XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 18:42

Qərb analitiklərindən Yaxın Şərqdə yeni müharibə anonsu: Savaş həm Səudiyyəyə, həm də İrana sərfəlidir – Təhlil

Səudiyyə Ərəbistanı yanvarın 3-də Tehrandakı səfirliyinə hücumun son damla olduğunu bildirib İranın diplomatik missiyasından ölkəni tərk etməyi xahiş etdi. Münaqişə anında ölkələrin digər ölkələrin məmurlarını çıxarmağında təəccüblü heç nə yoxdur, lakin ekspertlərin fikrincə, nüfuzlu şiə vaizinin edamından sonra Səudiyyə Ərəbistanının İranla diplomatik münasibətləri kəsmək qərarı daha ciddi problemlərin müjdəsi ola bilər.

London iqtisadiyyat və politologiya məktəbindən Fəvaz Cərcəs hesab edir ki, “Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin kəsilməsi ilə durum asanlıqla nəzarətdən çıxa bilər”.

Aşağıda son hadisələrlə bağlı meydana çıxan suallar təqdim edilir. Diplomatik söz savaşı qaynar münaqişəyə keçə bilərmi?

Cərcəsin sözlərinə görə, bu, artıq baş verib – hələ Səudiyyə Ərəbistanının İranla münasibətləri kəsmək qərarına qədər. O, əlavə edir: “Onların münaqişəsi ərəb küçələrində artıq çoxdan genişlənir”.

Bu iki dövlət artıq Suriya, İraq, Yəmən, Bəhreyn və Livanda zidd tərəflərdə görünüb. Onun sözlərinə görə, indi məsələ bundan ibarətdir ki, durum nə qədər ağırlaşa bilər.

Cərcəs hesab edir: “Fars körfəzinin ən güclü dövlətləri arasında, sünni Səudiyyə Ərəbistanı və şiə İranı arasında olduqca təhlükəli durum yaranıb. Onlar artıq vasitəli müharibə aparır… Həm də ən yaxın bir neçə həftə və aylar ərzində durum son dərəcə qorxulu ola bilər”.

CNN-nin hərbi analitiki, istefada olan general-leytenant Mark Hertlinq hesab edir ki, Səudiyyə Ərəbistanı ilə İran arasında tam şəkildə birbaşa hərbi münaqişə başlaya bilər.

“Başlıca məsələ budur. – O dedi. – Hər şey çox sürətlə inkişaf edir”.

İki ölkə arasındakı gərginliyin səbəbi nədir?

Bu dövlətlərin ümumi dil tapa bilməməsində yeni və təəccüblü heç nə yoxdur.

Güney Florida ştatı universitetinin professoru Möhsün Milani 2011-ci ildə öz məqaləsində yazırdı: “İran və Səudiyyə Ərəbistanı nə təbii müttəfiq, nə də təbii rəqibdir. Onlar aparıcı neft istehsalçısı və şiə və sünni İslamının qondarma müdafiəçiləri olmaqla uzun müddət rəqabət aparan təbii düşmənlərdir”.

Cərcəsin sözlərinə görə, həm Səudiyyə Ərəbistanı, həm də İran özünü qurban kimi göstərməyə çalışır, halbuki aralarındakı gərginlik artmaqdadır.

O deyir: “Burada təkcə şərhlərin toqquşması ilə deyil, nəhəng ziddiyyətlə, İranla Səudiyyə arasında genişlənən vasitəli müharibə ilə üzləşirik. Bu müharibənin geopolitikaya, hakimiyyət və nüfuza dəxli var”.

Durum niyə məhz indi kəskin şəkildə pisləşdi?

Səudiyyə Ərəbistanında nüfuzlu şiə vaizi Nimr əl-Nimrin və onlarla digər müttəhimin ötən istirahət günlərində edamı yeni hiddət qığılcımına təkan verdi.

Bundan dərhal sonra Tehranda etirazçılar Səudiyyə Ərəbistanının səfirliyinə hücum edib binaya Molotov kokteyli atdılar və bina yandı. İranın ali rəhbəri Əli Xamenei “müqəddəs qisas”a çağırdı.

CNN-in analitiki Quartz Bobbi deyir: “Diplomatik əlaqələrin kəsilməsi praktik olaraq qaçılmaz idi – xüsusən də İranın coşqun reaksiyası və ali dini rəhbərinin Səudiyyə Ərəbistanının başına yağacaq ilahi qəzəbə çağrışı nəzərə alınmaqla”.

Lakin analitiklərin sözlərinə görə, İranla Səudiyyə Ərəbistanının durumu saf-çürük edilsə, bu ölkələrn münaqişənin qızışmasında niyə maraqlı olduğu xeyli aydınlaşar.

Eurasia Group konsaltinq firmasının prezidenti Yan Bremmer qeyd edir: “Bu iki ölkəyə nümayişkaranə şəkildə bir-birinin üstünə düşməkdən imtina etməyə imkan verməyən müəyyən daxili-siyasi səbəblər var”.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı hazırda neft qiymətlərinin düşməsinin və növbəti kralın kim olacağı ilə bağlı daxili münaqişənin öhdəsindən gəlməyə cəhd edir. Bu arada İran islahatçıların və bu yaxınlarda imzalanmış nüvə sazişinin işığında Qərbin fəaliyyətinin qabağını almaq üsulları arayır.

Bremmerin sözlərinə görə, hər iki ölkənin hökuməti anlayır ki, millətçi əhvalın qızışdırılması dövlət daxilində nüfuzu artırmağa imkan verər.

Bremmer əlavə edir: “Bu, indiki münaqişəni son dərəcə təhlükəli edir”.

Yaxın günlərdə nələri gözləməliyik?

Analitiklərin fikrincə, qəzəbli ritorika yaxın vaxtlarda səngiməyəcək.

Qoş bildirir: “Səudiyyə Ərəbistanı elan edib: “Mübarizəni başlayırıq!””

Cərcəsin fikrinə görə, bu, bütün bölgədə duruma təsir edə bilər: “ümid edirdik ki, yaxın aylarda Suriya probleminin siyasi həllini tapmağa nail olacağıq. Bunu yaddan çıxarın! Biz Yəməndə diplomatik həllə ümid edirdik. Bunu yaddan çıxarın… İndi iki güclü İslam dövləti Yaxın Şərqin lap qəlbində vasitəli müharibəyə zidd olaraq faktiki vasitəsiz müharibəyə başlayır… Buna görə də bu münaqişənin güclənməsinə olduqca ciddi şəkildə yanaşmalıyıq”.

 

Ketrin Soyşe

CNN (ABŞ), 04.01.2016