XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2016 - 11:20

Putinin 2016-cı il mesajları – Rusiyanın yeni Milli Təhlükəsizlik Konsepsiyasında nələr var?

Putin-strategiya.jpg

Yeni il ərəfəsində – 31 dekabr 2014-cü il tarixdə Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Milli Təhlükəsizlik Konsepsiyası”nı təsdiq etdi.  Bundan əvvəl 2009-cu ildə “2020-ci ilədək Rusiya Federasiyasının Milli Təhlükəsizlik Konsepsiyası” təsdiq olunmuşdu.

7 ildən sonra bu sənəddə çox mühüm  əlavə və dəyişikliklər edilib. “Rusiya Federasiyasının Milli Təhlükəsizlik Konsepsiyası” Moskvanın 7 ildən sonra milli təhlükəsizlik məsələləri, təhdidlər, bu təhdidlərin önlənməsi üçün vacib sayılan addımlar barədə dəyişən yanaşma və baxışlarını əks etdirir.

Rusiya KİV-i və təhlilçiləri “Rusiya Federasiyasının Milli Təhlükəsizlik Konsepsiyası”nda ötən 7 ildə nələrin dəyişdiyi və hansı yeniliklərin olması ilə bağlı qonşu ölkə kimi Azərbaycanın da marağına səbəb olacaq müzakirələr açıblar. 

İlk növbədə “Rusiyanın müasir dünyada yeri” bölməsində əhəmiyyətli dəyişikliklər baş verib. Əvvəlki redaksiyada qeyd olunurdu ki, “Dünyanın inkişafı beynəlxalq həyatın bütün sferalarında qloballaşma yolu ilə gedir, hadisələrin qarşılıqlı əlaqəsi və yüksək dinamizmilə fərqlənir”.  Burada eyni zamanda Rusiyanın bu qloballaşan dünyaya uğurla, bərabərhüquqlu üzv kimi daxil olduğuna eyham vurulurdu.  Bununla belə, “Avro-Atlantik  regionun regional arxitekturasında” nöqsanalr olması, NATO-nun bu problemlərin həllində o qədər də pozitiv rol oynamadığı göstərilirdi.

Yeni mətndə isə təxminən hər üçüncü cümlədə “Rusiyanın milli maraqları” ifadəsi işlənir.  Strategiyada qeyd olunur ki,  “Milli maraqların təmin olunmasında dövlət siyasəti Rusiya Federasiyasının sosial-qitisadi inkişafı strateji milli prioritetlərin reallaşması və milli maraqların effektiv qorunmasına xidmət edir”.

Daha sonra bildirilir ki, “Rusiyanın beynəlxalq problemlərin həllində, hərbi münaqişələrin nizamlanmasında, dövlətlərarası münasibətlərdə strateji sabitliyin beynəlxalq hüququn aliliyinin təmin edilməsində rolu artıb”.

Sənəddə Moskvaya mane olan qüvvələr açıq şəkildə qeyd edilib: Rusiyanın güclənməsi kompleks xarakterli, biri-biri ilə qarşılıqlı əlaqədə olan milli təhlükəsizliyə qarşı yeni təhdidlər fonunda baş verir.  Rusiya Federasiyanının müstəqil daxili və xarici siyasət aparması dünyada öz hökmranlığını saxlamağa çalışan ABŞ və onun müttəfiqlərinin əks-təsiri ilə qarşılaşır. Onlar tərəfindən həyata keçirilən Rusiyanın sıxışdırılması siyasəti ona qarşı siyasi, iqtisadi, hərbi və informasiya təzyiqi göstərilməsini əhatə edir“.

Rusların fikirincə, dünyadı proseslərdə güc nümayişi əsas amil olaraq qalır: “Beynəlxalq münasibətlərdə güc amlinin təsiri azalmır. Hücum silahlarının sayının artırılması, modernləşdirilməsi, bu silahların yeni növlərinin yaradılması, yerləşdirilməsi qlobal təhlükəsizlik, silahlanma üzərində nəzarəti təmin edən dövlətlərarası müqavilələr, razılaşmalar sistemini zəiflədir. Avro-Atlantik, Avrasiya və Asiya-Sakit Okean regionalrında bərabər və bölünməz təhlükəsizlik prinsiplərinə riayət olunmur. Rusiya ilə qonşu regionlarda militarlaşma və silahlanma yarışı prosesləri inkişaf edir“.

Bu dəfə ruslar açıq şəkildə NATO-nun fəaliyyətini və güclənməsini  əsas təhdid kimi göstərməkdən çəkinməyiblər: “NATO-nun güc potensialının artırılması və beynəlxalq hüquq normalarına zidd olaraq ona verilən qlobal funksiyaların reallaşdırılması, blok üzvlərinin hərbi fəaliyyətinin fəallaşması, Alyansın genişlənməsinin davam etməsi, onun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması milli təhlükəsizliyə təhlükə yaradır”.

Bundan başqa, ilk dəfə olaraq, “rəngli inqilablar” milli təhlükəsizliyə təhdidlər sırasında yer alıb. 

Eyni zamanda kommunikasiya vasitələri üzərində nəzarət məsələsinə də xüsusi diqqət ayrılıb.

Əvvəlki redaksiyada “Strateji sabitlik” bölməsində daha çox ümumi ifadələrdən istifadə olunmuşdu.  Yeni variantda isə Rusiyanın yanaşması daha konkret göstərilib. Rusiya öz siyasi vektorunu dəyişməyə hazırlaşmır. Rusiya Şərqə doğru istiqamət götürəcək. Şərqə doğru hərəkət MDB, KTMT, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı, “Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu”, “20- lik” Qrupu kimi hərbi və iqtisadi məsələlərlə bağlı əməkdaşlıq təşkilatları vasitəsilə  həyata keçiriləcək.

Strategiyada Abxaziya və Cənubi Osetiyanın dəstəklənməsi birmənalı ifadə olunub. Həmçinin çin və Hindistan ilə əməkdaşlıq siyasi-iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas amillərindən biri kimi qeyd olunub.

Rusiyanın MDB daxilində inteqrasiya proseslərində maraqlı olduğu də qeyd olunub.

Strategiyada Rusiyanın xaricdə hərbi əməliyyatlar apara biləcəyi də göstərilir. Bir şərtlə ki, buna qədər münaqişə və problemlərin dinc yollara həlli heç bir nəticə verməsin.

Eksperlər qeyd edirlər ki, yeni Strategiyada Putin və Kreml aqressiv xarici siyasət kursundan geri çəkilməyəcəklərini, ilk növbədə MDB məkanı, Avrasiya regionunda möhkəmlənməyə çalışacağını bəyan edib. Eyni zamanda NATO əsas təhdid mənbəyi göstərilməklə Qərblə münasibətlərin indiki formada davam edəcəyini açıqlayıb.

Moskva xaricdə hərbi əməliyyatların aparılması təşəbbüslərindən əl çəkməyəcəyini də bəyan edib. Strategiyada qeyd edilib ki, Rusiya ABŞ-la münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. ABŞ-la münasibətlər barədə yalnız “maraqlıdır” sözünün işlənməsi diqqət çəkib və Rusiyanın Vaşinqtonu yenə əsas rəqib kimi görməsi Putinin əsas mesajlarından biri kimi də dəyərləndirilib.

Zaur İbrahimli

Strateq.az