XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2015 - 23:24

Sahibkarlar üçün bu sahələr üzrə lisenziyalar ləğv olunub – SİYAHI

lisenziya.jpg

Dekabrın 21-də prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda qüvvədə olan 22 lisenziya növü ləğv edildi.

Lisenziyalaşdırılan fəaliyyət növləri ilə bağlı qaydalar aşağıdakı üstünlükləri də nəzərdə tutur: lisenziyalar müddətsiz oldu (bu, Azərbaycan Prezidentinin imzaladığı 21 dekabr tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərmanadək qüvvədə olan daha əvvəl verilmiş lisenziyalara da şamil edilir); lisenziya almağa görə dövlət rüsumunun həcmi 2 dəfə azaldılıb; lisenziyaların verilmə müddəti 15 iş günündən 10-dək azaldılıb. Həmçinin lisenziyaların verilməsi şərtləri sadələşdirilib.

Bundan sonra Azərbaycanda aşağıdakı sahibkarlıq fəaliyyəti növləri üzrə lisenziya tələb olunmur:

– etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) satışı, idxalı, istehsalı;
– tütün məmulatının satışı, idxalı, istehsalı;
– avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması;
– qiymətli metalların və qiymətli daşların istehsalı, istifadəsi, emalı, dövriyyəsi;
– mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti;
– neft məhsullarının satışı;
– turizm fəaliyyəti;
– auditor fəaliyyəti;
– qaz məhsullarının satışı;
– kartoqrafiya fəaliyyəti;
– ciddi hesabat blanklarının hazırlanması;
– əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı;
– gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti;
– ticarət gəmiçiliyi sahəsində: su nəqliyyatı ilə yük daşınması, su nəqliyyatı ilə sərnişin daşınması;
– əmtəə birjasının fəaliyyəti;
– hava nəqliyyatı ilə yük və sərnişin daşınması;
– xarici ölkələrdə Azərbaycan vətəndaşlarının işə düzəldilməsi zamanı fiziki şəxslərin vasitəçilik fəaliyyəti;
– enerji obyektlərinin quraşdırılması, təmiri və sazlanması;
– qeyri-dövlət pensiya fondlarının fəaliyyəti;
– gömrük anbarlarının və müvəqqəti saxlanma anbarlarının təsis edilməsi;
– yanğından mühafizə məkanlarının, binaların və qurğuların tikintisi, yenidən qurulması və təmiri;
– qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitkilərin mühafizəsi vasitələri və aqrokimyəvi maddələr (satış və saxlanılması).

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, bununla da 19 mindən çox lisenziya və ya lisenziyalaşdırılmış fəaliyyət növlərinin təqribən 75 faizi ləğv edilib, lisenziyaların 25 faizi isə müddətsiz olub. Turan.az

Nazirlikdən qeyd ediblər ki, qüvvədə olan lisenziyaların sahiblərinin müraciətləri əsasında onlara müddətsiz lisenziyaların verilməsi təmin ediləcək.

“Lisenziya verən qurum İqtisadiyyat və Sənaye Nazirliyindən alınıb prezidentə tabe edilməlidir”

İqtisadçı ekspert Nazim Məmmədov deyir ki, əsas odur ki, lisenziyalar müddətsiz olsun:

“Rüsumları az olmalıdır. İnhisarı yaradan əsas faktor olaraq, lisenziyanın verilməsi nazirliklərdən, komitələrdən ayrılıb antiinhisar departamentinə birləşdirilərək, statusu qaldırılmalıdır. Və qurum İqtisadiyyat və Sənaye Nazirliyindən alınıb, prezidentə tabe edilməlidir”.

“Fərmanda əsas diqqəti çəkən məqam…”

Digər bir ekspert Elxan Mikayılov bildirir ki, ölkə başçısının lisenziyaların ləğvi və proseduraların təkmilləşdirilməsi, eləcədə ödənişlərin azaldılması ilə bağlı qərarı təqdirəlayiq haldır:

“Fərmana diqqət yetirdikdə aydın olur ki, əsas dəyişikliklər bir çox fəaliyyət üçün lisenziyaların ləğv edilməsi, qalan fəaliyyətlər üçün rüsumların orta hesabla 2 dəfə azaldılması, lisenziyaların verilməsi proseduraların sadələşdirilməsi ilə bağlıdır. Fərmanda əsas diqqəti çəkən məqam gömrük, nəqliyyat, turizm və qiymətli metallarla bağlı bütün lisenziyaların ləğv edilməsidir”.

Ekspertlərin deyir ki, lisenziya ilə başlayan islahat digər sahələrdə də davam etdirilməlidir. Yəni, sahibkar lisenziya rahat alıb, məmur maneçiliyi olmadan işini davam etdirsin.