Parisdə çıxan həftəlik «Charlie Hebdo» satirik jurnalının növbəti sayı böyük qalmaqal yaradacaq.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, jurnal bütün hədləri aşaraq 7 yanvar sayının üz qabığında Allahı terrorçu qiyafəsində təsvir edib. Jurnal bu karikaturanı «Charlie Hebdo»ya terror hücumunun bir illiyinə həsr edib.
Karikaturada çiynində «Kalaşnikov» avtomatı, paltarında qan izləri olan qoca təsvir olunub. Fotonun altına isə «Bir il keçib, cinayətkar isə hələ də azadlıqdadır» sözləri yazılıb.
Karitkatura hələ nəşr olunmadan böyük narazılıq yaradıb. Fransalı din xadimi Pyer Amar bildirib ki, jurnal bu karikatura ilə terror hücumu zamanı həyatını itirənlərin yaxınlarını məyus edəcək: «Heyrət içindəyəm, bunu başa düşə bilmirəm».
Fransanın İslamofobiyaya qarşı Milli Mərkəzinin rəhbəri Abdalla Zekri karikaturanı dinə qarşı qəddar və təhqiredici münasibət kimi qiymətləndirib.
Zekri xatırladıb ki, məlum terror olayı zamanı Fransadakı bütün din xadimləri bunu pisləmişdi.
Xatırladaq ki, ötən il yanvarın 7-də «Charlie Hebdo» redaksiyasına hücum zamanı 12 nəfər qətlə yetirilmişdi. Terakta səbəb jurnalın Məhəmməd peyğəmbərin karikaturasını dərc etməsi idi.