İran və İraq rəhbərliyi şiə alimi Ayətullah Nemr Bakır ən-Nemrin Səudiyyə Ərəbistanında edam edilməsinə sərt reaksiya verib.
İran Xarici İşlər Nazirliyi Nemrin edamını şiddətlə qınadıqlarını açıqlayıb.
Nazirliyin sözçüsü Hüseyn Cabir Ənsari Ərəbistanın bu addıma görə cavab verəcəyini bildirib: “Səudiyyə Ərəbistanı rəhbərliyinin terrorçuluğu dəstəkləyən bir siyasət yürütdüyünü izləyirik. Bu sonsuz və məsuliyyətsiz siyasətin nəticələri yerdə qalmayacaq və Səudiyyə rəhbərliyi bunun üçün cavab verəcək”.
“Tasnim” agentliyinin məlumatına görə, Nemrin edamından sonra Buşehr əyalətindəki İnzibati Şura Yığıncağında danışan İran parlamentinin sədri Əli Laricani bölgədəki təhlükəsizlik tədbirlərinin artırılacağını deyib.
İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri Ələddin Burucerdi də Nemrin edamını pisləyib: “Nemrin qətlə yetirilməsinin nəticələri Səudiyyə səlahiyyətliləri üçün çox ağır olacaq”(Axar.az).
Xatırladaq ki, İraq şiələri də alimin edam edilməsinə sərt etiraz edib. İraq şiələrinin lideri Müqtəda əs-Sədr bütün İraq şiələrini Səudiyyə Ərəbistanına etiraz etməyə çağırıb.
İraqın sabiq baş naziri Nuri əl-Maliki də Nemrin edamına etiraz edib. Maliki krallığı məzhəbçilikdə günahlandırıb.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanında Riyad Cəza Məhkəməsinin hökmü ilə aralarında şiə din xadimi Ayətullah Nemr Bakır ən-Nemrin də olduğu 47 nəfər edam edilib.
ölkənin tanınmış şiə din xadimlərindən olan Nemr etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin-amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.