XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 19:45

Banklar niyə dollar satmır: antidevalvasiya tədbiri, yoxsa iqtisadi sabotaj?!

pul-123.jpg

İstər devalvasiya, istərsə də infilyasiya olsun – istənilən maliyyə böhranının ən təhlükəli tərəfi onun cəmiyyətdə yaratdığı psixoloji təsirdir. Bir çox hallarda psixoloji təsir məzənnədəki dəyişikləri belə tətikləyir, bir növ, nəticədən səbəbə çevrilir və iqtisadiyyata daha ciddi zərər vurur. Bunu zəlzələnin yaratdığı vəlvələylə də müqayisə etmək mümkündür. Bəzən bu təbii fəlakətin vəlvələsindən çəkinib özünü yaşadığı binadan bayıra atanlar zəlzələdən zərərçəkənlərdən qat-qat çox olur.

Eynilə zəlzələlərdə olduğu kimi, devalvasiyalarda da vəlvələnin ciddi dağıntılara yol açması ictimaiyyət arasında düzgün məlumatlandırma işinin aparılmamasıyla bağlıdır.

Hökumət bir il ərzində iki dəfə ciddi devalvasiyaya məruz qalan insanları problemin keçici olduğuna inandırmalı və məlum təsiri azaltmaq işini zorakı metodlarla deyil, əsaslandırlmış təbliğatlarla aparmalıdır. Əks halda devalvasiyanın yaratdığı vəlvələ sonsuza qədər davam edə və ölkənin iqtisadi gücünün tamamilə məhvi, milli valyutasının kağız parçasına çevrilməsiylə nəticələnə bilər.

Nə yazıq ki, Azərbaycan hakimiyyətinin istər ilin əvvəlindəki, istərsə də son devalvasiya siyasəti bu incə nüansı nəzərə almadan həyata keçirilir. Yadınızdadırsa, ilin əvvəlində hakimiyyət təmsilçiləri tərəfindən devalvasiya üçün heç bir əsasın olmadığına dair fikirlər bəyan olunur və hər kəs manata investisiya qoymağa çağırılırdı.

Bu cür bəyanlardan qısa müddətdən sonra devalvasiya qərarının verilməsi həm ictimaiyyətimizin maliyyə gücünü xeyli zəiflətdi, həm də insanlarımızda hakimiyyətin fikrinə inamsızlıq yaratdı.

Bundan sonrakı mərhələlərdə də cəmiyyətimizə bir daha bənzər vədlər verildi, hər hansı bir maliyyə böhranının gözlənilmədiyi söylənildi. Beləcə, yenə daha böyük faizli maliyyə çöküşüylə ilə üzləşən Azərbaycan insanının əlindəki izafı kapitalı dollara çevirməsinin, bir növ, önü açıldı. Artıq bu insanların itirməmək qorxusunun qarşısını heç bir rəsmi açıqlamalarla almaq mümkün deyil.

Hakimiyyət cəmiyyətimizdə yaranmış xofun mənfi nəticələrini aradan qaldırmaq üçün indi daha fərqli inzibati üsullara yönəlib. Bu məqsədlə maliyyə bazarına dollar axınına son verilib, bir çox valyutadəyişdirmə məntəqələri işini dayandırıb. Hətta bir çox banklar belə, dollar satışından imtina ediblər.

İlk baxışdan həqiqətən də bu inzibati üsul “vəlvələdən” yaranan fəlakətin qarşısını almağa yönəlmiş kimi görünsə də, fikrimizcə, daha ciddi problemlərə yol aça bilər və bəlkə də məqsədli şəkildə həyata keçirilir. Məqsəd isə heç də xoş mərama bənzəmir. Fikrimizi daha aydın anlamaq üçün inzibati yolla devalvasiyanın qarşısını almağa yönəlik tədbirlərin yaradacağı dağıdıcı nəticələrdən bəzilərinə nəzər salmaq yetərlidir.

Bilirik ki, sadəcə neft gəlirlərinə arxayın olub öz yerli istehsalını inkişaf etdirməyən Azərbaycanda hətta kənd təsərrüfatı məhsullarından tutmuş, ən kiçik məişət əşyalarına qədər hər şey xaricdən idxal olunur. Bu malları idxal edənlər arasında monopolist iri məmurlar kimi, kiçik və orta sahibkarlar da var. Həmin sahibkarlar idxal etdikləri malları, təbii ki, xarici valyuta ilə alırlar. İdxal olunan mallar isə Azərbaycan bazarında milli valyutamızla satılır. Daha sonra sahibkarlar satışdan əldə etdikləri manatı xarici valyutaya çevirib yenidən ölkəyə mal gətirməli olurlar. Valyutadəyişmə məntəqələri işləməsə və ya banklar eyni funksiyanı yerinə yetirməsə, həmin sahibkarların da öz fəaliyyətini davam etdirmək şansları qalmaya və ölkədə ciddi qıtlıq yarana bilər. Qıtlıq da, öz növbəsində, gözləniləndən daha artıq inflyasiya səbəbi deməkdir. Yəni hakimiyyətin atdığı bu addım nəinki problemi həll etmir, əksinə daha ciddi sıxıntılara yol açır.

Sual oluna bilər: ölkənin indiki çətin vəziyyətində hakimiyyət niyə bu təhlükəli addımı atır?

Zənnimizcə, bunun 2 səbəbi ola bilər.

İlk səbəb Azərbaycan hakimiyyətinin maliyyə siyasətini idarə edənlərin dərin iqtisadi savadının olmaması ilə bağlıdır. Bir il ərzində iki dəfə yanlış devalvasiya siyasətlərilə ölkənin bu duruma gətirilməsi faktı bu ehtimalı qüvvətləndirir.

Halbuki hakimiyyət maliyyə siyasəti üzərindəki inzibatçılığından vaxtında geri çəkilsəydi, şok effektli devalvasiya da yaşanmaz, tədrici məzənnə dəyişikliyi baş verər və əhali indiki qədər xofa düşməz, məlum çətinliyi rahat adladardı. Maliyyə siyasətinin düzgün aparılmamasından aydın olur ki, Azərbaycan hakimiyyətində həqiqətən də savadlı və ya təmiz niyyətli maliyyəçi problemi var.

Ehtimal olunan ikinci səbəb isə ölkədə sözügedən iqtisadi böhranın şüurlu şəkildə yaradılması versiyasıdır. Bir çoxlarına inandırıcı görünməsə belə, iqtisadi sobataj versiyası, zənnimizcə, daha ağlabatandır.

Bunu təsdiqləyən bir sıra amillər də var. Son zamanlar ciddi səs-küyə səbəb olan həbs hadisələrinin motivində ölkədən bilərəkdən ciddi kapital çıxartma faktlarının dayanması irəli sürülən iddianı təsdiqləyir. Sözsüz ki, həmin kapitallar Azərbaycandan boş-boşuna çıxarılmırdı. Kim bilir, məlum həbs hadisələri baş verməsəydi, bəlkə də ölkə iqtisadiyyatı daha dağıdıcı kapital itkisiylə üz-üzə qalacaqdı.

Sobataj ehtimalını qüvvətləndirən digər amil Azərbaycan iqtisadiyyatını bu dərin böhrandan xilas etmək istəyən hakimiyyətin monopoliyaları aradan qaldırmasına hesablanmış tədbirləriylə əlaqədardır. Bildiyimiz kimi, hökumət gec də olsa, qeyri-neft sektorunun inkişafı üçün inhisarçılığı aradan qaldırmağın vacib olduğunu anladı və bu istiqamətdə müəyyən tədbirlər görməyə qərar verdi. Mətbuata sızdırılan məlumatlara görə, gələn ildən, yəni bir neçə gündən sonra gömrüklərdə tamamilə şəffaflıq təmin olunacaq və istənilən sahibkar istədiyi məhsulu gətirib sata biləcək. Beləcə, ölkə iqtisadiyyatında az da olsa, canlanma yaranacaq və bu zamana qədər bir neçə nəfərin əlində cəmləşən milli gəlir daha çox insanın ayaqda durmasına xidmət edəcək.

Gözlənilən bu islahata az müddət qalmış bir sıra bankların pul dəyişməkdən imtina etməsi, hər kəsə cüzi bir miqdarda valyuta dəyişdirmək imkanının verilməsi və bütün valyutadəyişdirmə məntəqələrinin  fəaliyyətini dayandırması faktiki olaraq həmin siyasətin qarşısını alır. Artıq əllərindəki manatı dollara çevir
mək imkanı yalnız böyük səlahiyyət sahiblərinə aid olacaq.
Bu imtiyazlı zümrə isə, təbii ki, elə monopolist-oliqarxlardan başqaları deyil.

Bir sözlə, hökumətin monopoliyaları aradan qaldırmaq tədbirləri yürüdülən maliyyə siyasətilə faktiki olaraq heçə endirildi. Gömrüklər hər kəsə açıq və şəffaf olsa belə, manatını dollara çevirə bilməyən heç bir sahibkar oradan idxal malı keçirməyə həvəsli olmayacaq. öz xoşlarıyla pul qazanmaq şanslarını daha qüdrətli oliqarxlara verəcəklər.

Yürüdülən bu siyasət o zaman anlam kəsb edərdi ki, Azərbaycan ölkəyə gətirilən malların istehsalı ilə özü məşğul olardı. Belə olacağı təqdirdə valyuta dəyişdirmək imkanının məhdudlaşdırılması hətta yerli sənayenin inkişafını belə gücləndirərdi. Nə yazıq ki, indiyə qədər yerli sənayemizin yaradılmasının qarşısı da elə hakimiyyətdəki korrupsioner məmurların özləri tərəfindən alınıb. Bundan sonra yerli sənayemizin yaradılması isə uzun zaman alacaq. Azərbaycan insanı isə perspektiv məqsədlərə ümid bağlayıb gözləyəcək qədər maddi gücə sahib deyil.

O da maraqlıdır ki, valyuta dəyişdirmək imkanının bu şəkildə məhdudlaşdırılması belə, devalvasiyanın qarşısını almaq gücündə deyil. Bütün hallarda vətəndaşların öz pulunu ABŞ dollarına çevirmək istəyinin qarşısını almaq mümkün olmayacaq. Bu arzu isə yenə “qara bazar”ların hesabına reallaşdırılacaq. Rəsmi məzənnədən yalnız iri məmurlar yararlanacağından, onlar faktiki olaraq daha çox qaz vurub qazan dolduracaqlar, milli valyutamızın gerçək qiymətini müəyyənləşdirən “qara bazar”da isə məzənnə od tutub yanacaq. ölkə daha ciddi devalvasiya və inflyasiyalarla çalxalanacaq. Nəticədə isə…

Nəticəni təsəvvür etmək belə, çətindir.

 

Heydər Oğuz

Strateq.az