XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2016 - 11:27

Azərbaycan hökumətinin 2016-cı il üçün ev tapşırıqları – 10 ilin neft komandası böhran çağırışlarına necə cavab verəcək?

Azerbaycan-hokumeti-11.jpg

2000-ci ildən üzübəri – son 15 ildə,  2015-ci ildəki qədər çətin və problemlərlə zəngin il yaşamamışdıq. İlin iqtisadi yekunları ilə bağlı göstəricilər, 2015-ci ilin kədərli mənzərəsini daha aydın göstərir.

Nəzərə alın ki, bu göstəricilər 2015-ci ilin yanvar-noyabr aylarını əhatə edir – 21 dekabr devalvasiyasından sonrakı vəziyyəti hələ əks etdirmir.

Beləliklə, cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirlərinin 3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. ümumi daxili məhsulun 30,7 faizi isə, neft sektorunun payına düşub.

Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda  istehsal olunub. Neft hasilatı isə, 0,4 faiz azalıb. 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17205,9 milyon ABŞ dolları təşkil edib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,3 faiz, o cümlədən ixrac 6,0 faiz azalıb, idxal isə, 0,3 faiz artıb.

Yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı cəmi 1324,9 milyon dollar təşkil edib.

2014-cü ilin eyni dövrünə nisbətən cari ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə, 1,0 faiz bahalaşıb. ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşıb. 

Büdcənin icrasında 51, 2 milyon manatlıq kəsir yaranıb.

Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il noyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il noyabr ayının 1-i ilə müqayisədə 4,1 faiz artıb.

ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,0 faizini təşkil edib

Azərbaycanın milli valyutası 2015-ci il ərzində ABŞ dollarına nisbətən 100% dəyər itirib.

Neftin qiyməti 3 dəfə aşağı düşub, bunun nəticəsində ötən illə müqayisədə Azərbaycanın gəlirləri 10 milyard dollardan çox azalıb.

Mərkəzi Bankın valyuta ehtiyatları 3 dəfə azalaraq, 5 milyrad manata qədər aşağı düşüb. Fevral-dekabr aylarında manatan məzənnəsinin sabit saxlanılması üçün hər ay 1 milyard dollar sərf olunub.

İqtisadiyyatın ayrı-ayrı sekorlarında (tikinti, xidmət sektoru), ticarətdə sürətlə gerilmə müşahidə olunur. 10 ay ərzində 100% devalvasiya əhalinin alıcılıq qabiliyyətini, təxminən, 2 dəfə aşağı salıb, ölkədə işgüzar fəallığın səviyyəsi yüksək templərlə aşağı düşməkdə davam edir. Dollarla maliyyə öhdəliyi olanlar isə faktiki olaraq, acınacaqlı duruma düşüblər. İş yerləri sürətlə bağlanır, ixtisarların miqyası görünməmiş şəkildə genişlənir.

Neft hökuməti antiböhran hökuməti ilə əvəzlənməlidir

Bu situasiyada isə, hökumətin adekvat reaksiyası görünmür. Əslində, təxirəsalınmaz antiböhran tədbilərinə 2014-cü ilin oktyabr ayından başlanmalı idi. Məhz 2014-cü ilin oktyabrından etibarən neftin qiymətinin ucuzlaşması tendensiyasının sabit xarakter alacağı gözlənilən idi. Hökumət isə, gözləmə mövqeyi tutdu və preventiv tədbirlər görmədi. Bu gözləmə mövqeyinin ilk zərbəsi ötən il 21 fevralda, 35% devalvasiya qərarı oldu. Baxmayaraq ki, tendensiyaların analizi neftin qiymətinin daha da aşağı düşəcəyini göstərirdi, hökumət yenə boş xəyallara qapıldı və 21 dekabrda “üzən məzənnə” qərarı verildi.  Bu qərarı verən hökumət, nəhayət, başa düşdü ki,  2014-cü ilin oktyabrından bu yana axına qarşı üzməyin heç bir faydası yoxmuş.

İndiyə qədər atılan addımlar (yoxlamalara 2 illik qadağa qoyulması, lisenziyaların verilməsində yeniliklər, qismən struktur dəyişiklikəri) hazırkı böhran çağrışlarına adekvat deyil. Nəinki adekvat deyil, ümumiyyətlə,  vəziyyətə azacıq da olsa müsbət təsir göstərmək gücündə deyil. çünki gecikmiş addımlardır və onlar böyük islahatlar paketinin yalnız bir komponenti kimi fayda verə bilər. 

