Azərbaycanın iqtisadi vəziyyəti indi hər kəsi dərindən düşündürür. Neftin qiymətlərinin ucuzlaşmasıyla başlayan böhran getdikcə özünün pik nöqtəsinə yaxınlaşır. Bu zamana qədər ölkənin maliyyə qurumlarının, o cümlədən Mərkəzi Bankın antiböhran tədbirləri, manatın kursunu sabit saxlamaq cəhdləri nəinki durumu yaxşılaşdırmadı, əksinə, valyuta ehtiyatlarımızın daha da tükənməsinə səbəb oldu. Yalnız bir il ərzində Milli Bankın valyuta ehtiyatının 3/2-si nəticəsiz siyasətlərin həyata keçirilməsinə getdi. Hakimiyyət bu gedişlə qısa müddətdən sonra defolt vəziyyətinə düşəcəyimizdən əndişələnib devalvasiya qərarı verdi. Dünyada nadir görünən böyüklükdə – 100%-lik devalvasiya belə, tükənməyimizin qarşısını almadı. Son devalvasiyadan indiyə qədər cəmi bir ay ərzində MB-ın valyuta ehtiyatı 6 milyard 245 milyon dollardan 5 milyard dollara düşdü. Yəni, hardasa 1 milyard 245 milyon itirdik. Halbuki bir ildə tükətdiyimiz 10 milyardlıq vəsaitin cüzi bir hissəsinə belə aqrar sənayemizi ciddi şəkildə inkişaf etdirə və indi onun meyvəsini dada bilərdik.
Hökumət isə bütün cəhdlərə baxmayaraq, yaşanan maliyyə böhranının qarşısını ala bilmədiyinə görə məcburən illərlə həyata keçirmədiyi islahatlara başladı. Monopoliyalarla mübarizə, gömrüklərdə şəffaflaşma kimi tədbirlər bu islahatların başında gəlir. Nə yazıq ki, ölkənin indiki durumunda bu tədbirlərin də işə yarayacağı inandırıcı görünmür.
Əvvəla, hakimiyyətin monopolistləri təmizləmədikcə, monopoliyalarla mübarizə aparmaq şansı, istəsə belə, yox səviyyəsindədir. Zira bu zamana qədər korrupsiya yolu ilə zənginləşən və ölkənin əsas maliyyə gücünü əlində cəmləşdirən bir qrup inhisarçıyla rəqabətə girmək kiçik iş adamları üçün asan deyil və olmayacaq da. İnhisarçılar sadəcə maliyyə gücləri hesabına belə, kiçik iş adamlarından bir addım öndə olacaq, əldə etdikləri bazarları başqalarına ötürmək istəməyəcəklər və bunu onlardan tələb etmək də azad rəqabətin ruhuna yaddır. çünki maliyyə gücü bu durumda hər hansı malı daha ucuza satıb rəqibləri sıradan çıxardıqdan sonra yenidən istədikləri qiymət siyasətini yürüdə bilmək deməkdir.
İkincisi, hər bir inhisarçının həm də iri məmur olduğunu düşünsək, bərk ayaqda rəqiblərinə qarşı dövlət gücündən də istifadə etmək şansları var və bu da istər-istəməz imtiyazlı şəxslərin xeyrinədir.
Ən əsası isə, devalvasiya səbəbindən bankların xarici valyuta satışına gətirdikləri məhdudiyyətlər də imtiyazsız sahibkarların əleyhinədir. Qüdrətli məmurlar satışlardan əldə etdikləri milli valyutanı daha rahat dəyişdirmək imkanına sahib olduqları halda, imtiyazsızlar sinfi “qara bazar”ın ümidinə qalacaqlar. Bu da istər-istəməz sadəcə valyuta dəyişmək sahəsində belə maliyyət baxımından kiçik biznesin iri biznesə uduzması deməkdir. Belə bir vəziyyətdə isə, sözsüz ki, fürsət bərabərliyindən söhbət gedə bilməz. Fürsət bərabərliyi olmayan yerdə də monopoliyalara qarşı effektli mübarizə aparmaq Məlikməmməd nağılından başqa bir şey deyil.
Gömrüklərdə şəffaflığın təmin olunması belə, ölkə iqtisadiyyatını böhrandan çıxarmasında o qədər də effektli yol təsiri bağışlamır. Əvvəla, ona görə ki, gömrük məmurlarının yenə də imtiyazlılara ayrı, imtiyazsızlara ayrı gözlə baxmaq şansları var və bunu aradan qaldırmaq da qeyri-mümkündür. Nə demək istədiyimi anlamaq üçün, gəlin, adi bir misala nəzər salaq: deyək ki, gömrüklərdə hər şey qaydasına düşdü. ölkəyə mal gətirən imtiyazsızlar idxal etdikləri malın yalnız dövlət rüsumunu ödədilər. Bəs, kim təminat verə bilər ki, gömrük məmuru imtiyazlıların mallarının yarısını görməzlikdən gəlməyəcək? Məsələn, bir maşın malın sadəcə yarısını qeydə alıb, yarısını ağalarının gözlərinə qurban etməyəcəklər? Eyni subyektiv yanaşmanı Vergilər Nazirliyinin işçilərinə, Sanitar-epidemoloji dispanser nümayəndələrinə və sair və ilaxır dövlət qurumlarına da şamil etmək olar. Odur ki, ölkədə yalnız gömrükləri gözümçıxdıya salmaqla iş adamlarına münbit rəqabət şəraiti yaratmaq mümkün deyil.
