XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2017 - 13:06

Putinin əsas alternativi –Lenin adına kolxozun sədri Pavel Grudinin kimdir?

Rusiyada prezident sekilərinə start veriləndən bəri namizədliyi qeydə alınanlar arasında diqqətləri cəlb edən bir şəxs var-Pavel Grudinin. Moskva yaxınlığındakı keçmiş Lenin adına sovxozun bazasında yaradılmış holdinqin sahibi olan bu adam Rusiyanın müasir burjuaziya sinifinin tanınmış nümayəndələrindəndir.

Buna baxmayaraq, o, Kommunist Partiyasının namizədi kimi seçkilərdə iştirak edəcək. Rusiya proletariatının kapitalist rəhbəri olan Grudinin həm də Putinin ən ciddi alternativi kimi tanınır.

Bəs, Grudinin kimdir, bu gücünü hardan alır, Kommunist Partiyasından necə namizəd seçilib?

Ovqat.com-un xarici mətbuata istinədən vediyi məlumata görə, Kommunist Partiyadan namizəd olması gözlənin şəxs əslində Gennadiy Zuganov idi. Amma Zuganov son anda Pavel Grudininin lehinə namizədlikdən geri çəkildi. Bu təşəbbüs Rusiya Kommunist Partiyasının rəhbərliyi tərəfindən də qəbul edildi.

 GRUDİNİN KİMDİR?

 “Sovxoz Lenina”nın baş direktoru olan Pavel Grudinin 20 oktyabr 1960-cı ildə Moskvada anadan olub. Bir il sonra ailəsi Moskva ətrafında yerləşən Leninskiy rayonuna köçüb. Moskva Kənd Təsərrüfatı Mühəndisləri İnstitutunun bitirən Grudinin ikinci təhsilini aldığı Rusiya Dövlət İdarəçiliyi Akademiyasından 2001-ci ildə məzun olub. 1982-ci ildən bəri Lenin sovxozunda mühəndis kimi çalışan Grudinin 1995-ci ildə sovxozun baş direktoru olub. İndi də eyni vəzifəsini davam etdirir. Sovet dövründə dövlətə bağlı kənd təsərrüfatı kooperativi olan “Sovxoz Lenina” günümüzdə qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Sovxoz Moskva vilayətində çiyələk yetişdirən böyük bir kənd təsərrüfatı holdinqə çevrilib.

 Aktiv bir siyasi həyatı olan Grudinin vaxtilə yerli bələdiyyə məclisi üzvlüyündən sədrinə qədər bir çox seçkiləri qazanıb, amma uduzduğu seçkilər də olub.

Grudinin Rusiya Kommunist Partiyasının üzvü deyil. Hətta 2000-ci ildə Putinin seçki vəkili olub və 2010-ci ilə qədər hakim partiya olan “Vahid Rusiya”da fəaliyyət göstərib. 2010-ci ildə şəxsi prinsiplərinin partiya siyasəti ilə uzlaşmadığını söyləyərək, istefa verib.

 Pavel Grudinin Rusiya Federasiyası hökumətinə bağlı Ekspertlər Şurasının üzvü, Rusiya Ticarət və Sənaye Palatasının Kənd Təsərrüfatı şöbəsinin sədr müavini, Kənd Təsərrüfatı Nazirliyi Məsləhət Şurasının və Milli Süd İstehsalçılar Birliyinin idarə heyətinin üzvüdür. Grudinin eyni zamanda Rusiya Federasiyası prezidenti tərəfindən verilən Şərəf ordeni laureatıdır.

Grudinin Sovet İttifaqı dağıldıqdan sonra iflas edən bir çox kolxoz və sovxozların əksinə, rəhbərlik etdiyi Lenin sovxozunu rentabelli çalışan müəssisəyə çevrilib. Onu populyarlaşdıran da məhz bu uğuru olub. Öz işçilərinə faizsiz ev krediti və kənd təsərrüfatı şirkətləri arasında Rusiyada ən yüksək maaş verən Grudinin sovxoz nəzdində Avropa standartlarına uyğun təhsil verən və yeni nəsillər yetişdirən məktəblər açmasıyla da rəqbət qazanıb. Sovxozun səhiyyə və sosial bazasını da inkişaf etdirən Grudinin bəzi Rus media mənsublarının fikrincə, dövlət içində uğurlu sosial dövlət nümunəsini yaradıb. Bu yönüylə də Rusiya kommunistlərinin qibləgahına çevrilib.

 2010-ci ildən etibarən hökuməti tənqid edən Grudininin çıxışları sosial mediada böyük səs-küy yaradıb və izlənmə rekordları qırır. Nəticə etibarilə, SSRİ dağıldıqdan sonra uğurlu layihələr ortaya qoya bilməyən kommunistlər üçün ideal namizədin həqiqətən Pavel Grudinin olduğunu deyən mütəxəssislər hazırda Putinə qarşı alternativ vahid namizədin də o olduğunu vurğulayırlar.

Grudinin namizəd olduğu prezident seçkilərində həyata keçirəcəyi proqramını hələ açıqlamayıb. Amma keçmişdə qatıldığı müxtəlif seçkilərdə öz platformalarından danışarkən iki əsas fikirlə ön plana çıxıb: Əvvəla, Rusiyanın qlobal gücə çevrilmək üçün xarici problemlərlə məşğul olmaq əvəzinə, öz iqtisadiyyatını və həyat standartını yüksəltməsi lazımdır, ikincisi, kənd təsərrüfatı və sənayeyə dəstək verərək, inkişaf etməlidir.

Sosial dövlət tərəfdarı olan Grudinin Kommunist Partiyası elektoratına ən uyğun olan tərəfi isə onun qərbpərəst olmamasıdır.