İndiki böhran çağrışları isə hökumətdən kökündən yeni yanaşma,  son 10 ilin idarəçilik,  tənzimlənmə, gəlirlərin bölüşdürülməsi, investisiya, büdcə, vergi sistemi, sahibkarların dəstəklənməsi modelindən imtinanı tələb edir.

Hökumət mütləq və mütləq kompleks islahatlar paketi, antiböhran tədbiləri sistemi masaya qoymalıdır. Bu, yalnız neftin qiymətinin aşağı düşməsi ilə yaranan böhranın dəf edilməsi naminə yox, milli maraqların önə çəkildiyi gücülü iqtisadiyyata, dinamik cəmiyyətə malik dövlət quruculuğu kimi missiyadan irəli gəlir. Böhran sağa-sola baxmadan son 10 ilin səhvlərindən imtina etmək üçün çox gözəl şans verib. Bu şansı dəyərləndirmək də tarixi fürsətdir, əslində.

Azərbaycanda son 10 ildə hökumətdə elə ciddi dəyişikliklər baş verməyib. Hazırkı komanda yüksək neft qiymətlərinin yaratdığı 10 ilin neft komandasıdır. Getdikcə əmin oluruq ki, bu iqtisadi komanda ilə böhranı aşmaq mümkün olmayacaq. Görünən budur ki, bu komandanın özünün ciddi şəkildə format olunmasına ciddi ehtiyac var. Yalnız köhnə vərdiş və iş üslübu ilə buxovlanmayan yeni komanda yeniliklər yarada bilər.

Köhnələr isə, öz kabinetlərində yüksək neft qiymətlərinin xiffətini çəkməklə məşğuldurlar və özləri kimi məsləhətçilərinin köməyi ilə yalnız virtual işgüzarlıq sərgiləyirlər. özləri haqqında tənqid səslənməməsi üçün görünməmiş səxavət nümayiş etdirirlər…

2016-cı il üçün “ev tapşrıqları”

Azərbaycanın sürətli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadiyyatın dirçəldilməsi üçün hələ ki, potensialı və maliyyəsi var. ölkə üçün hazırda ən böyük problem məhz bu islahatların gecikməsidir.

Təcrübə göstərir
ki, islahatlar proqramını bütün dəqiqliyilə işləmək, bütün məqamları nəzərə almaq, qeyri-mümkündür. Ən əsası, işə başlamaq və cəmiyyətlə sıx komminikasiyada islahatlar üçün ictimai etimad mühiti yaratmaqdır.

Səhvlər olacaq, bu, qaçılmazdır. Amma prosesin gedişində bu səhvləri aradan qaldırmaq mümkündür.  Bu, islahat siyasətinin xarakterindən irəli gəlir. İnsanlar bu gün gerçək iş getdiyinin şahidi olmalıdır. Onlarda inam yaranmalıdır ki,  hökumət vətəndaşlarını düşünərək işləyir. Bu zaman səhvlər də təbii qarşılanacaq və onların düzəldilməsi üçün etimad da göstəriləcək.

2016-cı ildə isə, ilk növbədə, inhisarçılığın bütün formalarına son qoyulmalı (idxal, ixrac və istehsalda, dövlət satınalmalarında), çox ciddi institusional islahatlar aparılmalıdır.

Təsəvvür edin ki, gömrük sistemində orta əmək haqqı 600 manata qədərdir. Əgər burada zəruri institusional islahatlar aparılmasa, rüşvət və  korrupsiyanın qarşısını almaq olarmı?

Sahibkarlıq mühitinin yaxşılaşdırılması, daxili investisiyaların təşviqi, xarici investorların cəlb olunması üçün qanunvercilik, institusional islahatlar aparılmalıdır. İnvestorların, sahibkarların hüquqularının qorunması üçün çox sərt qərarlar verilməli, məhkəmə sistemində qayda yaradılmalıdır.

Azərbaycanda aparılan islahatlara elə bir etimad mühiti yaradılmalıdır ki,  maliyyə ölkədən qaçmasın, əksinə, investorlar,  iş adamları üçün “əlverişli liman”a çevrilsin.

Əks halda, 2015-ci ilə şükür etməli olacağıq…

Zaur İbrahimli

Strateq.az