XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 08:53

MDB ölkələrində kritik vəziyyət – Azərbaycanda dollar niyə bahalaşır?

dollar-23.jpg

Mərkəzi Bankın valyuta ehtiyatlarının “əriməməsi” üçün banklara dollar satışını məhdudlaşdırması bazarda qıtlıq yaradıb. 

Marja.az xəbər verir ki, ekspertlər ölkədən kapital axını güclənəcəyindən, dollara tələbatın bundan sonra da yüksək olacağını bildirirlər. 

Azərbaycan manatına və iqtisadiyyata inam çox sarsılıb. Odur ki, maliyyə resurslarının sahibləri kapitalı xaricə çıxararaq daşınmaz əmlak, depozitlər və digər aktivlərə yatıracaqlar.

Bunu əsasən, külli miqdarda pul ehtiyatı toplamış oliqarxlar edəcək. Onlar ilk növbədə dollar alırlar ki, bu da valyuta qıtlığına əsas səbəb olub.

öz tərəfimizdən əlavə edək ki, artıq bir sıra MDB ölkələrində dollar satışına məhdudiyyətlər tətbiq olunub. Dekabrın əvvəlində Tacikistanda bütün valyutadəyişmə mənətəqələri bağlanıb. Yeni qaydalara görə, Tacikistanda valyuta mübadiləsini bank xidmət mərkəzlərində, kommersiya banklarının baş ofislərində, filial və şöbələrində həyata keçirmək olar.

Türkmənistanda isə dollar alışı üçün talon tətbiq edilib.  Bu talonlarda valyuta almaq üçün müvafiq bankın ünvanı və zaman qeyd olunub. Bu barədə “Türkmənistanın alternativ xəbərləri” Agentliyi məlumat yayıb. Dollar və avro alışı üçün talonu banklar verir. Bankların baş ofislərində yerləşən mübadilə məntəqələrində valyuta satılmır.

“Azadlıq” radiosunun məlumatına görə, paytaxt Aşqabad sakinləri axşamdan səhərə qədər banklar qarşısında bu talonlardan almaq üçün növbəyə dururlar.

Rusiyada isə 27 dekabrdan etibarən Mərkəzi Bankın valyuta mübadiləsi əməliyyatları ilə bağlı yeni qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, 15 min rubldan çox vəsait dəyişdirildikdə bank müştəriləri ad-soyadla yanaşı, qeydiyyat ünvanı, təvəllüdü, əgər varsa VöEN nömrəsi barədə məlumat verməli olacaq.

Anketi bank əməkdaşı dolduracaq, müştəri haqqında məlumat isə mübadilə əməliyyatından sonra 5 il müddətində saxlanacaq.

Ekspertlərin fikirincə, neftin  qiymətinin aşağı düşməsi davam edərsə, MDB ölkələrində Rusiya da daxil olmaqla valyuta mübadiləsi ilə bağlı əməliyyatlara məhdudiyyətlər qoyulması tədbirləri davam etdirilə biər və Azərbaycan da istisna deyil. 

Hökumətlər bu tədbiləri xaricə valyuta çıxarılmasının qarşısını almaq üçün atırlar. Digər tərəfdən, milli valyutanın dövriyyəsinə yardım göstərməyə çalışırlar. Bununla belə, bu addımların nə dərəcədə səmərə verəcəyi sual altındadır. çünki banklar vasitəsilə valyuta almaq imkanları məhdudlaşdıqca “qara” valyuta bazarı genişlənir. İnsanlar daşınmaz əmlak və digər aktivlərini sataraq, ehtiyatlarını valyuta ilə saxlamağa çalışır və eyni zamanda ölkədən çıxarmağa can atırlar. Rusiyada rublun sürətlə ucuzlaşması bu ölkədə daşınmaz əmlak və digər aktivlərin alınması üçün stimul yaradıb. Bu baxımdan digər MDB ölkələrindən olan vətəndaşlar Moskva və digər iri şəhərlərdə daşınmaz əmlak, nəqliyyat vasitələrinin alınmasına böyük maraq göstərirlər.

Eyni zamanda, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan MDB ölkələri vətəndaşları vətənlərindəki aktivlərini satmağa və valyutanı Rusiyada istifadə etməyə səy göstərirlər.

Bütün bunlar milli valyutalara təzyiqi gücləndirir. Ekspertlərlə söhbətlərimizdən belə məlum olur ki, onlar yaxın gələcəkdə neftin qiymətlərinin indiki səviyyədə qalması halında dolların məzənnəsinin 2.20 AZN-dək yüksələcəyini istisna etmirlər.  Azərbaycan Mərkəzi Bankının bazara əvvəlki kimi geniş müdaxilə etməməsi də bu proqnozun gerçəkləşməsi ehtimalını artırır. 

Strateq.az