə neft şirkətlərinin gəlirlərinin (mənfəətinin) kəskin azalması heç şübhəsiz onların sifarişlərinin də ixtisarına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, neft şirkətlərinin sifarişləri ilə işləyən təşkilatların gəlirləri və büdcə ödənişləri ciddi azala bilər. Amma, buna baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində HPBS üzrə subpodratçı təşkilatların mənfəət vergisi hesabına daxilolmaların məbləği (175,0 mln.manat) 2014-cü ilin müvafiq faktiki göstəricisindən 38,3 mln. manat (yaxud 28,0 %) çox proqnozlaşdırılmışdır. Yaxud başqa bir misal: 2016-cı ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşları üçün nəzərdə tutulan vəsait (3554,8 mln. manat) 2014-cü ilin dövlət büdcəsindən həmin istiqamətə xərclənmiş faktiki (6259,5 mln. manat) vəsaitdən 2704,7 mln. manat azdır. Dövlət əsaslı vəsait qoyuluşu üzrə sifarişlərin əsasən rezident müəssisələr tərəfindən həyata keçirildiyini nəzərə alsaq, onda dövlət sifarişlərinin belə kəskin azalması həm rezident müəssisələrin mənfəət vergisi üzrə ödənişlərinin, həm də ƏDV üzrə daxilolmaların azalmasına gətirib çıxarmalıdır.
Lakin 2016-cı ilin dövlət büdcəsi layihəsi ilə birgə hökumətin Milli Məclisə təqdim etdiyi nə büdcə layihəsinə dair izahatda, nə də digər sənədlərdə büdcə gəlirlərinin proqnozlaşdırılması zamanı belə təsirlərin nəzərə alınması ilə bağlı hesablamalar və ya başqa qeydlər yoxdur.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar az ola bilər
2016-cı ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 957,0 mln manat məbləğində müəyyən edilib ki, bu da 2014-cü ilin faktiki göstəricisinə nisbətən 23,3 mln manat yaxud 2,4% azdır. Azalma muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi, o cümlədən, büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə edilən gəlirləri üzrə nəzərdə tutulub. Bu da əsasən gəlir vergisi üzrə Vergi Məcəlləsində edilən dəyişikliklə izah olunur.
Amma dövlət sifarişlərinin azalması, habelə ölkədə iqtisadi fəallığın azalması üzündən iş yerlərinin gözlənilən ixtisarlarının fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə ödənişlərinin məbləğinə mümkün təsirləri nəzərə alınmayıb.
Dövlət büdcəsi gəlirlərinin 83,1 faizi 4 mənbə hesabına təmin olunur
Büdcə gəlirlərinin 41,2 %-i Dövlət Neft Fondunun, 22,9 %-i ƏDV-nin, 12,4 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin və 6,6%-i fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşür.
Qeyd edək ki, bu Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2016-cı ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.
Sənədin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.
Rəyin tam mətnini BURADAN oxuya bilərsiniz.
Strateq.az