XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 15:05

İsrail mətbuatı: Şiə azlığın İranla yaxınlaşması Səudiyyə krallığını təhdid edir

234985160

2016-cı il Fars körfəzində əsil tufanla başladı. Səudiyyə Ərəbistanı ilə İranın, yaxud şiələrlə sünnilərin münasibətlərindəki gərginlik yeni səviyyəyə çıxdı. Bundan sonra söhbət söz və çıxışlardan deyil, fəaliyyətdən gedir. Səudiyyənin mütləq monarxiyası şənbə günü fəal şəkildə siyasətlə məşğul olan şeyx Nimr əl-Nimr daxil olmaqla, 47 nəfəri edam etdi.

Qəzəblənmiş İran şiələri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyini yandırmağa cəhd etməkdən və dini mərkəzdə – Məşhəddə konsulluq qarşısında iğtişaşlar törrətməkdən çəkinmədilər. Onlar əl-Nimrin edamına görə qisas alacaqlarını vəd etdilər.

Sünni-şiə qarşıdurmasının səbəblərini üzə çıxartmaq üçün eramızın VII əsrinə (680-ci ilə) – Kərbəla yaxınlığında Muhəmmədin nəvəsi və Əlinin oğlu Hüseynin başının kəsildiyi döyüşə – bütünlükdə İslamın və xüsusən də şiələrin tarixindəki ən önəmli olaylardan birinə dönmək lazım gəlir.

Lakin 2011 və 2012-ci illərin hadisələrinə, “ərəb baharı”na, həmçinin Səudiyyə Ərəbistanında rekord səviyyədə büdcə kəsirinin qeydə alındığı 2015-ci ilə diqqət yetirmək kifayətdir ki, krallığın niyə çaxnaşmaya düşdüyünü anlayaq.

Bu gün Fars körfəzi təkcə neft çəlləyi deyil (neftin qiyməti daim enir), həm də yüksək partlayış potensiallı barıt anbarıdır. Yeri gəlmişkən, Yaxın Şərqdə İsraillə, “işğalla” və yaxud “Fələstin faciəsi” ilə heç cür bağlı olmayan daha bir böhran.

Dərk etmək lazımdır ki, şeyx Nimr əl-Nimr sadəcə dini avtoritet olmaqdan daha böyük bir sima idi. Vaiz 2015-ci ildən kral Salman bin Əbdüləzizin başçılıq etdiyi Səudiyyə kral evini təhdid edən şiə azlığın fikrinin xarizmatik ifadəçisi sayılırdı. Əl-Nimr xanədanın ən görkəmli əleyhdarlarından biri hesab edilirdi. Hökumətin fikrincə, dövlətin sabitliyini sarsıdan moizələrinə görə onu tez-tez həbs edirdilər. Əhalinin 15%-dən azını təşkil edən Səudiyyə şiələri Ər-Riyad tərəfdən diskriminasiyaya görə şikayətlənirlər. Sünnilər Səudiyyə şiələrini “keyfiyyətsiz əhali” hesab edirlər.

ölkənin əsasən şərqində, neftlə zəngin Katif bölgəsində yaşayan şiələr əsaslı olaraq diskriminasiyadan gileylənirlər. Onlara bir qayda olaraq məscid inşa etməyə və yaxud ictimai sektorda, məsələn, təhsil sahəsində  vəzifə tutmağa icazə vermirlər.

Şeyx əl-Nimr 2011-ci ildə “ərəb baharı”nın başlanması ilə fəaliyyətini kəskin şəkildə artırdı və Səudiyyə Ərəbistanında təlatümə səbəb oldu, birinci növbədə Bəhreyndə şiə azlıqla zorakı üsullarla mübarizə aparan sünni monarxiyasına kömək edən Səudiyyəyə qarşı etiraz nümayişlərinin təşkilinə qatıldı. Əl-Nimr o zaman Bəhreyndə şiə hökumətinin qurulmasını, Səudiyyə Ərəbistanının şərq hissəsini isə krallıqdan ayırıb şiə Bəhreyninə birləşdirməyi tələb etdi.

Nə az, nə də çox.

2012-ci ilin iyulunda əl-Nimri iğtişaşalara dönən nümayiş vaxtı həbs etdilər. Onun iki tərəfdarı öldürüldü. 2014-cü ildə məhkəmə onu qiyam təşkilində və qanunsuz silah saxlamaqda günahkar bilib edam cəzasına məhkum etdi. O zaman Nyu-Yorkdakı arvadı dünysını dəyişdi və nəticədə şiələrin əl-Nimrə rəğbəti gücləndi. O, İran rejimi ilə əlaqədə olduğunu həmişə inkar edirdi.

Səudiyyə rejimi ətrafına boylanıb Yəmən, İraq və Suriyanın dağıldığını, Livan və İordaniyada sabitsizlik görür və öz taleyinə görə təşvişə düşür. 2012-ci il iğtişaşları və şiə azlığın İranla yaxınlaşması krallığı təhdid edir. Vaşinqtonun kral evinə daha dəstək verməməyi faktı da Ər-Riyadda inamsızlıq hissini gücləndirir.

Bu yaxınlarda Ər-Riyadda olmuş və kral evinin yüksəkrütbəli üzvləri ilə görüşmüş qərbli təmsilçi mənə dedi ki, görüşlər zamanı Fələstin problemi və İsrail bir dəfə də olsun yad edilmədi.

Görünən budur ki, bu gün Səudiyyə rejimi yad münaqişələrin nizamlanması ilə məşğul deyil, daha çox öz canının hayındadır.

 

Boaz Bismut

Israel Hayom (İsrail), 05.01.2016