Yalnız gömrüklərdə hansısa islahatları aparmaqla kifayətlənməyin ən nöqsanlı tərəfi bu tədbirin əslində iqtisadiyyatımıza ciddi zərər vurması ehtimalı ilə bağlıdır. Nədən ki, gömrüklərdə məhdudiyyətlərin ortadan qaldırılması idxalatı təşviq edən amildir. Yəni əlində pulu olan xaricə gedib ölkəyə mal gətirəcək. Bunun əvəzində isə həmin malı xarici valyuta ilə alacaq. Beləcə, Azərbaycandan xarici valyutanın daha çox çıxmasına şərait yaranacaq, nəticədə milli valyutamız daha artıq dəyərdən düşəcək, bu da öz növbəsində bazarlarda idxal mallarının qiymətlərinin artmasına şərait yaradacaq və ölkə daha ağır inflyasiya ilə üz-üzə qalacaq. Deməli, gömrüklərdə şəffalığın təmin olunması indiki zamanda nəinki antiböhran tədbiri deyil, əksinə böhranı dərinləşdirən faktordur.
Zənnimizcə, Azərbaycan hakimiyyətinin hazırda həyata keçirə biləcəyi ən effektli tədbirlər proqramı idxalatı deyil, yerli istehsalı gücləndirmək olmalıdır. Yerli istehsalat inkişaf edərsə, vətəndaşların alıcılıq qabiliyyəti xarici valyutadan asılılıqdan qurtular və böyük əksəriyyət devalvasiyanı belə hiss etməz. Hər kəs manatla alış-veriş etdiyindən ölkəyə gətirilən idxal mallarının qiyməti də inflyasiyanın böyüməsinə təsir göstərməz.
Bunun üçün isə xüsusilə aqrar sənayenin inkişafına investisiya yatırılmalı, kəndlərdə torpaq islahatları keçirilməli, iri məmurların dövlət gücünə və ya korrupsiyayla qazandığı maliyyə imkanlarına əsaslanaraq əldə etdikləri ərazilər kəndlilərə qaytarılmalıdır. Onların öz təsərrüfatlarını qura bilmələri üçün faizsiz, uzun müddətli kreditlər verilməli, bu kreditlərin aidiyyəti sahələrə xərclənməsinə iqtisadi əsaslar yaradılmalıdır. Məsələn, istehsal olunan malların ya kəndlilərin özü tərəfindən yerli bazarlarda satışı stimullaşdırlmalı, ya da dövlət bazaları tərəfindən alınaraq xaricə satışları təşkil olunmalıdır. Bu gün Avropayla, Türkiyəylə iqtisadi əlaqələri kəsildiyindən kənd təsərrüfatı mallarına ciddi aclıq hiss edən Rusiya bazarı Azərbaycanda aqrar sənayenin inkişafı üçün münbit zəmin hazırlayıb. Hakimiyyət bu fürsəti hətta iqtisadi artıma çevirə və incə düşünülmüş siyasətlə ölkənin çiçəklənməsinə töhfə verə bilər.
Azərbaycanın enerji resurslarını da su qiymətinə xaricə satmaqdan vaz keçmək tələb olunur. Bunun əvəzinə, qurulacaq neft-kimya zavodları sayəsində xammal kimi satdığımız neftimiz plastik qablara və ya materiallara çevrilib hazır mal şəkilində sənayeləşmə yolunu tutan Türkiyə kimi yaxın ölkələrə satıla bilər. Bu zamana qədər həmin malları Rusiyadan, çindən alan qardaş ölkə məmnuniyyətlə daha yaxın bazardan bu məhsulları almaqda maraqlı olar. Hər halda Ankaranın Moskva ilə əvvəlki əlaqələrinin soyuması, çinin isə xeyli uzaqlarda yerləşməsi bizim xeyrimizədir. Bu potensialı iqtisadi gücə çevirəcək intellektual bazamız da var. Sirr deyil ki, Azərbaycan uzun illər SSRİ-nin əsas neft-kimya mərkəzlərindən biri olub, bu sahənin kadrlarını yetişdirən ali məktəbimiz belə var. Deməli, pis-yaxşı təcrübəmiz və bu təcrübəyə əsaslanıb ciddi uğur əldə edəcək beynimiz, xammalımız da mövcuddur. Hakimiyyət iqtisadi qüdrətimizin artırılması üçün bütün gücünü neft-kimya sənayesinin inkişafına yönəltməlidir.
Yerli istehsalat gücümüzü artırmaq üçün kapital tapmaq da hakimiyyət üçün çətin olmamalıdır. İndiyə qədər korrupsiya yolu ilə zənginləşmiş istənilən məmur planlaşdırılan istənilən zavod və fabriki təkbaşına qurmaq və işlətmək potensialına sahibdir. Sadəcə, onlara müftəxorluqla pul qazanmağın zamanının bitdiyi izah olunmalı, sözlə başa düşməyənlər isə hüququn gücüylə ağıllandırılmalıdır.
ölkəmizin inkişafı üçün tələb olunan kapitalı Neft Fondundan da əldə etmək olar. Azərbaycan hakimiyyəti indiyə qədər bu fondda toplanan 34 milyardlıq dolların “qara günə”, gələcək nəsillərə saxlanıldığını bildirirdi. İndi həmin “qara günümüz”gəlib. Neft Fondunda ağzıgünə gözləyən pullar indi də xərclənməyəcəksə, bəs, nə zaman istifadə olunacaq? Bütün hallarda gələcək nəsillərə də ölü kapitaldansa, həqiqətən də güclü iqtisadi gücə sahib Azərbaycan buraxmaq daha ağıllı yol olardı.
Heydər Oğuz
Strateq.az