Sahibkarlar artıq gətirdikləri malları gömrük buraxılış məntəqələrində vasitəçi şirkətlər vasitəsilə rəsmiləşdirməyəcəklər.
Strateq.az bildirir ki, bu barədə Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlama verib.
“Sahibkarlara müraciət edərək tövsiyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar”– deyə o, vurğulayıb.
A.Əliyev Şirvanda olarkən bildirib ki, bu sahədə şəffaflığın tam təmin olunması, həm sahibkarlara dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq: “Bu məqsədlə müəyyən addımlar atılmağa başlanılıb. İlk növbədə tranzit daşınmalar sahəsində vacib addımlar atılıb ki, əsas hədəfimiz daşınma xərclərini maksimum dərəcədə aşağı salmaqdır”. (APA)
DGK sədri bildirib ki, bu yaxınlarda o, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə sərhəd-keçid məntəqələrində yüklərin və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi ilə bağlı həmin məntəqələrdəki vəziyyətlə tanış olub: “Orada vətəndaşlarla və sürücülərlə görüşdük. Onların verdikləri təklifləri ətraflı öyrənmək və gələcəkdə realizə etmək üçün tapşırıqlar verildi. 700-dən çox tranzit yüklü avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olub, artıq onlardan 200-dən çoxu Qazaxıstana və Qırğızıstana daxil olub. Nəqliyyat vasitələrinin limanda qalması ilə bağlı nə gömrük, nə də ki, sərhəd qoşunları ilə bağlı heç bir problemləri yoxdur”.
Komitə sədri onu da qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını vasitəçi şirkətlərlə yox, birbaşa qurmalıdır.
Bu addım son illərdə gömrük sistemində uzun illər formalaşmış “vasitəçi şirkətlər”lə bağlı problemi həll edəcək. Sahibkarlar bununla ağlagəlməz korrupsiya ilə üzləşdiklərindən şikayətlənirdilər.
Strateq.az bildirir ki, Gömrük Komitəsi sədrinin açıqlamasında “vasitəçi şirkətlər” kimi vurğuladığı firmalar əslində elə indiyədək əsas monopolist şirkətlərin broker adıyla gömrükdə fəaliyyət göstərən törəmələridir. Baxmayaraq ki, broker firmalarının yaradılmasında əsas məqsəd gömrük xidmətinin daha effektli və müasir tələblərə cavab verən şəkildə təşkili olub, ancaq sahibkarlara yaxşı məlumdur ki, məhz bu firmalar monopolistlərlə əlbir işləyərək, onların maraqlarının müdafiəçilərinə çevrilmişdilər və ciddi himayə olunduqlarından, onların fəaliyyətlərindən edilən sayısız şikayətlərə baxan yox idi.
İndi hökumət son devalvasiyanın təsirini azaltmaq üçün belə bir mühüm addım atmağa qərar veribsə, bu, həqiqətən, çox yaxşı və təqdir ediləsi addımdır.
Prosesin hüquqi tənzimləmə mexanizmləri barədəsə çalışacağıq ki, yaxın günlərdə oxuculara əlavə məlumat verək.
Strateq.az