XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 08:42

Məzhəb qürurunu ölkə bütövlüyündən üstün tutan alim: Ayətullah Nemr kimdir?

Bir neçə gün öncə bütün islam dünyasında ciddi əks-sədaya səbəb olan bir edam hadisəsi yaşandı. Səudiyyə Ərəbistanı 2012-ci ildən bəri həbsdə saxladığı ayətullah Şeyx Nemri edam etdiyini bildirdi.

Beləcə, onsuz da gərilmiş vəziyyətdə olan məhzəb münaqişələrinin daha da artmasına şərait yaradıldı.

Bəs, görəsən, İslam dünyasında yeni gərilimlərə səbəb olan bu adam kimdir?

Ayətullah Şeyx Nemr Bağır əl-Nemr 1958-ci ildə Ərəbistanının şərqində yerləşən əl-Avamiyyə şəhərində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nemr və babası Əli ibn Nasir Əli Nemr Ərəbistanının böyük şiə alimlərindən olub.

İlk və orta təhsilini doğulduğu şəhərdə tamamlayan Nemr daha sonra təhsilini davam etdirmək üçün Tehrana gedir. Burada ayətullah Seyid Məhəmməd Tağı Müdərrisi tərəfindən qurulan Həzrət Qaim mədrəsəsində oxuyur. İranda 10 il oxuduqdan sonra təhsil həyatını Suriyada davam etdirməyə qərar verir.

Ayətullah Şeyx Nemr təhsil həyatı boyunca Tehran, Qum və Şamda Şeyx Vahid Əfqani, Şeyx Sahib Sadiq, Ayətullah Haqqani, Seyid Məhəmməd Tağı Müdərris və Seyid Abbas Müdərris kimi alimlərdən lümə, risalə, məqasib və əxlaq dərsləri alır.

Bir oğlu və üç qızı var. Həyat yoldaşı Mina Cabir əl-Şeryavi tutulduğu xərçəng xəstəliyindən ABŞ-da bir xəstəxanada dünyasını dəyişib.

İran və Suriyada təhsilini bitirdikdən sonra Ərəbistana qayıdan Ayətullah Şeyx Nemr anadan olduğu Avamiyyə şəhərində “İmam Qaim Elm Mərkəzi” adlı təhsil ocağı qurur. Bu mərkəz, 2011-ci ildə quracaq olan “İslam Mərkəzi” qurumunun özəyini təşkil edir.

Qaynaqlar ayətullah Şeyx Nemrin Avamiyyə bölgəsində məscidlərin ictimai həyata qazandırılması, cümə namazlarının yenidən keçirilməsi, praktik və nəzəri anlayışların müzakirəsi ilə məşğul olduğunu, bir çox kitab və məqalələr yazdığını, gənclərin evliliklərinə kömək etmək və asanlaşdırmaq, qadının cəmiyyətdə daha aktiv rol oynamasına çalışmaq və gənclərin əxlaqi dəyərlərə istiqamətləndirərək fəsadların qarşısını almaq kimi bir çox sahədə fəaliyyət göstərdiyini bildirir.

Səudiyyə Krallığı alimi terrorizmə dəstək verməkdə günahlandırsa da, bütün çıxış və yazılarında silahlı mübarizədən uzaq durulmasının vacibliyinə toxunan Nemr “bizim ən təsirli silahımız siyasi mübarizəmizdir” deyirmiş. Alimin 2011-ci ildəki çıxışlarının birində səsləndirdiyi aşağıdakı sözlər bu mənada diqqətə şayandır:“Səudiyyə yetkililəri güllələrə, öldürməyə və həbsə güvənirlər. Biz isə sözlərin kükrəməsinə güvənməliyik. Silahlardan istifadəni qəbul etmirik. Bu, bizim gedəcəyimiz bir yol deyil. Uduzarıq. Silahlı mübarizə bizim işimizə gəlməz. Etiraz aksiyalarında silahlı birini görsək, ona bu əməlin qəbul edilməz olduğunu söyləyəcəyik. Sözlərlə mübarizə bizim prinsipimizdir. Biz yalnız bu prinsipi qəbul edənlərə qucaq açmışıq”.

