İŞİD ordunun strukturlaşmasında və rəhbər qurumlarda əksər hallarda Səddam Hüseyn ordusunun keçmiş zabitlərinə güvənir. “Bəəs” partiyasının bu yetirmələri dünyəvi və millətçi baxışların tərəfində idilər. Buna görə də onların məqsədi İŞİD-in hədəflərindən köklü şəkildə fərqlənir. Buna nail olmağın yolları haqda məşhur fransız kəşfiyyatçısı Alen Rodyenin Fransa nəşrinə verdiyi müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.
– Məlum olduğu kimi, İŞİD ordusunda Səddam Hüseynin “Bəəs” partiyasının xeyli keçmiş üzvü var. Onların ideologiyası nədən ibarətdir və kimdirlər?
– “Bəəs” (Ərəb Sosalist Dirçəliş Partiyası) 1947-ci ildə Dəməşqdə yaradılıb. Məqsədi bölgənin bütün ərəb ölkələrini bir millət kimi birləşdirmək idi. O, 1963-cü ildə Suriyada hakimiyyətə gəldi, sonra dörd il kölgəyə çəkildi və 1970-ci ildən bu günədək yenidən sükan arxasındadır. Qurum İraqda 1968-ci ildə kök atdı və 2003-cü ildə Səddam Hüseynlə birlikdə yox oldu. “Bəəs” əvvəlcə ərəb sosializmi uğrunda çıxış edir və bütün dini icmaların qorunması üçün dövlət institutlarının dünyəvi xarakteri üçün təkid edirdi. Partiyanın Suriya və İraq qanadları arasında vaxt keçdkcə fikir ayrılıqları çoxaldı və yolları qəti şəkildə ayrıldı. Xatırladığınız kimi, Fars körfəzndə I savaş zamanı Suriya İraqa qarşı çıxdı və ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə və s. birləşdirən koalisiyaya qoşuldu. Hafiz Əsəd o zaman indi oğlunun məruz qaldığı qədər tənqid axınının obyekti deyildi. Hərçənd onun vicdanında xeyli cinayət var idi – o cümlədən “Müsəlman qardaşlar”a qarşı.
– “Bəəs”-in ideologiyası millətçi və dünyəvi xarakter daşısa da, bu adamlar İŞİD-ə niyə qoşulublar?
– İraq 1991-ci idə beynəlxalq sanksiyaların ağırlığına məruz qalarkən, heç kim bu fakta özəl diqqət yetirmədi ki, Səddam Hüseyn rejimi dəyişilməyə başladı. Dünyəvi rejimdən tədricən dini rejimə çevrildi. Sarayların inşası məscidlərin, o cümlədən dünyada ən böyük Bağdad məscidinin tikintisi ilə əvəzləndi. Milli bayraqda “Allahu əkbər” sözü peyda oldu. İctimai yerlərdə və restoranlarda spirtli içkilər yasaqlandı. Əlbəttə, Hüseyn bu addımları siyasi məqsədlə atırdı. O, güc toplayan islamçılığı ərəb millətçiliyi ilə birləşdirməyə cəhd edirdi. Lakin bu, təkcə partiya və dövlət institutlarına təyinatlarda nəticələr doğurmadı. Yeni qvardiyanı İslam inancını rəhbər tutmaqla yığırdılar, dünyəvi ideologiya keçmişdə qaldı. 2003-cü ildə Amerika müdaxiləsindən sonra bu meyllər kəskin şəkildə gücləndi, çünki iraqlılar özlərini müdhiş ədalətsizliyin qurbanı sayırdılar. Yalnız “Bəəs” və radikal islamçılar ümumi düşmənə qarşı birləşib hansısa müqavimət göstərirdilər.
– “Bəəs”-in keçmiş üzvləri İŞİD-də hansı rol oynayırlar?
– Onların məşhuru İzzət İbrahim əd-Duri ABŞ-la vuruşan “Cihad və qurtuluşun ali komadanlığı” birləşmiş qruplaşmaların cəbhəsinə başçılıq edirdi. Sonra İŞİD-in sələfi İraq İslam Dövlətinə qoşuldu. O, sonra 2013-cü ildə İŞİD formalaşarkən hərbi komandir oldu. İŞİD isə rəsmən 2014-cü il iyunun 29-da meydana çıxdı. Xəbər verildiyi kimi, əd-Duri 2015-ci ilin aprelində öldürüldü, lakin onun ölümü hələ də təsdiqlənməyib. Səddam Hüseyn rejiminin yüksəkrütbəli təmsilçiləri də onun kimi İŞİD-in ordusu və kəşfiyyatında xidmət edirlər. Kimisi etiqadına görə, kimisi opportunizm üzündən. Suriya və İraq ordularından ələ keçirilmiş texnikanın (tank, artilleriya, rabitə…) idarə edilməsi məhz onların üzərinə düşürdü. Bunlardan yalnız onlar istifadə etməyi bacarırdı…
– Onlar perspektivdə İŞİD-in daha mötədil, danışıqlar aparmaq mümkün olan qanadını yarada bilərlərmi? Vatikanın İraqdakı təmsilçsi Jan-Mari Benjamen bu günlərdəki müsahibəsində bu haqda danışıb.
– Əlbəttə, cəlbedici ideyadır. Amerikalılar artıq 2006-2008-ci illərdə “Oyanış” hərəkatına mənsub olan “İraq oğulları” dəstələri ilə bundan istifadə ediblər. Onların böyük hissəsi Anbar əyalətinin sünni tayfasının üzvlərindən ibarət idi. Bu bölgə o zaman İraqda ən sakit bölgələrdən biri oldu. Bölgə bu gün praktik olaraq tamamilə İŞİD-in nəzarətindədir. İraqın şiə hökuməti bu dəstələrin döyüşçülərini milli ordunun tərkib hissəsi etmək və yaxud heç olmasa, dövlət xidmətinə dəvət etməyi öhdəsinə götürdü. “Bəəs” partiyasının keçmiş üzvlərini də sistemə inteqrasiya etməli və yaxud ən azı, onlara müavinət təklif etməliydi. Vədlərin böyük hissəsi belə də tutulmadı. Bütün bunlar ifrat şübhə mühiti yaratdı, sünnilərin və “Bəəs”-in keçmiş üzvlərinin isə Bağdadın mərkəzi hökumətinə qətiyyən inamı yoxdur. İran İslam inqilabı keşikçilərinin geniş şəkildə iştrakı da buna şərait yaratmır. Lakin bu, o demək deyil ki, bu yöndə nəsə etmək mümkün deyil. İraq hökumətini İŞİD-ə qarşı çıxmağa hazır olanlara amnistiya və rəsmi tanınma təklifi etməyə, dövlət strukturlarında sünnilərə və “Bəəs”-in keçmiş fəallarına yerlər ayırmağa görə yola gətirmək lazımdır ki, onlar bu cür addımların səmimiliyinə inandırılsın. Lakin hələlik bütün bunlar yalnız boş ümidlərdir. Hər necə olsa da, bu müharibədə xüsusi xidmətlərin həlledici rolu olduğu haqda – rəsmən təmasa girilməsi mümkün olmayanlarla əlaqə yaratmaq, tərəflərin razılığının əldə edilməsi, insan qaynaqlardan məlumatların toplanması, konkret hərəkətlər – Jan-Mari Benjamenlə tam razıyam. Lakin rəsmi hökumətin bu cür sərəncam verməyi lazımdır.
Atlantico (Fransa), 27.12.2015