XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 09:27

İŞİD dünyanın 3-cü nüvə gücünə çevrilə bilər – Pakistan-Səudiyyə əlaqələrinin görünməyən üzü

 

Pakistanla Səudiyyə Ərəbistanı aralarındakı hərbi əməkdaşlığı artırmaq niyyətindədirlər.

Strateq.az-ın bildirdiyinə görə, İslamabada səfər edən Səudiyyə Krallığının müdafiə nazirinin müavini Məhəmməd bin Abdullah Eyş, Pakistan ordusunun Baş qərargah rəisi general-polkovnik Rail Şəriflə görüşüb və hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

İki ölkənin ən yüksək hərbi iradəsinin keçirdiyi görüşün bir müddət əvvəl 34 islam ölkəsinin bir araya gələrək terrorizmə qarşı ittifaq yaratdığını bəyan etməsinin ardından baş tutması təsadüfi hesab olunmur.

Məlumat üçün qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Riyadda keçirilən toplantısında qəbul edilən bu qərara imza atan ölkələrin arasında heç bir şiə dövləti yox idi. Ekspertlər elə bu fakta əsaslanaraq ittifaqın əslində terrorizmə qarşı yox, şiəliyə qarşı yaradıldığına inanırlar.

Maraqlıdır ki, Pakistanın da adı həmin ittifaqa dəstək verənlərin arasında çəkilmiş, xəbəri şərh edən Pakistan Xarici İşlər Nazirliyinin katibi Aizaz çaduri isə Səudiyyə Ərəbistanı liderliyində qurulan ittifaqda ölkəsinin adını oxuyub təəccübləndiyini bildirmişdi. Pakistanın ən səlahiyyətli diplomatının bu açıqlaması verilən məlumatı şübhə altına almış, İslamabadın adından sui-istifadə olunduğu qənaətini yaratmışdı.

Təbii ki, bu sui-istifadə səbəbsiz deyil. Məlum olduğu kimi, Pakistan islam dünyasının ən ciddi hərbi qüdrəti hesab olunur. O, rəsmən nüvə arsenalına sahib yeganə islam ölkəsi olaraq tanınır. özü də Pakistan sadəcə dünyanın bir neçə “nüvə xoşbəxtlərindən” biri də deyil. ABŞ-ın Karnegi Beynəlxalq Sülh Vəqfiylə Stimson adlı düşüncə quruluşunun birgə hazırladığı hesabata görə, 5-10 il içində o, dünyanın 3-cü ən böyük nüvə dövlətinə çevriləcək. Dünyanın ən ciddi təşkilatlarının nəzərində ilk iki nüvə gücü sayılan ABŞRusiyadan sonra Pakistanın önə çıxması onun xor görülməyəcək qədər ciddi hərbi güc olduğunun ən bariz sübutudur.

Xatırladaq ki, hazırda bu sahədə üçüncülüyü əlində saxlayan Fransanın 300-dən çox nüvə başlığı var. Belə çıxır ki, 2020-ci ildən sonra Pakistan da öz nüvə arsenalını bu səviyyəyə çatdıracaq və hətta Fransanı keçəcək.

Hələlik, Pakistanın 120 atom silahının olduğu güman olunur. Onun ziddiyyətdə olduğu və yarandığı qısa tarix ərzində 3 dəfə savaşdığı Hindistan isə cəmi 100 ədəd bu cür silaha sahibdir. Halbuki 1998-ci ildə ilk nüvə sınağını keçirən Pakistan bu qüdrətə sahib olmaq istəyinin səbəbini Hindistandan gələ biləcək nüvə təhdidilə əsaslandırmışdı.

O da maraqlıdır ki, Hindistan ilk nüvə sınağını 1974-cü ildə həyata keçirmişdi. Rəqibindən 24 il sonra “nüvələşməyə” başlayan, amma 17 il ərzində nəinki onu arxada buraxan, hətta dünyanın ən böyük 3 qüdrətlisindən birinə çevriləcəyi güman olunan Pakistanın birdən-birə ildırım sürətiylə güclənməsi ağıllarda müəyyən suallar yaradır. Axı, Pakistan Asiyanın iqtisadi cəhətdən yenidən parıldamağa başlayan ulduz dövlətlərindən biri deyil. Onun iqtisadi qüdrəti nə ABŞ-la kəllə-kəlləyə gəlməkdən çəkinməyən çin, nə də texnoloji qabiliyyətilə seçilən Yaponiya və ya Cənubi Koreya qədər deyil. “Nüvələşmə” strategiyasını özünün ən başlıca hərbi doktrinası olaraq qəbul edən çinin belə bu sahəyə ayırdığı diqqətdə (bu diqqətin həm də pul demək olduğunu nəzərdən qaçırmayaq) Pakistandan xeyli geridə qalması, həqiqətən, təəccüblüdür.