Səudiyyə rejiminə sözlə savaş açmış Nemrin apardığı mübarizəni əsasən, bir neçə istiqamətə ayırmaq olar:

  1. Əhli-beyt imamlarının qəbrinin olduğu Bəqi məzarlığının dağıdılmasına qarşı etiraz aksiyaları;
  2. Səudiyyə Ərəbistanının məhzəbçi anlayışının nəticəsi olaraq şiə azlığın hüquqlarının tapdalanması;
  3. Ərəbistanın demokratikləşməsi, sülalə rejiminin daha ədalətli bir sistemlə əvəz olunması, qadın hüquq və azadlıqları, gənclərin sosial problemlərinin həlli;
  4. Riyadın xarici siyasətində ABŞ və İsrailin təsir dairəsindən çıxması, xüsusilə, Fələstin məsələsində daha aktiv yer alması.  

İlk mübarizəsinə Əhli-beyt imamlarına aid qəbirlərin bərpa edilməsi tələbiylə başlayan Ayətullah Şeyx Nemr 2004-ci ildən 2007-ci ilə qədər hər il Bəqi məzarlığının məhv edilməsinin ildönümünü xatırlamaq üçün tədbirlər keçirməyə çalışmış, amma hər dəfə də Səudiyyə Ərəbistanı rejiminin sərt reaksiyası ilə qarşılaşmışdır. Nəhayət, bütün təzyiqlərə baxmayaraq, 2007-ci ildə o, öz məqsədinə çatır, keçirdiyi aksiya böyük əks-səda doğurur, Avropa və Amerikada belə Səudiyyə Ərəbistanını qınayan və türbələrin yenidən inşa edilməsini dəstəkləyən nümayişlər keçirilir.

Ayətullah Səudiyyə Ərəbistanında yaşayan şiələrin hüququnun müdafiəsində də əlindən gələni etməyə çalışmış, hətta bu zülm davam edərsə, tərəfdarlarını Səudiyyə Ərəbistanından ayrılmağa çağıracağını bildirmişdi. 2009-cu ilin fevral ayında səsləndirdiyi bir çıxışda üzünü Səudiyyə Ərəbistanı rejiminə tutaraq, demişdi: “Əgər bizim sahib olduğumuz şərəf və ləyaqəti geri verməsəniz, ölkədə yaşayan şiələri Səudiyyə Ərəbistanından ayrılmağa çağıracağıq. Bizim qürurumuz, ölkə bütövlüyü də başda olmaqla, hər şeydən daha əhəmiyyətlidir”.

Şeyx Nemr çıxışlarında həmçinin azad və demokratik seçkilər keçirilməsini tələb edirdi. Səudiyyə rejimini xüsusilə ölkənin şərqindəki Ahsa və Katif bölgələrindəki ayrı-seçkilik siyasəti səbəbiylə ciddi təndiq edən ayətullah ərəb ölkələrində hökumət taxt-tacının miras kimi atadan oğula keçməsini də qəbul edə bilmir və sözügedən xanədanlıqları İngiltərənin müstəmləkəsi adlandırırdı.

“Ərəb baharı” inqilablarından sonra həm Şeyx Nemr aktivləşmiş, həm də ona qarşı basqılar da artmışdı. 2011-ci ildə Tunis və Misirdə diktator rejimlərinin yıxılması və Bəhreyndə xalq qiyamının başlaması ilə 2008-ci ildə Səudiyyə rejimi tərəfindən özünə qarşı tətbiq olunan cümə namazı qıldırmaq və danışmaq qadağasına baxmayaraq, siyasi azadlıq və islahat tələblərini yenidən gündəmə gətirir, keçirilən siyasi aksiyaların yenidən əsas ilhamvericisinə çevrilir.

