XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 May 2018 - 10:50

Direktor müavininin evindən milyona yaxın pul oğurlanıb –Məhkəmə prosesi +Təfərrüat

Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın evindən 536 min dollar pul və 143 min manatlıq qızıl-brilyantın oğurlanmasıyla bağlı cinayət işi məhkəmədə araşdırılır.

Strateq.az  azadlıq.org-a istinadən xəbər verir ki, bu işə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan isə evin keçmiş xidmətçisi Xanım Zeynalova və onun tanışı Aqşin Qəhrəmanovdur. Onların hər ikisinə CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib.

Cinayət işində iddia olunur ki, X.Zeynalova pulları və qızılları hissə-hissə oğurlayıb. X.Zeynalova isə ittihamı qəbul etmir, deyir ki, yazılanlar yalandır. Onun sözlərinə görə, 2010-cu ildən 2014-cü ilin sonuna qədər bu ailənin evində işləyib, 2015-ci ilin fevralından isə metropolitendə çalışmağa başlayıb. A.Əliyeva isə birinci dəfə 2015-ci ilin oktyabrında evindən oğurluqla bağlı polisə şikayət edib.

Cinayət işinin materiallarında qeyd olunub ki, bəzi qızıl-zinət əşyaları axtarış vaxtı xadimənin evindən tapılıb. Təqsirləndirilən X.Zeynalova bunu inkar etmir. Deyir ki, A.Əliyevanın qızı Gülşən ona bəzən özünə aid işlər gördürür, yaxud da elə hərəkətlər edirdi ki, onları anasının bilməsini istəmirdi, belə hallarda ona bəxşişlər verirdi: «Qızı dəfələrlə mənim gözümün qabağında onun seyfindən pullarını götürüb. Mənə də hədiyyələr verirdi ki, gördüyümü anasına deməyim».

Xadimə məhkəmədə bildirib ki, A.Əliyevanın evində çoxlu maaş kartları var idi. Kartların sahiblərinin adı Əlyazmalar İnstitutunun işçisi kimi qeyd olunsa da, pulları o çıxarırdı. «Hər ayın əvvəlində göndərirdilər, gedib Beynəlxalq Bankın bankomatlarından kartlardakı maaşları çıxarıb gətirib özlərinə verirdim. Oğurluğu eləyən mənəm, yoxsa bunlardır? Sonradan o pulların hara getdiyini də yaxşı bilirlər. Adamdan soruşmazlar ki, sənə o qədər pul haradandır? Qızlarına, nəvənə şəhərin mərkəzində bahalı evləri, ofisləri, maşınları hansı pullarla almısan?», – X.Zeynalova bildirib.

X.Zeynalovanın sözlərinə görə, A.Əliyeva ondan sonra həmin evdə xidmətçi işləmiş Mahirə adlı qadından da polisə şikayət edib, onu oğurluqda suçlamışdı. Həmin şikayət əsasında bir müddət araşdırma da aparılıb. Məhkəmənin ilk hazırlıq iclası qarşılıqlı ittihamlarla keçəndən sonra tərəflər arasında barışıq əldə olunub. Barışığın notarial qaydada təsdiqlənməsi üçün məhkəməyə notariat kontorundan nümayəndə də çağrılıb, tərəflər barışıq müqaviləsini imzalayıb. Müqaviləyə əsasən, X.Zeynalova Yeni Yasamalda və Masazırda yerləşən iki mənzilini zərərçəkmiş tərəfə verir, o da şikayətindən imtina edir.

Məhkəmə prosesi isə davam edir.