Pakistan rəsmiləri nüvə başarılarının sirrini iki əsas amillə əsalandırmağa çalışırlar. Bunlardan biri islam dünyasının Eynşteyni hesab olunan Əbdülqədir Xandır. Hindistanda doğulub, sonra Pakistana köçən bu türkəsilli “bombabeyin” düha, doğrudan da, İslamabadın getdikcə dünya dövlətlərindən birinin paytaxtına çevrilməsində müstəsna rol oynayıb. Hollandiyanın atom energetikasına aid qurumlarda çalışan və ciddi təcrübə toplayan Əbdülqədir Xan daha sonra Hindistana qarşı nüvə qalxanı yaratmaq istəyən Pakistanın çağırışını qəbul edib vətəninə qayıdıb. Hindistanın 3-cü nüvə sınağından sonra 3 gün ərzində ondan daha möhtəşəm sınaqlarla Dehlini təəccübləndirəcəyinə söz verən ölkəsinin üzünü qaraltmayıb. Həqiqətən də, söz verilən gün eyni anda 5 uğurlu nüvə sınaqlarıyla Pakistanın hərbi qüdrətinə silinməz möhür vurub.

Fəqət bu “bombabeyin” dühanın intelektual gücünün öz ölkəsini 20 il ərzində dünya 3-cülüyünə çıxarmağa kifayət etməyəcəyi açıqdır. Məsələnin, türklər demiş, “püf nöqtəsi” bu əsrarəngiz dühanın əqli potensialını reallaşdırmaq üçün tələb olunan kapitalın hardan tapılmasındadır.

İslamabad bu müəmmanı ölkəsinin iqtisadi fədakarlıqlarıyla əsaslandırır. Rəsmi məlumata görə, Pakistan illərlə yeməyib, içməyib, əlinə keçən bütün pulunu nüvə silahlarına yatırıb. İndiyə qədər bütün Pakistan yetkililərinin söykəndiyi bu ideyanın müəllifi ölkənin sabiq prezidenti Zülfiqar Əli Buttodur. Hindistan 1974-cü ildə ilk nüvə sınağını həyata keçirəndə Zülfiqar Əli Butto özünün tarixi sözlərini dilə gətirərək demişdir: “Quru ot yeyəcəyik, ac qalacağıq, amma nüvə silahları düzəldəcəyik”. O gündən etibarən, Pakistanın bütün qüdrəti bu sözün reallaşmasına yönəldilmiş və İslamabad gözlənilən sürpriz hədiyyəni SSRİ dağıldığı sıralarda, 1998-ci ildə almışdır.

İrəli sürülən bu rəsmi açıqlamaya şəkki-şübhəmiz olmasa da, yalnız ot (özü də qurusunu) yeməklə modern sənaye gücülərini arxada buraxmaq tam inandırıcı görünmür. Zira, əgər bu xasiyyətlə bu qədər hərbi qüdrətə sahib olmaq mümkün olsaydı, onda gərək otyeyən canlılar dünyaya hökm edərdilər.

Möcüzələrə çox etibar etməyən ekspertlər məhz bu məntiqə əsaslanaraq, Pakistanın bu qədər böyük qüdrətə sahib olmasının açıqlanmayan başqa bir sirrinin mövcudluğuna inanırlar. Bəziləri hətta bu qüdrətin sirrini Səudiyyə Krallığının kapital gücündə axtarır. Rəsmən təsdiqlənməyən mülahizələrə görə, Pakistanın  nüvə arsenalının əsl nüvəsini Səudiyyə kapitalı təşkil edir. Yəni, o silahların pulunu rəsmi Riyad verir.

Səudiyyə ailəsinin nüvə arsenalını öz ölkəsində yox, ondan çox-çox uzaqlarda yaratması isə səbəbsiz deyil. Zira İsrailin təhlükəsizliyini təhdid gərəkçəsiylə beynəlxalq aləm Səudiyyə Ərəbistanına öz ölkəsində nüvə gücünə sahib olmağa bu imkanı verməzdi. Getdikcə “nüvələşən” İran təhdidi isə pulu başından aşan rəsmi
Riyadı öz gələcəyini güvəncə altına almağa sürükləyirdi. Gələcəyin qarantiyası isə nüvə gücündədir.

Əgər məqsəd İran nüvəsindən qorunmaqdırsa, onu İranın şərq sərhədlərində də yaratmaq olardı. Əks təqdirdə, İranın Qərb sərhədlərində yaradılan nüvə silahlarının sabah istiqamətini İsrailə tərəf çevirməyəcəyi nə məlumdu?

Məsələyə bu aspektdən nəzər salanda, Səudiyyə Ərəbistanının Pakistanla hətta razılığa belə ehtiyac duymadan onun adını öz müttəfiqləri siyahısına salmasının səbəbi aydın olur. Görünür, özünü ferma müdiri hesab edən Səudiyyə kralı sağıcıya xəbər vermədən, onun əvəzinə hansısa sənədə qol çəkib, sağıcı isə adını mətniylə yenicə tanış olduğu, özü də mətbuatdan oxuduğu siyahıda görəndə təəccüblənib. Sağıcının təəccübləndiyini açıq şəkildə büruzə verməsi sirrin üstünü açdığından, ferma müdiri dərhal qulamını onun yanına göndərib və hal-qəziyyəni qulluqçusuna izah edib.

Krallığın müdafiə nazirinin müavininin Pakistana təşrif buyurub ölkənin Baş qərargah rəisiylə əsgəri əməkdaşlıq haqqında müzakirə aparmasını ancaq bu misalla müqayisə etmək olar.

Dövlətlərarası münasibətlərdə əsl skandal hesab olunacaq yuxarıdakı ehtimalı həmin görüşün ardından verilən açıqlamalar da sübut edir. Maraqlıdır ki, həmin açıqlamalar hərbi yetkililərdən deyil, yenə təəccübüylə bir böyük paxırın üstünü açan  Pakistanın Xarıcı İşlər Nazirliyi tərəfindən verilib. Bu səfər isə danışan başqa bir ali diplomat olub. Belə ki, İslamabadda həftəlik mətbuat brifinqində danışan XİN-nin sözçüsü Qazi Xəlulullah deyib: “Pakistan terrorizmə qarşı koalisiyaya qoşuldu. Bu ittifaqa töhfəmizin nə olacağı barədə detalları Səudiyyə Ərəbistanından gözləyirik”.

Qazi Xəlilullahın yuxarıdakı cümlələrini loru dilə çevirəndə belə alınır: “Ferma müdirindən əmr gözləyirik!”

Sözsüz ki, özünü ferma müdiri kimi aparan Səudiyyə Ərəbistanının Pakistanı sağıcı yerinə qoyması Uzaq Şərqin bu kasıb, amma hərbi baxımdan qüdrətli ölkəsini də Orta Şərqin gününə qoya bilər. çünki 180 milyonluq Pakistanın ən azı 20%-nin şiə olduğu və onların əsasən İran sərhədləri boyunca yaşadığı məlumdur. İlk baxışdan 20% kimi rəqəmlə ifadə olunan bu statistika bəzilərinə xeyli az görünə bilər. Onu faizsiz rəqəmə çevirəndə isə olduqca böyük say alınır: təxminən, 40 milyon nəfər. Yəni 30 milyonluq Səudiyyə Ərəbistanından 3/1 qədər çox.

Səudiyyə Ərəbistanının kuklasına çevrilməyə qərar verən Pakistanda bu durumun təsirsiz qalmayacağı və islam dünyasını ağuşuna alan məzhəb müharibəsinin bu ölkəyə də sıçrayacağı güman olunur. Məzhəb müharibələri isə, istər-istəməz, Pakistanda Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən və onsuz da ciddi təsir imkanına sahib olan Taliban, əl-Qaidə, İŞİD tipli qüvvələri ön plana çıxara bilər. Onlar hətta bu ölkədə hakimiyyəti belə ələ keçirə bilərlər. Bu isə gələcəyin ən böyük nüvə arsenallarından birinin radikal islamçıların əlinə keçməsi deməkdir. O radikalların ki, onlar İsraili, ABŞ-ı yox, şiələri özlərinin ən böyük hədəfinə çeviriblər.

Sonda onu da qeyd edək ki, irəli sürdüyümüz bu ehtimal, deyəsən, Pakistan ictimaiyyətini də ciddi narahat edir. Hər halda haqqında söhbət açdığımız mətbuat konfransında danışan Qazi Xəlilullahın bir suala veridiyi cavab bu cür düşünməyə əsas verir. Jurnalistlərdən birinin sualını cavablandıran diplomat deyib: “Pakistanda nəinki İŞİD təhlükəsi yoxdur, hətta onun kölgəsinin belə yaranmasına izn verilməyəcək. İŞİD təhlükəsinə qarşı bütün təhlükəsizlik qüvvələrimiz “həyəcan” vəziyyətinə gətirilib”.

Adamdan soruşarlar ki, ey mübarək adam, həqiqətən də, İŞİD təhlükəsi yoxdursa, təhlükəsizlik tədbirlərinizi niyə gücləndiribsiniz?

 

Heydər Oğuz

Strateq.az