XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2015 - 10:20

Mal əti bahalaşıb: Devalvasiya heyvan bazarını da “vurdu”

 

et.jpg

Dünəndən etibarən Bakıda ətin qiymətində artım müşahidə olunur.

Strateq.az bildirir ki, qəssab dükanlarında dana ətinin bir kiloqramı bir manat artaraq, 8 manata satılır.  Satıcılar bunun səbəbini devalvasiya ilə izah edirlər.  Adının çəkilməsini istəməyən satıcı bildirib ki, mal-qara satış üçün bazara çıxarılmadığından qıtlıq yaranıb.

“Beyləqanda mal bazarında heyvan yoxdur. Əhali doların daha da bahalaşacağı qorxusundan qaramalı satmır”,– deyə o bildirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə fins.az-a bildiriblər ki,  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır.