Hər kəs gözünü Prezidentin ilin sonunda imzalayacağı əfv fərmanına dikmişdi. çünki bu fərman yalnız məhbəslərdə azad olunacağı günü gözləyən məhkumların ən böyük ümidinin reallaşması ilə qalmayacaq, həm də Qərbin ölkəmizə qarşı tətbiq etməyə hazırlaşdığı sanksiyaları yumşaladacaqdı. Təbii ki, siyasi və vicdan məhbusları sayılanların azadlığa buraxılacağı təqdirdə…
Rəsmi Bakı isə beynəlxalq aləmin indiyədək görünməmiş şəkildə basqısına baxmayaraq, heç bir siyasi dustağı, hətta əfv ərizələri yazdırılanları belə, azad etmədi. Şübhəsiz ki, hakimiyyətin bu inadkarlığı cəmiyyətimizə təsirsiz ötüşməyəcək.
Bəs, bu təsirlər hansı formada və hansı istiqamətlərdə ortaya çıxa bilər?
Zənnimizcə, məlum fərmanın başlıca təsiri milli-mənəvi dünyagörüşümüzün formalaşmasında və inkişafında özünü göstərəcək. Zira, bizim arzuladığımız adamların azadlığa buraxılmamasına, arzulamadıqlarımızın əfv olunmasına baxmayaraq, hər hansı əfv fərmanı hümanizm aktıdır. Sözügedən akt illərlə ailəsindən uzaq düşüb dörd divar arasında azad olunacağı günü gözləyən insanlara ən böyük yaxşılığı əta etdiyindən, bütün hallarda təqdirəlayiq görülməlidir.
Bununla belə, istənilən əfv və ya aministiya fərmanı cəmiyyətlərə müəyyən mesajlar verir, onu hansısa bir istiqamətə yönəldir, siyasi iradənin necə bir ictimai həyat arzuladığını ortaya qoyur. Deməli, onlar həm də tərbiyəvi, islahedici xarakter daşıyır. Cəmiyyət həmin fərmanlara baxıb hansı hərəkətin bağışlanacaq, hansı hərəkətin isə bağışlanmayacaq əməl olduğuna qərar verir. Beləcə, öz həyatını da bu cür tənzimləyir.
Son əfv fərmanının tərbiyəvi səciyyəsi isə, nə yazıq ki, o qədər də arzuolunan deyil. Fərmandan belə məlum olur ki, Azərbaycan adlı ölkədə istəsən, övladını keçi qiymətinə sata, onun bəlkə də daxili orqanlarının kəsilib piştaxtaya çıxarılmasına göz yuma, kiminsə malını-pulunu oğurlaya, rüşvət alıb ev yıxa bilərsən… Amma nəbadə, ölkənin demokratikliyini düşünəsən! Əks halda cəzan ən qatı cinayətkarlardan belə, ağır olacaq və bağışlanmayacaq!!!
Beynəlxalq sanksiyalar ehtimalına rəğmən, siyasi dustaq sayılanlardan heç birinin adının əfv fərmanına salınmaması mövcud hakimiyyətin alternativ siyasi fikir daşıyıcılarına münasibətinin də göstəricisidir. Zənnimizcə, bu “acımasızlıq” siyasi islahatlara gediləcəyi təqdirdə ortaya çıxacağı güman olunan nəticələrlə bağlıdır. Görünür, bu zamana qədər sərt üsullarla ölkəni idarə edən hakimiyyət birdən-birə yumşalmağı qarşı tərəfin qələbəyə inamını artıracağından və situasiyaların nəzarətdən çıxmasına yol açacağından ehtiyatlanır. Xüsusilə, ölkədə iqtisadi vəziyyətin getdikcə iflasa doğru sürüklənməsi, devalvasiyanın kəskin xarakter alması və bunun ictimaiyyətdə yaratdığı narazılıq hakimiyyəti daha tədbirli davranmağa vadar edir. Həqiqətən də indiki vəziyyətdə geriyə atılmış hər hansı addım ilməyi qaçmış corab effekti verə və siyasi islahat arzusu dağıdıcı prosesə çevrilə bilər. Mahiyyətindən asılı olmayaraq, istənilən rejim belə vəziyyətlərdə bəndi-bərəni bərkitməyə çalışar və ondan tələb olunan addımı atmaq üçün daha münasib zamanı gözləyərdi. Bu mənada siyasi hakimiyyəti, hardasa, anlamaq da mümkündür.
O da var ki, Azərbaycanın indiki hakimiyyəti demokratik üsullarla idarəçiliyə də öyrəncəli deyil və onun nüfuzunu itirmiş təmsilçiləriylə ictimai narazılığın önünə çıxmaq imkanı yoxdur. Əlbəttə ki, bu amil də hakimiyyətin güzəştə meylli olmamasını şərtləndirir.
Sual oluna bilər: Bəs, bu cür inzibati metodları davam etdirməklə gözlənilən təhlükəni dəf etmək mümkündürmü?
Nə yazıq ki, bu suala müsbət cavab vermək asan deyil. çünki Azərbaycanın indiki hakimiyyətinə əsl təhlükə yalnız ölkə daxilindəki narazı kütlələrdən gəlmir. Əksinə, ən böyük təhlükə xaricdən gözlənilir və hazırda dünyanın super gücü sayılan ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı həyata keçirməyə çalışdığı sanksiyalar optimist olmaq üçün heç bir əsas vermir. O səbəbdən ki, məlum sanksiyalarda nəzərdə tutulan maddələrin həyata keçirilməsi ölkəmizə ölümcül zərbələr vura bilər.
Məlum olduğu kimi, bu sanksiyalarda həm də Azərbaycana qarşı iqtisadi məhdudiyyətlərin gətirilməsi nəzərdə tutulub. Sadəcə, neftin qiymətinin aşağı enməsiylə bir ildə iki dəfə ağır devalvasiya yaşayan Azərbaycan iqtisadiyyatı isə bu qədər ciddi sanksiyaları qaldırmaq gücündə deyil. Hakimiyyət dilə gətirməsə də, Qərbin ümumiyyətlə Azərbaycan neftindən imtina etməsi ehtimalı da var və İranın öz “qara qızılı”nı dünya bazarına çıxardıqdan sonra kiçik istehsalçıların bazarının “öləcəyi” güman olunur. Azərbaycan da kiçik hasilatçılardandır və böyük ehtimalla, ilk zərbəni alanlardan biri də biz olacağıq.
Bir müddət əvvəl SOCAR-ın dünya bazarında yeni alıcılar tapa bilmədiyini, yalnızca köhnə sifarişlərlə işlədiyini açıq şəkildə etiraf etməsi də bu mənada təsadüfi deyil. Görünür, qlobal neft alıcıları onsuz da ölkəmizin sanksiyalarla üz-üzə qalacağını və bağlanacaq müqavilələrin bir müddətdən sonra əhəmiyyətsiz olacağını düşündüklərindən “qara qızılımızın” üzünə belə, baxmaq istəmirlər.
Əgər belədirsə, sanksiyalardan sonra köhnə müqavilələrin də zərrə qədər əhəmiyyəti qalmayacaq və Azərbaycan iqtisadiyyatı öz “yeganə çörək ağacını” da itirəcək. Bu isə ölkə insanımızın aclıqla sınağa çəkilməsi deməkdir. Beynəlxalq təcrübələrdə, adətən, o ölkələr aclıqla imtahana çəkilir ki, əhalisinin “qılınca çapmasına” ehtiyac duyulur.
Ən pisi isə odur ki, indiyəcən yalnız neft satıb pul qazanmağa aludə olan və bunun üçün də öz yerli sənayesini qurmaq barədə düşünməyən ölkəmizin başqa alternativləri də məhduddur. Rəsmi Bakı, istəsə belə, öz neftini Asiya bazarına çıxarmaq imkanında deyil. Yalnız ona görə yox ki, Asiya bazarının öz satıcıları var və Azərbaycanın bu satıcılarla rəqabət aparmağa gücü çatmaz. Həm də ona görə ki, neft və qaz ticarəti mahiyyət etibarilə digər alverlərdən fərqlənir. Bu ticarətin uğurlu alınması üçün alıcı tapmaqla yanaşı, həm də həmin alış-verişin infrastrukturu yaradılmalı, kəmərlər çəkilməlidir. Sadəcə dəmiryolları v
ə ya maşın karvanlarıyla yeni müştərilərə daşınacaq təbii sərvətlərimizin qiyməti, istər-istəməz, yüksələ bilər və rentabelsizləşər.
Bu baxımdan Azərbaycan hakimiyyətinin indiyəqədərki təsəvvürlərinin əksinə olaraq, qlobal neft bazarında alıcılar satıcılardan yox, bəlkə də satıcılar alıcılardan asılıdır və onların çaldığı havaya oynamalıdır. Rəsmi Bakı isə son əfv fərmanıyla hər çalınan havaya oynamaq istəmədiyini ortaya qoydu.
Bəs, bu “oyunpozanlığın” bədəlini necə, ödəyə biləcəyikmi? Təəssüf ki, iqtisadiyyatımız bu suala müsbət cavab verəcək rəngarənglikdə deyil.
üz-üzə qaldığımız problemin dəhşətini artıran əsas məqam “nə etməli” sualına cavabın, faktiki olaraq, yoxluğundadır. Rəsmi Bakı nə qədər avtoritar idarəçiliklə ad çıxarmış olsa belə, rasionalizmdən heç vaxt uzaqlaşmayıb. Bəlkə də buna görə ki, onun 23 il ərzində qarşılaşdığı heç bir sınaqda rasional olub-olmadığını isbat etməyə belə, ehtiyac duyulmayıb. İndiyə qədər geopolitik maraqların eyni nöqtədə birləşməsi rəsmilərimizin işini asanlaşdırıb və yürüdülən siyasətə görə hər hansı ciddi beynəlxalq basqılarla qarşılaşılmayıb.
İndisə vəziyyət xeyli mürəkkəbdir. ölkə rəsmiləri bir tərəfdən Qərbin ağır basqılarına məruz qalır, digər tərəfdən isə Rusiya və İran tərəfdən istənilən təxribatlarla qarşılaşa biləcək duruma düşüb.
Xüsusilə Rusiyanın son zamanlar aqressivləşməsi, regionda ABŞ-ın maraqlarına ciddi zərər vurmaq üçün kiçik bəhanələr axtarması ölkə rəsmilərimizi narahat etməyə bilməz.
Hətta heç bir əsaslı səbəb olmasa belə, Rusiyanın regionda kiməsə “qulaqburması” verməyə böyük ehtiyacı var. Odur ki, hər hansı kiçik bəhanə Moskvanın dürməyinə yağ sürtməyə bənzəyər. Nədən ki, Türkiyə rus təyyarəsini vurmaqla beynəlxalq aləmdə “qüdrətli Rusiya” imicini beşparalıq etdi. İndi alt-üst olunan bu xarizma Türkiyənin cızıqdan çıxmış “dostu və qardaşı”ndan alınan qisasla kompensasiya edilə bilər.
üstəlik, Rusiyanın regionda “ilantutan Seyid Əhməd əli” də mövcuddur. Bəli, söhbət Ermənistandan gedir. Ermənistan bayrağı altında Rusiyanın Azərbaycana ikinci Qarabağ məğlubiyyəti yaşatmaq ehtimalı istisna deyil və Moskvanın İrəvanla hərbi əməkdaşlığı da, son zamanlar sərhədlərimizdə intensivləşən atəş səsləri də bunun ən bariz siqnallarıdır.
Azərbaycanın varlığını belə özünün torpaq bütünlüyünə təhlükə olaraq görən İranın da, təbii ki, “ən böyük şeytana” pənah aparacaq ölkəmizə qarşı laqeyd qalacağını düşünmək yersiz olardı. Maraqlıdır ki, rəsmi Bakı 23 illik siyasətiylə özü də bəlkə istəmədən İrana xeyli tərəfdar qazandıra bilib.
