XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 11:45

Dualar və sevgilər devalvasiyaya uğramır… – Zahid Orucdan bayram təbriki

Zahid ORUC, Millət vəkili

üç gün əvvəl televiziyalarımızın birində böyük sənətçimiz Zeynəb Xanlarovanın doğum gününə həsr olunmuş verilişdən sonra fəlsəfənin daimi problemi olan “maddiyyat, yoxsa mənəviyyat birincidir” sualı tamaşıçılar üçün əhəmiyyətli olmalıydı.

Ekranı zəbt etmiş balacalıq kompleksinin daşıyıcılarının bir millətin mənəvi dünyasına vurduğu ziyanları görmək üçün simvol şəxsiyyətlərin efirdə cəmi bir saat olması yetərlidir.

SSRİ-nin ideoloji rənginə nifrətinizi bir kənara qoyun. Totalitar quruluş deyib o dövrün bütün qəhrəmanlarını xalqdan uzaq saymağa ixtiyarımız yoxdur. Kimsə keçmişin xiffəti ilə yaşaya bilər. Lakin o dövrün bütün rituallarını yenidən bərpa etməyə ehtiyac duymadan böyük əmək, sənət və həyat qəhrəmanlarının gerçək dəyərini indi yenidən dərk etməyə borcluyuq. Adil İskəndərovdan Səməndər Rzayevə, Məlİk Dadaşovdan Nəsibə Zeynalovaya qədər bizim teatr və kino sifətimiz təkcə səhnələrimizdən yox, həmçinin gerçəkliyimizdən qeyb olub çıxıb gediblər.

Həsən Məmmədovun bədii obrazını hansısa quruluşa görə kənara atmaq olarmı?

Mərdliyi, bütövlüyü, soyuqqanlılığı və kişiliyi özündə təcəssüm etdirmək heç bir toplum üçün yabançı sayıla bilməz. Milləti formalaşdıran və dəyərlər sistemini yaradan insanları heç bir formasiyada inkar etməyə çalışmayıblar.

Düz yüz il əvvəl barmaqla sayılacaq qədər az olan qabaqcıl zəka sahiblərimiz-haqverdiyevlər, vəzirovlar və köçərlilər geri qalmış Qafqaz xalqlarının həyatında işıqlı məbədə çevrilən Qori seminariyasına sığınanda bununla da gələcək Cümhuriyyət qurucularına, milli ruhaniyyət məktəblərinin formalaşmasına əvəzsiz töhfələr vermişdilər. Lakin sovet dövrünün bütün ideallarının saxta və qurama olduğunu iddia etməyə heç kəsin ixtiyarı yoxdur. çünki onların əmək rəşadəti, mədəni hünəri, hərbi şücaəti gerçək meydanlarda qazanılmışdı və fərqli bir əsrdə yaşamaq kimlərinsə günahı deyildi.

Zeynəb Xanlarova üzərindən çəkdiyimiz misalın mənası mənəvi devalvasiyanın iqtisadi nəticələr doğurduğunu diqqətə çatdırmaqdır. Əgər hər gün işdə, idarəetmədə və bizi əhatə edən insanlar içərisində ədaləti, imanı, istedadı təşviq etməsək, heç bir milli pul vahidi sabit kursuna sahib olmayacaq. İqtisadi qeyri-sabitliyin ən böyük səbəbi təkcə neft “kotirovka”larının birjalarda rəqs edən qiymətləri deyil, həçminin kəmfürsətliyi, başqasına qarşı aqressiyanı və qonşusunu özündən rifahlı görmək istəməyən ağılları bürüyən böhrandır.

Vaxtilə ingilislər yoxsulluğun hökm sürdüyü İngiltərədə Şekspirin əsərlərini səhnəyə daşımaqla millətin həyatını ədəbiyyat və sənətlə dəyişməyə baş vurdular. Mənəvi intibah iqtisadi rifah doğurdu.

Ona görə də Xəzər dənizini ədəbiyyatımızdan və poeziyamızdan çıxarmış Azərbaycan insanı iqtisadiyyatda yeri getdikcə məhdudlaşan neft buruqlarının əvəzinə yeni mənəviyyat dənizini yaratmağa ehtiyac duyduğunu bir daha ortaya qoyur.

Ona görə də yeni təqvim ilinə başlayarkən və iqtisadi kursumuzu dəyişməyə hazırlaşərkən ictimai ədalət normalarımızın və mədəni dəyərlərimizin uğradığı devalvasiyanı da bir nömrəli milli problem kimi qəbul etməliyik. Baxın, dünyada nə qədər təbii sərvətləri olmayan dövlətlər var. Onların şüuru və həyata baxışı neft ölkələrindən çox fərqli qurulub. İndi asan pullara qərar verən hökumətin qüsurlarından hamı danışır. Bəs, Şərq ənənələri kimi əl-ayağımıza daxil olan toy-yas nümayişlərimizi, orta məktəbi qurtarmaqdan hərbi xidmətə, müsəlman olmaqdan tutmuş dünyaya övlad gətirməyə və müxtəlif dəbdəbəli ad günlərinə qədər şadlıq evlərinə daışıdığımız mərəkələrimiz hansı dövlət qərarının ayağına yazmaq olacağıq?

Halbuki “qara qızıl” Xəzər dənizində qurusa da, ağlımızda dərin qatlar bağlamış neft laylarını şüurumuzdan çıxarıb ata bilmirik.

Mənəvi dünyamızı düzəltdikcə, sosial və iqtisadi həyatımız ona adekvat dəyişcəkdir. Hamımız bir-birimizə yaxşı arzular diləməyə borcluyuq. çünki dualar devalvasiyaya uğramır!

Mübarək bayramları qapımızdan içəri qəbul edərkən evizimdəki pisliyi və düşüncələrimizdəki kəsafəti də onunla bərabər keçmiş ildə qoyub, Yeni ilə başlamağa hər birimizin ehtiyacı var.

Bütün ağırlıqlar və itkilərimiz keçmişdə qalmasını diləyərkən hər gün insan taleyi üçün yeni səhifə olduğunu unutmamalıyıq.

Bu dövlətin lideri öz xalqını hər zaman böyük təlatümlərdən çıxarmağı bacarıb.İndi sınağa çəkdiyi hakimiyyət komandası da cənab prezdientin idarəetmə üslubuna, fikir sürətinə və ayaq səslərinə çatmağa borcludular!

Əziz dostlar!

Soyuq qış səngərlərində bizim babalarımızı saxlayan ruh təkcə Stalinə məhəbbət deyildi, ciblərində gəzdirdkləri bir doğmasının şəkli, ürəklərindəki daşıdıqları xeyirxahlıq və qardaşlıq duyğusuydu. Faşizmə qalib gəlmək üçün hamı bir-birini qorumağa məhkum idi.

Sizi 2016-cı il münasibətilə ürəkdən təbrik edərkən sevgi hislərimizin heç zaman devalvasiya olunmayacagına əminliyimi bildirirəm.

Bayramınız mübarək olsun!