XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 04:24

Ekspert: “Mərkəzi Bankın vəsaiti ilə dollar kreditlərini kompensasiya etmək təklifi absurddur”

azer-mehdiyev.jpg

Tanınmış iqtisadçı-ekspert  Azər Mehtiyev 21 dekabr devalvasiyasından sonra Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsaitin əhalinin dollarla götürdüyü kreditlərin bağlanması üçün kompensasiya kimi istifadə olunması təklifini tənqid edib.

Bu təklifə özünəməxsus şəkildə ironik  münasibət bildirən ekspert təklif müəlliflərini ciddi olmağa çağırıb. Feysbuk sosial şəbəkəsindəki hesabanda mövzu ilə bağlı statusunu A.Mehtiyev “İqtisadiyyatın da “şeyx Nəsrullah”ları peyda olur, deyəsən” sözləri ilə başlayıb:

“Kimsə belə bir ideya ortaya atıb ki, “manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək olar”.  Bəzilərinin düşüncə tərzi tam mexanikləşib, deyəsən, kompüter proqramı ilə işləyir. Təxminən belə bir şey: AMB-nin valyuta ehtiyatları, fərz edək ki, 6,0 milyard dollardır. Dekabrın 21-dən qabaqkı kursla bu, 6,3 milyard AZN edirdi, indiki məzənnə ilə isə 9,3 milyard AZN. Buna əsasən deyirlər ki, MB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsindən əlavə 3,0 milyard AZN vəsait yaranıb.

MB-nin valyuta ehtiyatlarını “yenidən qiymətləndirib” ortaya çıxan XƏYALİ əlavə vəsaitlə əməliyyat aparmağı təklif edən kimdir, görəsən? MB-nin valyuta ehtiyatları elə xarici valyutada saxlanır, elə buna görə valyuta ehtiyatları adlanır. 

MB-nin ehtiyatlarını Neft Fondundan dövlət büdcəsinə edilən transferlə qarışdırmayın, cənablar. Neft Fondunun ABŞ dollarında olan vəsaiti dövlət büdcəsinə transfer edilərkən yeni məzənnə hesabına əlavə vəsait yaranır. Amma MB-nin valyuta ehtiyatları ilə bağlı belə bir şey ola bilməz. Olmayan bir vəsaitlə dollar kreditinə görə əhalinin yaranan əlavə borclarını kompensasiya etmək təklifi absurddan başqa bir şey deyil. Bir az ciddi olun, cənablar!”

Xatırladaq ki, dünən Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib ki, “Azərbaycan hökumətinə bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqi Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər təqdim edilib”.

Strateq.az