Qarşılaşdığı yoxsulluqdan və ədalətsizliklərdən Allaha sığınan bir sıra vətəndaşlarımız, istər-istəməz, molla rejiminin mərhəmətinə bel bağlayıb. Son zamanlar ölkəmizin iqtisadi vəziyyətinin daha da pisləşməsi azmış kimi, bir tərəfdən də beynəlxalq sanksiyaların ağır basqısından xilas olan və dolayısıyla getdikcə dirçələn İranın beynəlxalq aləmdə əli güclənir.
Azərbaycanın bəzi regionlarında, o cümlədən Nardaranda baş verən hadisələr də “şəriət dövlətçiliyi” təhlükəsinin artıq paytaxtın bir neçə kilometrliyinə qədər yaxınlaşdığından xəbər verir. Eynilə Rusiyanın şimal sərhədlərimizə öz qoşununu yerləşdirməsi də zərurətdən çox, verilmiş mesaja – göz dağına bənzəyir.
Digər təhlükəli məqam Rusiya-İran ittifaqının da əlində Azərbaycanın yeganə “çörək ağacı”ndan məhrum etmək silahı olmasıyla bağlıdır. Bir müddət əvvəl Azərbaycanın enerji daşıyıcılarının əsas marşrutu sayılan Gürcüstanın İran qazına yönəlməsi və Ermənistan üzərindən keçən kəmərin Tiflis vasitəsilə Rusiya qaz kəmərinə birləşdirilməsi barədə ortaya atılan layihə bu niyyətdən xəbər verir. Sanki, əhatəsində olduğumuz bütün qonşu dövlətlər Azərbaycana izah etmək istəyirlər ki, “regional maraqları Qərbə inteqrasiyaya qurban versən, biz də bunun ağır bədəlini sənə ödətdirə bilərik”.
İki od arasında qalan Azərbaycan hakimiyyətinin bir-birindən fərqli iki tələb qarşısında seçim etmək imkanı xeyli məhduddur. Hər iki seçimdə gözlənilən nəticə isə eynidir: hansı tərəfə yönəlməyindən asılı olmayaraq, rəsmi Bakı qısa müddətdən sonra neft hasilatını belə dayandıracaq qədər ağır imtahanla qarşı-qarşıya qala bilər. Bütün yolların eyni qapıya çıxdığını nəzərə alsaq, şübhəsz ki, daha mütərəqqi və qüdrətli variantın seçilməsi məqsədəuyğun olardı.
Zənnimizcə, Azərbaycan artıq batmaqda olan gəmi təsiri bağışlayan Rusiyadansa Qərbə yönəlməli və onun dəstəyini almağa çalışmalıdır. Ən azı ona görə ki, batan gəmiyə pənah aparanlar əvvəl-axır balıqlara yem olurlar.
üstəlik, artıq qapımızın ağzını kəsmiş ağır iqtisadi fəlakətdən bu vəziyyətdə yeganə çıxış yolu – ölkəyə lazım olan kapital da Rusiyanın deyil, Qərbin əlindədir…
Bununla belə, Rusiya ilə də açıq ziddiyyətə gedilməməli, beynəlxalq siyasətdə kimlərləsə höcətləşməkdənsə, daxili stabillik tədbirləri artırılmalıdır. Fəqət bu tədbirlər zorakı metodlara əsaslanmamalı, müxalif qüvvələrlə qarşılıqlı anlaşma yolu seçilməlidir.
Hakimiyyətin bu istiqamətdə atacağı ilk addım isə, təbii ki, siyasi dustaqları buraxmaq olmalıydı. Həmin məhbuslarla və azadlıqdakı partiya liderləriylə geniş tərkibli toplnatılar keçirilməli, hər kəsə qarşı-qarşıya qaldığımız çətin vəziyyət izah edilməli və qarşılıqlı dialoqun, siyasi əməkdaşlığın əsası qoyumalı idi. Yalnız bu yolla xaricdən gələn təhlükəni bütün millətcə dəf etmək mümkündür.
Heydər Oğuz
Strateq.az