25 fevral 2011-ci ildə yenidən ortaya çıxan ayətullah siyasi mübarizəsinin 2-ci mərhələsinə Katif yaxınlığındakı kiçik bir məsciddə vəzlə başlayır. Xalqa xitab etdiyi məkanın kiçikliyi ayətullahın çıxışlarının şiə azlıq üzərində ciddi təsirini azaltmır. Əksinə daha da artırır. Nemrin söz silahının təsir gücünü şərh edən Oxford universitetinin Yaxın Şərq Mərkəzinin araşdırmaçı Toby Matthiezen International Business Time-a verdiyi açıqlamada deyirdi:“Bu vəz və etiraz aksiyalarında iştirakıyla Nemr özünü hərəkatının ön cəbhəsində mövqeləndirdi. Bütün etiraz aksiyalarının simvolu oldu.”

 Onun  son zamanlar dilə gətirdiyi tələbləri isə bu cür sıralamaq mümkündür:

– ölkə əhalisinin 20%-ni təşkil edən şiələrə 2-ci sinif vətəndaş kimi  baxılmaması,

– Şagirdlərin din təhsillərini öz ölkələrində alma hüququnun tanınması,

– Şiə məzhəbinin rəsmi bir məzhəb olaraq qəbul edilməsi, dövlətə bağlı mediada və ya vəhhabi dini yetkililər tərəfindən şiə məzhəbinin təhqir edilməməsi,

– Səudiyyə xanədanının şiələrlə sünnilər arasında fitnə-fəsad çıxarmaq üçün vəhhabi din adamlarına maddi və mənəvi dəstək verməyi dayandırması,

– ölkədəki kasıb xalqın vəziyyətinin yaxşılaşdırılması,

– Şiələrin dövlət təşkilatlarında işləyə bilməsi üçün əngəllərin aradan götürülməsi.

Sözsüz ki, siyasi anlayış baxımından İŞİD-dən heç nəyi ilə fərqlənməyən bir ölkədə şiə din adamının bu cəsarəti ciddi basqıları da bərabərində gətirirdi. Nemr öz vəziyyətini belə şərh edirdi: “Doğulduğumuz andan, hədə-qorxu, zülm və məhzəb ayrıseçkiliyinin əhatəsindəyik. Bir növ, hədə-qorxu atmosferində doğulmuşuq. Divarlardan belə qorxmuşuq. Aramızda məhkum olunduğumuz zülm və ədalətsizliklə tanış olmayan kim var? Şəxsən mən 55 yaşındayam, yarım əsrdən çox ömür sürmüşəm. Doğulduğum gündən bu yana bu ölkədə özümü heç vaxt təhlükəsiz hiss etmədim. Hər zaman bir şeylə günahlandırıla və edam oluna bilərsən. Hər zaman təhdid altındasan. Həbs olunduğum gün Dövlət Təhlükəsizlik Xidmətinin başçısı şəxsən üzümə dedi ki, “şiələrin hamısı ölməlidir”. Onların məntiqi, həyata baxışları bundan ibarətdir”.

Həqiqətən də, Ayətullah Şeyx Nemr xaricdə aldığı təhsili tamamlayaraq, yurduna döndükdən sonra, demək olar ki, hər il həbsə məruz qalmış və ağır işgəncələrə sinə gərmişdir. Onun təkcə 5 il ərzində – 2003-ci ildən 2008-ci ilə qədər düz 8 dəfə həbs edildiyi bildirilir. 2012-ci ildə Katif bölgəsində keçirilən bir siyasi aksiyada Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən ayağından 4 güllə ilə vurularaq həbs olunması isə ayətullahın son azadlıq anları olur. çıxarıldığı məhkəmədə dövlətə xəyanət, terrorçuluq, silahlı üsyan, İrana agentlik ittihamları ilə günahlandırılan Nemr bu il yanvarın 2-də 45 tərəfdaşıyla bərabər edam olunur.

Strateq.az