XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 09:58

Sərhəd Hərəkatı haqqında bilmədiklərimiz

serhed-5.jpg

1989-cu ilin son günü, yəni tam 26 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasında AXC-nin təşkilatçılığı ilə Cənubi Azərbaycanla bizi ayıran tikanlı məftillər sökülmüş, uzun illərin həsrətinə son qoyulmuşdur.

Adına Sərhəd Hərəkatı deyilən bu hadisənin təşkilatçılarından olan Bünyamin Qəmbərli həmin günləri necə xatırlayır?

Onun qələmə aldığı xatirələri Strateq.az oxucularına təqdim edirik:

binyamin-2.JPG

 

MİLLİ BİRLİYƏ VƏ BüTöVLüYƏ GEDƏN YOL

 

Həm Azərbaycan tarixində, həm də Xalq Hərəkatında ən əsas olaylardan biri Sərhəd hərəkatıdır. Bu hərəkat mənim də 1980-ci ildə – X sinifdə oxuyarkən qəbul olunduğum gizli təşkilatın (Asif Kələntərli, Arif Rəhimoğlu, Asəf Quliyev, İbrahim İbrahimli, Əsgər Məmmədov (Qəliloğlu), Kazım Teymurlu, Məmməd İsmayılov, Əli Şamil, səhv etməsəm, Fazil Mustafa, Fərəc Quliyev, Şərurdan İnqilab Orxan, Muxtar Rzayev, Mehman Qaraağac (Allah rəhmət eləsin), Hüseyn bəy (soyadını unutmuşam), Nemət Pənahlı, Şahbuzdan Fərzuq Seyidbəyli, Babəkdən Fərəc Yusifov və Salman bəy (soy adını unutmuşam), Culfadan Bayram Muradov, Fətəli İmanov, Əhliman Ərəfsəli (Allah rəhmət eləsin, soyadını unutmuşam), Ordubaddan iki Hüseyn adlı dostumuz, Şəmil bəy (soyadlarını unutmuşam) (bu an unutduğum üçün adını yazmadığım dostlarımızdan üzr istəyirəm) bu təşkilatın üzvləri idi) illərlə arzuladığı və baş tutması üçün yollar aradığı bir proses idi ki, ilk fürsətdə biz bu imkandan çox ustalıqla yararlandıq və uğurlu nəticə əldə etdik.

Qeyd etdiyim kimi, Araz çayı boyu sərhəddin Azərbaycanı ikiyə böldüyünü, bu sərhəddin mütləq aradan götürülməsi gərəkdiyini, Azərbaycanın birləşməsinin, bunun üçün ilk addım olaraq onillərlə aralı düşən ailələrin və bütün xalqımızın bayramlarda və müəyyən günlərdə buluşması üçün müxtəlif yollar arayırdıq. Bu məqsədlə görmək istədiyimiz işlərdən biri Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycanda yaşayan əslən türk olduğunu bildiyimiz vəzifəli şəxslərə, elm, ədəbiyyat və incəsənət adamlarına çoxlu sayda (təxminən 5-10 min məktub nəzərdə tuturduq), eyni məzmunda məktublar göndərmək idi. Bu iş üçün həm çoxlu pul lazım idi, həm də ciddi əlaqələr. Buna görə 1984-cü ildə təşkilatın tapşırığı ilə Söhrab Tahirə və Məmməd Araza bizim Güney Azərbaycanla işləmək istədiyimizi və bununla bağlı bizə ikitərəfli Güneylə əlaqə yaratmağımıza yardımçı olması, iİmkan daxilində maddi kömək etməsini dedim.

serhed.jpg

Müraciət etdiklərimdən heç biri kömək etməsə də, Söhrab Tahir  (görünür bərk qorxdu) “axırıncı dəfə olsun sənin bura gəlməyin” (xatırladım ki, yenə təşkilatın tapşırığı ilə güneyli qardaşlarımızla əlaqə qurmaq üçün 1982-ci ildə Söhrab Tahirin ədəbiyyat dərnəyinə üzv olmuşdum) deyərək məni qovdu, M. Araz isə əksinə bundan sonra mənə daha yaxın və mehriban oldu. Bu variant alınmadığından, planımızı həyata keçirmək üçün pul  əldə etmək məqsədi ilə Asif Kələntərli, İbrahim İbrahimli və Fərəc Yusifbəylini 1986-cı ildə Rusiyaya alma yığımına göndərdik. Bu dostlarımız Rusiyadan qayıdan kimi DTK-nın Asif bəyi və İbrahim bəyi çağırıb sorğu-sual etməsi bizi bü işi müəyyən müddətə dayandırmağa məcbur etdi. 1987-ci ildə isə proseslərin sürətlənməsi, Naxçıvan Tarix Müzeyi nəzdində “Yurd” Birliyinin yaradılması, 1988-ci ildə isə Xalq Hərəkatının başlaması bizim işimizi sürətləndirdi.

İndi bu hərəkatı hərə bir ada bağlamağa çalışır. Bir qrup adam Sərhəd Hərəkatını DTK-nın hazırladığını, bir çox dostumuz isə bu hərəkata şəriksiz sahib olduqlarını vurğulayırlar. Düzdü, bu hərəkatın alınmasında və uğur qazanmasında çox dostumuzun – AXC İdarə Heyətinin üzvü Nemət Pənahlının, AXC Culfa şöbəsinin sədri Ramiz Tağıyevin, AXC Naxçıvan MR şöbəsi İdarə Heyyətinin üzvü Asəf Quliyevin, AXC Şərur şöbəsinin fəalı Muxtar Rzayevin, AXC Ordubad şöbəsinin sədri Fərəc Quliyevin, AXC Şərur şöbəsinin sədri Fərəməz Allahverdiyevin və b. əməyi böyük olmuşdur. Amma mən qətiyyətlə deyə bilərəm ki, bu, heç kimin adı ilə bağlı deyil və bu, bizim gizli təşkilatın illərlə həll etməyə çalışdığı bir məsələ idi. Bunun başlama təklifini isə bizim gizli təşkilatın qərarı ilə Asəf Quliyev verdi. Biz AXC Naxçıvan MR Təşkilatının məclisindən əvvəl təşkilatda bu məsələni ciddi müzakirə etdik və məclisdə qaldırılması Asəf bəyə həvalə olundu. Məclisdə isə bir çox dostumuzun dəstəyi ilə dekabrın 4-də sərhədə yaxın olan Güney Azərbaycandan görünə bilən dağ və təpələrdə tonqal qalanması qərara alındı. Məqsədimiz yerli əhalidə və güneyli qardaşlarımızda birlik əhvalı yaratmaq, dünyanın diqqətini Azərbaycanın bölünmüş olmasına cəlb etmək idi. Bu aksiya çox uğurlu oldu. Bütün tərəflərin reaksiyası bizim istədiyimiz kimi oldu. Bu tədbirdən sonra 21 Azər (12 dekabr) inqilabının ildönümü günü bütün sərhəd boyu zəncirvari düzülərək güneyli qardaşlarımızla həmrəylik aksiyası keçirdik.

serhed4.jpg

Bu aksiyamızın da çox uğurlu alınması bizi üçüncü mərhələyə daşıdı. üçüncü mərhələdə əvvəlcə sərhəddin içərisində qalmış əkinəyararlı torpaqların və tarixi abidələrin (Culfa rayonu ərazisində olan Gülüstan türbəsi və s.) istifadəyə verilməsi tələbi ilə sərhəddin müəyyən yerlərində çadırlar qurulması qərara alındı. Dekabrın 17-də (bəzi dostlarımız bu aksiyanın dekabrın 19-dan başladığı fikrindədirlər, ancaq mənim yaddaşımda 17-i qalıb) biz Araz çayının kənarında Nehrəmə yaxın təpələrdə çadır qurduq. Nehrəmlə yanaşı, Ordubadda, Culfada, Böyükdüz və  Şahtaxtı kəndlərində çadırlar quruldu.

Nehrəmdə qurulan çadır böyük idi. çadırın bir tərəfində su və ərzaq (sonralar mineral su şüşələri də bura yığıldı) yığılmış, digər tərəfi isə yatmaq üçün nəzərdə tutulmuşdu. Yataq hissəsində eyni vaxtda 30-40 nəfər yata bilərdi. Yerdən nəm çıxmaması və soyuq olmaması üçün palazların altından yerə saman döşəmişdik. Naxçıvanın o sərt şaxtasında bu aksiyanın belə möhtəşəm şəkildə baş tutacağına inanan çox az idi.

Amma h
ər şey bizim düşündüyümüz və istədiyimiz kimi gedirdi. çadır qurduğumuz gün axşam çadırda çox az adam – təxminən 20 nəfər qaldı. Amma ikinci gündən başlayaraq hər gün səhər iştirak edənlərin sayı 1000 nəfərdən çox, axşam qalanların sayı isə 150-200 nəfər olurdu. Havalar çox soyuq idi, axşamlar isə şaxta adamın iliyinə işləyitdi. Buna görə də axşam qalanların soyuqdan əziyyət çəkməməsi, yatanların üşüməməsi və su qablarının donmaması üçün çadırda qaynaqçıların dəmir borudan düzəltdiyi neft sobası qurmuşduq, bayırda isə ocaq qalamışdıq. Dekabrın 17-dən yanvarın 3-ə kimi o soba və ocaq bir an belə söndürülmədi.   

serhed2.jpg

Sərhəd hərəkatında iştirak edənlərə, demək olar ki, bütün kənd müxtəlif formada dəstək verirdi. Kənddə olan çörəkbişirmə sexi hər gün iki dəfə çorək bişirib gətirir, Naxçıvan Mineral sular zavodunda işləyən nehrəmlilər hər gün 25-30 yeşik “Badamlı” və “Sirab” suyu, su çəni olan maşınlar heç olmasa gündə bir dəfə 3-5 ton su, müxtəlif adamlar sobada yandırmaq üçün neft, ocaqda və samovarlarda istifadə etmək üçün odun gətirirdilər. Hər gün qaş qaralanda həm güneydə görünsün deyə, həm də gəlib gedənin bilinməsi üçün bir neçə yerdə avtomobil təkəri yandırırdıq. Bununla yanaşı gecələr çadırın və ordakıların mühafizəsi, ola biləcək təxribatların qarşısının alınması üçün hərəsində iki nəfər olmaqla 6-7 yerdə nəzarət qoymuşduq. Hava çox soyuq olduğu üçün nəzarətçilər iki saatdan bir dəyişdirilirdi. Hər gün kənd camaatı günorta və axşam yemək üçün bir neçə qazan xörək bişirib gətirirdi. Amma sonrakı günlər gətirilən xörəklərlə yanaşı orda da müxtəlif yeməklər hazırlanmağa başlandı. İlk gündən orda 50-60 nəfərin yemək yeməsi üçün qab-qaşıq, hərəsi 40 l tutan iki böyük samovar, hərəsi 8-10 l tutan iki böyük çaydan və 3-5 l tutan dəm çaydanı, 100 stəkan və s. təşkil olundu. Orda iştirak edənlər, xüsusi ilə axşam qalanlar çay və yeməklə tam təmin olunurdular.

çadırda elə bir mühit yaradılmışdı ki, bəlkə də ömründə başqasına su verməyən, evində əlini ağdan qaraya vurmayan adam burda samavar qaynadır, qab yuyur, yaxud da lazım olan digər işləri görmək üçün can atırdı. Hamı bir-birinə çox mehriban, sevgi və hörmətlə yanaşırdı. Qoyulmuş qaydaları pozan, özbaşınalıq edən, iş tapşırılmış adamlara, yaxud da rəhbərliyə tabe olmayan adam kimliyindən asılı olmayaraq tənbeh edilir və ya ordan uzaqlaşdırılırdı. Bütün işlər yaxşı tanıdığımız və inandığımız adamlar arasında bölünmüşdü. Camaata istifadə üçün məhdudiyyət qoyulmamasına baxmayaraq tapşırılan adamlardan başqa heç kimin su, ərzaq və yanacaq olan yerlərə yaxınlaşmasına icazə verilmirdi. Kimə su və ya ərzaq lazım idisə, yalnız onlardan istəməliydi. Bu həm də rəhbərliklə danışıqlar zamanı bizim işimizə yarayırdı.

serhed3.jpg

İlk gündən çıxışlar edilməsi, şüarlar, milli ruhlu şeirlər və musiqilər səsləndirilməsi üçün o zaman üçün ən yaxşı səsgücləndiricilər qurulmuşdu. Həm sərhəd hərəkatına qoşulanlara fikirlərimizi demək, onların duyğu və düşüncələrini coşdurmaq, həm güneydəki qardaşlarımızın diqqətini cəlb etmək, onlarda bağımsızlıq və birlik fikri oyatmaq, həm də sərhədçilərdə və hakimiyyətdə müəyyən həyacan yaratmaq üçün günün müəyyən vaxtlarında çıxışlar edirdik. çıxış edilən, şeirlər deyilən zaman və bunlardan kənar olaraq tez-tez şüarlar səsləndirirdik. Ən çox səsləndirdiyimiz şüarlardan yadımda qalanlar bunlardı: “Yadlar bizi qırınca, Türklər, haydı qılınca”, “Azərbaycan oyaqdı, inqilaba dayaqdı”, “Bakı-Təbriz bir olsun, istəməyən kor olsun”. Bunlarla yanaşı Almas Yıldırımın, Əhməd Cavadın, Tofik Fikrətin, Cəfər Cabbarlının, Məmmədhüseyn Şəhriyarım, Bulud Səhəndin, Həbib Sahirin, Məmməd Arazın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Ağamalı Sadiqin, Dilsuzun, Camal Yusifzadənin və b. şeirləri oxunurdu. Ən çox səsləndirdiyimiz musiqilər isə Azərbaycan, Təbriz, ayrılıq, Bakı haqqında musiqilər və marşlar idi.

Bir neçə gün çadırda qaldıqdan sonra, biz sərhədlərin tamamı ilə sökülməsi və Güneylə Qüzey Azərbaycan arasında ayrı düşmüş ailələrin ünsiyyətinə şərait yaradılması, gediş-gəliş olması tələbini irəli sürdük. Ən nəhayət, Naxçıvan şəhərində, səhv etmirəmsə, dekabrın 24-ü, ya 25-i keçirilən mitinqdə əgər dövlət özü sərhədləri sökməsə, biz dekabrın 31-i saat 12-də  Naxçıvanın hər yerində sərhədləri sökəcəyimizi bildirdik. Bu, SSRİ tarixində heç kimin düşünmədiyi və gözləmədiyi bir aksiya idi. Bu qərarımızdan sonra rayon və Naxçıvan MSSR rəhbərliyi, Zaqafqaziya hərbi dairəsinin və Naxçıvan Sərhəd Dəstəsinin yüksək rütbəli zabitləri demək olar ki, hər gün, bəzən isə gündə bir neçə dəfə çadır qurulan yerə gəlirdi. Bu gəlişlər həm bizi məqsədimizdən çəkindirmək, həm ordakı insanlarda qorxu və həyacan yaratmaq, həm də bizim gücümüzü, vəziyyətimizi öyrənməyə xidmət edirdi.
Deyə bilərəm ki, hər gün rəhbərlikdə olanlar və yüksək rütbəli zabitlər mənasız bir şeyi bəhanə edərək ya bizi dəvət edir ya da özləri gəlib müzakirələr aparırdılar. Bunu nəzərə alaraq yanlış informasiyalar verilməməsi, yanlış rəy yaradılmaması, pozuculuq hallarının qarşısının alınması, AXC-nin və ordakıların adından sui -istifadə olunmaması üçün tapşırıq verilən, ya da məsləhət bilinən şəxslərdən başqa kimliyindən asılı olmayaraq ordakıların hamısına rəsmi şəxslərə və jurnalistlərə hər hansı məlumat və ya müsahibə vermək, onlarla müzakirə aparmaq, dialoq qurmaq qadağan edilmişdi.

Bu dövrdə istər Azərbaycanda, istərsə də SSRİ-nin digər yerlərindəki rəsmi mətbuatda bizim haqqımızda hər cür pis ifadələr işlədilir, bizi ən pis adlarla – ekstremist, cinayətkar ünsür, alkaqolik, narkoman adlandırırdılar (bunu qəti şəkildə deyə bilərəm ki, 18-19 gün ərzində bir dəfə də olsun orda spirtli içkidən istifadə edilmədi. Tək-tük içmiş adamlar gələndə isə vaxt itirmədən bir yolla ordan uzaqlaşdırılırdılar. Narkotikdən istifadə isə ümumiyyətlə mümkün deyildi) . Bizim isə bu təbliğatı neytrallaşdırmaq, həqiqəti dünyaya catdırmaq imkanımız yox idi.

Belə bir vəziyyətdə  Moskvadan müxtəlif qəzet, jurnal və telekanallardan 50-yə yaxın jurnalist gəldi Naxçıvana. Sərhəd hərəkatının zirvə dövrü idi. Naxçıvan Sərhəd dəstəsinin rəisi Jukovun təklifi ilə onunla birlikdə Naxçıvan Sərhəd Dəstəsində mətbuat konfransı keçirdim. Demək olar Moskvadan gələn bütün jurnalistlər orada idi. Jukov öz çıxışında bizi yıxdı-sürüdü. Ən sərt sözləri də o idi ki, “görün bunların vəhşiliyi nə həddə çatıb ki, bunların hesabına 15-20 gündü bizim şəxsi heyyət ailələrindən ayrı yaşayır”. Orada olan bütün zabitlər və jurn
alistlər bu sözə həmrəylik bildirdi.

Mən özümlə Nehrəm məktəbinin Rus dili müəllimi Əli Nağıyevi tərcüməçi götürmüşdüm. Novbə mənə çatdı. Mən bir az girişdən sonra Jukovun qeyd etdiyim sözlərinə gəldim. Burda əvvəlcə Jukovun haqlı olduğunu, insanların ailələrindən ayrı salınmasının yolverilməzliyini və s. bu kimi fikirlər bildirdim. Sonra jurnalistlərə dedim ki, “niyə siz Jukovdan soruşmursunuz ki, o və ailəsindən ayrı yaşamağa məcbur olan zabitlər burada neyləyir? Niyə siz Jukovdan soruşmursunuz ki, onlar burada kimi kimdən qoruyur? Niyə siz demirsiniz ki, əgər biz alkoqolik, narkoman, təxribatçı və anarxistləriksə, niyə bugünə qədər heç bir hadisə olmayıb, heç bir əsgərin burnu qanamayıb? Niyə soruşmursunuz ki, biz şəxsi heyyətin 15-20 gün ailəsindən ayrı yaşamasına narahat olduğumuz halda, Jukov və ona əmr verənlər 70 ildi bizə niyə zülm edirlər, bizim parçalanmış ailələrimizin, bir-birindən ayrı düşmüş qardaşların, ana-balanın bir-birinə qovuşması bir yana bir-birini görməsinə belə imkan vermirlər? Niyə siz demirsiniz ki, əgər bir ailənin 15-20 gün ayrı düşməsinə səbəb olmaq vəhşilikdirsə, 70 ildir ailələri parçalamaq, bir-birindən ayrı salmaq, ananın bala həsrəti ilə ölümünə səbəb olmaq nədir bəs?” 

serhed6.jpg

Mənim belə sərt çıxışım sərhədçiləri necə ürkütdüsə mətbuat konfransını tələsik dayandırdılar və jurnalistlərə sual verməyə belə imkan vermədilər. Amma biz jurnalistlərlə ayrılıqda görüşüb fikirlərimizi bildirdik və bunlar tam olmasa da həmin dövrün mətbuatında öz əksini tapdı.  

1989-cu il dekabrın 31-də səhər saat 12-də Naxçıvanın hər yerində sərhədlərin sökülməsinə başladıq. Nehrəmdə sərhəddin sökülməsi çox həyəcanlı və maraqlı oldu.

Saat 11-də mən çıxış edərək əvvəlcə sərhədçilərə müraciət edib sərhədlərin sökülməsinə mane olmamağa və qan tökülməsinə yol verməməyə çağırdım. Ardınca onu bildirdim ki, əgər sərhədçilər mane olmağa çalışsa və qan töksələr bunun çox ağır nəticələri olacaq. Sonra əhaliyə müraciət edərək onlara mane olmayan və atəş açmayan sərhədçilərə qarşı mülayim olmağı, heç bir artıq hərəkət etməməyi, hər hansı təxribata qarşı ayıq olmağı və narahat edici bir hal olduqda isə bizə xəbər vermədən müdaxilə etməməyin vacibliyini vurğuladım.

Eyni zamanda bir gün əvvəldən bütün əhalini 10 nəfərlik dəstələrə böldüyümüzü, hər 10 dəstəyə isə bir rəhbər təyin etmizi, bu qeydiyyatın da, bölgünün də prosesə tam nəzarət etmək və bütün narahat edici halların qarşısının alınması üçün vacib olduğunu bildirdim. Dedim ki, əvvəlki gün gəlib qeydiyyata düşməyən və dəstələrə yazılmayanlar da qeydiyyatdan keçməli və dəstələrə yazılmalıdırlar. Bildirdim ki, qeydiyyatdan keçərək dəstələrə yazılmayan adamlar sərhəddə yaxın buraxılmayacaq.

serhed7.jpg

Saat 11-də nehrəmlilərlə yanaşı, Babək rayonunun bir çox kəndindən – Babək qəsəbəsindən, Güznüt, çeşməbasar, Yamxana, Qoşadizə, Tumbul, Qaraxanbəyli, Qaraçuq, Şıxmahmud, Cəhri, Sirab, Vayxır, Qahab, Yarımca, Zeynəddin, Yuxarı və Aşağı Uzunoba, Yuxarı və Aşağı Buzqov, Kərməçataq, Leninabad (Kərimbəyli) kəndlərindən, Şahbuz rayonundan və Naxçıvan şəhərindən minlərlə adam gəlmişdi. Əhalinin bir hissəsi çadırın yanında, təpələrdə toplaşmış, bir hissəsi isə aşağıda dəmir yolunda sıra ilə düzlmüşdü. Kiminin əlində mişar, kimində balta, çəkic, bel, mismar çıxarma aləti, kəlbətin vardı, kimi dirəyi yandırmaq üçün evdən su şüşələrində neft gətirmişdi.

