XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 17:15

Saakaşvili Ukraynada “Antikorrupsiya maydanı” hazırlayır – Təhlil (“Alman dalğası”)

saakashvili.jpg

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gürcüstanın sabiq prezidenti Saakaşvilinin elan etdiyi antikorrupsiya planı ictimai təşkilatın fəaliyyət planından çox, prezidentliyə namizədin proqramını xatırladır.

23 dekabrda Kiyevdə keçirilən ikinci Antikorrupsiya Forumu Ukrayna siyasətində yeni lideri təqdim etdi. Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili “Təmizlənmə uğrunda” hərəkatın yaradıldığını açıqladı. Hərəkatın məqsədi kimi korrupsiyasız, biznes və xalq üçün ədalətli və şəffaf qaydaları olan yeni Ukraynanın yaradılması elan olunub.

Poroşenko üçün hökm

“Təmizlənmə uğrunda” hərəkatın yaranması antikorrupsiya siyasətində hazırkı Ukrayna hakimiyyəti və ilk növbədə prezident Poroşenkonun fəaliyyətsizliyi ilə əlaqədardır. Məhz  prezident Poroşenko iki dəfə Baş Prokuror vəzifəsinə iki yarıtmaz prokuroru – Vtaliy Yarema və Viktor Şokinin təqdimatını verib. Bu prokurorlardan heç biri korrupsiyaya qarşı qəti həmləyə cəsarət etmədilər.  

Ukraynanın antikorrupsiya qanunvericiliyi hazırda postsovet məkanında ən yaxşılardan sayılır. ölkədə Milli Antikorrupsiya Bürosu, Ukrayna Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Antikorrupsiya işləri üzrə prokuror institutları mövcuddur. Amma bu arsenalı korrupsiyaya qarşı mübarizədə istifadə etmək üçün siyasi iradə yoxdur. Hamı Ukraynanın ali siyasi rəhbərliyindən hərəkət gözləyir. Hərəkət isə yoxdur.

Saakaşvili Arseniy Yatsenyuk başda olmaqla hökumətdəki korrupsiyadan və iqtisadiyyatda oliqarx və məmurlara qazanmağa imkan verən sxemlərdən çox danışır.  Eks-prezident əmindir ki, Ukraynada oliqarxlarla mübarizə aparmaq lazımdır. Amma o, unudur ki, qeyd etdiyi sxemlərdən 1№li oliqarx olaraq qalan prezident Poroşenko və onun adamları da istifadə edir. Onun antikorrupsiya siyasətinin aparılmasında silahdaşları olmalı olanlar isə prezidentin parlament fraksiyasının üzvləridir. Saakaşvili özü də prezident komandasının üzvüdür.  

Antikorrupsiya Forumu təşkil etməklə Saakaşvili yalnız Yatsenyuk hökuməti üçün deyil, özünün də tərkibinə daxil olduğu sistemə diaqnoz qoyub.

Baş nazirlə atəş xəttində

Hazırkı etapda Saakşvilinin əsas opponenti baş nazir Yatsenyukdur. Eks-prezident onu korrupsiyaya himayəçilikdə ittiham edir. Baş nazirin komandası isə onun ittihamlarını belə  izah edir: “Odessa vilayətinin qubernatoru çoxdandır ki, Nazirlər Kabineti sədrinin kreslosuna göz dikib”.

Amma hər necə olursa-olsun, Saakşvili üçün Baş nazir vəzifəsi arzuların son həddi deyil.

Saakaşvili tərəfindən Yatsenyuk və Daxili İşlər naziri Arsen Avakovun ünvanına səslənən ittihamlar hələ ki, sənədlərlə təsdiqlənməyib. Milli Antikorrupsiya Bürosunun rəhbəri Artyom Sıtnik bildirib ki, ona bu məsələlərlə bağlı müraciət olunmayıb. Poroşenkonun hökumət üzvlərinə qarşı səslənən ittihamlara dəqiq reaksiyasının olmaması da, deməyə əsas verir ki, onun əlində Yatsenyukun mümkün korrupsiya əməlləri barədə məlumat yoxdur.

Bu onu göstərir ki, növbəti aylar ərzində biz Yatsenyuk və Saakaşvili komandaları arasında münasibətlərin daha da kəskinləşməsinin şahidi olacağıq. Nəzərə alsaq ki, Saakaşvili prezident Poroşenkonun komandasının üzvüdür, onda dövlət başçısı ilə Baş nazir komandasının rəqabətindən də danışmaq olar.

Saakaşvili qeyd edir ki, o, siyasi partiya yox, ictimai hərəkat yaradır. Bu hərəkatın başçısı kimi Odessa qubernatoru bütün ölkəni gəzməyi, şəhərlərdə Antikorrupsiya Forumu keçirməyi planlaşdırır. Amma onun bunları hansı statusda-müxalif siyasətçi, yoxsa prezident komandasının üzvü kimi etmək istədiyi aydın deyil.

Kimlərsə deyir ki, Saakaşvili bir neçə aydan sonra istefaya gedəcək. Digərləri isə hesab edir ki, Poroşenko üçün Saakaşvilinin onun yanında olması sərfəlidir. O, bununla Baş nazir Yatsenyuk və oppenentləri üçün  rəqib ortaya qoyur.

Hər necə olsa Saakaşvili təkbaşına siyasi karyeraya başlayıb. “Təmizlənmə uğrunda” hərəkatının siyasi partiyaya çevrilməsi zamanın işidir. Daha dəqiq desək, ölkədəki vəziyyətdən asılı olacaq. Əgər növbədənkənar parlament seçkiləri 2016-cı ilin payızında keçirilsə, onda şübhə etmək olmaz ki, Saakaşvili öz partiyası ilə seçkiyə qatılacaq.

Hazırda Saakaşvilinin layihəsinin ukraynalılar arasında rəğbətlə qarşılanacağı şübhə doğurmur. Onların çoxu üçün Saakaşvili uğur qazanmış islahatçıdır. Ukraynalılar öz ümidlərini ona bağlayırlar. Onlar indiki hakimiyyətdən dəyişiklik gözləməkdən yorulublar. Bu, o deməkdir ki, Baş nazir və prezidentin elektorat uğrunda mübarizədə çox ciddi rəqibi meydana çıxıb. Hərəkət edən “Antikorrupsiya maydanı” yalnız hökumət başçısı vəzifəsinə deyil, həmçinin prezident postuna namizədlik üçün də yaxşı meydandır.

Sergey  Rudenko,

Jurnalist və siyasi şərhçi. Ukrayna siyasətçiləri haqqında bir neçə kitabın müəllifidir

“Alman dalğası”nda həftəlik köşə yazarıdır

“Alman da
lğası”  Rusiya xidməti

24.12.2015