Əli ƏLİYEV
Vətəndaş və İnkişaf Partiyasının sədri
Hakimiyyət, siyasi seqment tərəfindən səbirsizliklə gözlənilən əfv fərmanı ilə dəyişikliyə getməyəcəyini çılpaq şəkildə nümayiş etdirdi. Bu, onların seçimidir. Belə tərslik nümayişi rasional görünmür. Nədən?
YAP hakimiyyətinin sabitlik faktoru beynəlxalq müstəvidə tarazlı, çoxvektorlu, bəzən də zahirən xaotik təsir bağışlayan davranış tövrü olub. Əslində, ilk baxışda belə üslub Azərbaycan miqyaslı dövlətlər üçün münasib hesab edilə bilər. üslubun müəllifinin YAP qurucusu, mərhum Prezident Heydər Əliyevin olduğunu nəzərə alsaq, onun təcrübəsinin nəticəli ola biləcəyinə şübhə qalmır. Bir də, yaşadığımız son illər onun qurduğu konfiqurasiyanın işlək olduğunu görmüşük. Lakin…
Ondan sonrakı dünya xeyli dəyişib. Dünyanın təkqütblü idarəçiliyə keçid potensialı güclənib, qlobal proseslər vüsət alıb, kürəsəl dəyişikliklər Azərbaycanın sərhədlərindədir. Bu cərəyanlar fonunda Rusiyanın 2 böyük təşəbbüsü dövlətimizi təhdid etməkdədir:
1. Keçmiş imperiyanın bərpası – Avrasiya İttifaqı;
2. Təkqütblü dünyaya keçidin dayandırılma cəhdi.
Nəhəng güclərin belə toqquşmasından kənarda durmaq, Azərbaycanın yeganə yaşam şərtidir. Son illər ərzində hakimiyyət buna nail ola bilirdi. Amma zaman və məkan dəyişib. Güclərin əlində olan “qayçı” bölgəmizə çatıb. “Biz kiminləyik?” sualına çavab tapmalıyıq. 2 seçimimiz var: ya dünya ilə konfrontasiyada olan, saatbasaat zəifləyən Şimalı, ya da dünyaya hegemonluq edən Qərbi.
Hər 2 tərəflə yaxşı münasibətlər erası bitib. Bizim istifadə etdiyimiz zaman uzatma dəqiqələridir, əsas vaxt sona çatıb.
Ətrafımıza diqqət yetirək: keçmiş İttifaq qonşularımızdan – Ukrayna, Moldova, Gürcüstan, Litva, Latviya, Estoniya Qərbin yanında yer alıblar.
Rusiya başda olmaqla, düşmən Ermənistanın da daxil olduğu Avrasiya (oxu SSRİ) iqtisadi məkanında Belarus, Qazaxıstan, Qırğızıstan birləşib. 4 müsəlman respublikası gözləmə rejimində yaşayır ki, bunlardan da biri bizik.
“Biz harada olacağıq” sualı açıqdır. 2 vacib amil – təhlükəsizlik və iqtisadi maraqlar bizim yerimizi müəyyən etməlidir. Bu amillər bizim kimi olan bütün dövlətlər üçün aktualdır.
Azərbaycan üçün vacib daha bir amil mövcuddur. Bizim beynəlxalq müstəvidə lobbiçiliyimizi həyata keçirən və bizə arxa duran Türkiyə faktorunu qərarımızda mütləq nəzərə almalıyıq.
Ərazilərimizin işğal altında olması və iqtisadiyyatımızın strukturunun bərbadlığı bizə Türkiyəyə daha yaxın olmamızı şərtləndirir. Türkiyə ilə birgə hərəkət, mürəkkəb beynəlxalq şəraitdə yol xəritəmizin açar şərtidir.
Türkiyə son bir ayda Rusiya ilə gərgin münasibətlər fazasına daxil olub. Bununla yanaşı, Avropa Birliyi və ABŞ-la yaxınlaşma, NATO-nun açıq dəstəyi, İsraillə 5 illik qarşıdurmadan sonra barışıq, ABŞ-ın ərəb dünyasındakı yaxın müttəfiqləri Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə tərəfdaşlıq diqqətdən qaçmamalıdır. Hesab edirəm ki, Ərdoğan beynəlxalq sahədə bütün yanlışlarını doğrulamaqdadır.
Belə durumda bizim hakimiyyətdəki reaksion tərəf nə edir? ABŞ-a qarşı “sanksiya” (?) məqsədli qanun layihəsi hazırlayır, Qərblə gərginlik nədəni olanı siyasi məhbus problemində dirəniş göstərir. Bəhanə, Kristofer Smitin müəllifliyi ilə Helsinki komitəsinin hazırladığı qanun layihəsidir.
Məlumat üçün qeyd edək ki, ABŞ-da qanunvericilər Smit layihəsindən daha kəskin, daha əhatəli “Qlobal Maqnitski” qanununu müzakirəyə hazırlayır. Bu qanun layihəsini isə Konqresə yəhudi lobbisinin nüfuzlu nümayəndələrindən biri, senator Bencamin Kardin təklif edib. Bu fakt, hakimiyyətin “MTN problemi” zamanı dövriyyəyə girmiş “İsrail izi” barədə yayılmış söhbətin əlaməti ola bilər. Bütövlükdə hadisə ABŞ-Azərbaycan, İsrail-Azərbaycan, Yəhudi lobbisi-YAP iqtidarı münasibətlərinin kəskin pisləşdiyinin əlamətidir. ölkədə yaşanan maliyyə, iqtisadi, sosial böhran vaxtı, belə beynəlxalq aktivə sahiblik yaxşı heç nə vəd etmir.
Qayıdaq hakimiyyətdəki reaksion adlandırdığımız qüvvəyə. Bütün hakimiyyətlər kimi, bizim iqtidar da yekcins deyil. İqtisadi və beynəlxalq böhran içində müxtəliflik daha aydın nəzərə çarpacaq. Artıq izafi neft pulları gəlmədiyindən, bu müxtəlifliyə “mala” vurmaq çətinləşir. Parlament seçkiləri ərəfəsi Lavrovun Bakı səfərindən sonra 24 dekabra qədər olan dövrdə bir sıra suallara aydınlıq gəlib. Uzun müddət haqqında danışılan hakimiyyətdaxili 2 böyük qruplaşmadan birinin idarəçilikdən uzaqlaşırıldığı görünməyə başlayıb. Təyinat yolu ilə komplektasiya edilmiş, əsasən “rus sevdalı” və ya “dinməz” deputat korpusu, siyasi məhbuslara münasibət və ABŞ-a “müharibə”elanı, məhz reaksion rusiyameylli komandanın “at belində” olduğunun göstəriciləridir.
Prezident Əliyev susur. İnanmıram ki, baş verənlərlə razıdır. Əminəm ki, danışacaq və addım atacaq. Bu, baş verməsə, ölkənin aqibəti yaxşı olmaya bilər. Artıq yaxşı deyil.
Lakin elə ola bilər ki, bu günümüzə şükr edək. Lap suriyalılar kimi…