Sərhəddi sökməyə ilk kimin başlamasında ciddi mübahisə yarandı. çünki İdarə Heyətinin üzvülərindən və fəallardan çox adam birinci olmaq istəyirdi. Nəhayət, sərhədi İdarə Heyətinin üzvü Hüseyn müəllimlə (Əliyev) Müdafiə Komitəsinin sədri Hidayət Əsgərovun açması, Ədalət İbrahimovun, Cəmil Məhərrəmovun və Abasət İbrahimovun isə  onlara kömək etməsinə razılaşdıq. Bundan sonra 5 nəfər hər biri ayrılıqda diz çökərək, AXC-in bayrağını (o zaman bayraq rəsmi dövlət bayrağı kimi qəbul edilməmişdi) öpdü. Düz saat 12-də təntənəli şəkildə sərhəddin məftili kəsildi və dirək yandırıldı.

çox gərgin vəziyyət idi. Biz sərhədçilərə təsir etməyə çalışdığımız kimi, onlar da bizə təsir etməyə çalışırdı. Bütün sərhəd boyu çoxlu hərbi texnika düzülmüş, hər bir sərhədçi tam təchizatlı şəkildə hazır vəziyyətdə dayanmış, zabitlər isə çox narahat və gərgin halda bizi qərarımızdan yayındırmağa çalışırdı. İlk məftil kəsiləndə sərhədçilərdə bir hərəkətlənmə yarandı. Amma bizim geri çəkilmədiyimizi və dirəyi yandırmağa davam etdiyimizi görüb dayandılar. Dirəyin yandırılması ilə minlərlə adamın heç nədən çəkinməyərək sərhəddi sökməyə başladığını gördükdə isə sərhədçilərə geri çəkilmək əmri verildi.

Dirək yanan kimi, yüzlərlə dəstədə olan minlərlə adam sərhəddi sökməyə başladı. Elə bu zaman Nemət Pənahlı gəldi. Qısa bir çıxış elədi və şeir deyib getdi. Camaat çox qısa vaxtda elə böyük məsafədə sərhəddi sökdü ki, buna inanmaq çətin idi.

serhed2.jpg

Bütün bu proses ərzində İran İslam Respublikasının sərhədçiləri çox da ortada görünmür, daha çox görünməz şəkildə bizi müşahidə edir və bizimlə istər sözlə, istərsə də işarələrlə ünsiyyət qurmaqdan çəkinirdilər.

Sərhəd sökülməmişdən uşaqlar sərhəddin gözdən-könüldən uzaq yerlərində güneydəki SES-də, nasos stansiyasında işləyən və sərhədçilərə xidmət edən güneyli qardaşlarımızla danışmağa başlamışdılar. Güneydən danışdığımız adamların hamısı bir-birindən qorxur, digərlərinin ETTELAT-ın (SAVAMA) üzvü olduğunu bildirərək onun danışdığını başqasına deməməyi bildirirdi. Təbii ki, biz bu danışıqlar zamanı az da olsa güneydəki vəziyyət, bizim çıxışlarımıza, şüarlarımıza və birlik çağrışlarımıza münasibəti öyrənir, həm güneyli qardaşlarımızın, həm də İran rejiminin bizimlə bağlı fikirlərindən xəbər tutur və güneydəkilərə fikirlərimizi çatdırmağa çalışırdıq. Hələ sərhəd açılmamışdan çoxlu insan güneydəki yaxınlarını soraqlayıb tapdı.  

Sərhəd söküləndən 2-3 saat sonra hərbi texnika tamamilə yığışdırıldı, sərhədçilər isə bizim onlara qarşı heç bir pis niyyətimizin olmadığını, onlarla mehriban münasibət qurduğumuzu görüb tamam rahatlandılar. Sərhədçilərin belə tez və tamam raha
tlanmasında bizim uşaqların onlara çoxlu yemək və içki vermələrinin də rolu çox oldu. Sərhədçilərin rahatlanması ilə ondan çox adam Arazın güney sahillərini öpmək və ordan torpaq gətirmək üçün buz kimi suya cumaraq çayı keçdi…