XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

29 Yanvar 2019 - 14:18

Azərbaycan korrupsiya indeksində 30 faiz geriləyib –Ekspert və millət vəkili beynəlxalq hesabatı necə qiymətləndirir?

“Bir çox ölkələrin korrupsiyanı ciddi nəzarətə ala bilməməsi dünyada demokratiya böhranına töhfəsini verir”.

Strateq.az “Azadlıq” radiosuna istinadən bildirir ki, bunu “Transparency International” beynəlxalq şəffaflıq təşkilatı yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində (KQİ) bildirir.

Bu indeks 13 sorğu və ekspert dəyərləndirməsi üzrə 180 ölkədə və ərazidə dövlət sektorunda korrupsiyanı ölçür. Ən yüksək səviyyədə korrupsiyalaşmış ölkələrə sıfır, ən təmizlərə isə 100 bal verilir.

Ötən il irəliləyən Azərbaycan…

Danimarka və Yeni Zelandiya 88 və 87 balla ilk yerlərdədir. Somali, Sudan və Suriya isə 10, 13 və 13 balla indeksin dibində qərar tutublar. Ən yüksək bal yığan region Qərbi Avropa və Avropa Birliyidir, burada ortalama bal 66-dır. Ən aşağı bal isə Saharaaltı Afrika (32) və Şərqi Avropa və Orta Asiya üzrə (35) qeydə alınıb.

Azərbaycan 25 balla 180 ölkə içində 152-ci yeri tutub. Bu, ötənilikdən 30 pillə geriləmə deməkdir. Ötən il  Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi.

Qurum irəliləyişi son 5 il ərzində Azərbaycanın KQİ-də mövqeyində müsbət dinamika müşahidə olunduğunu, bir pillə irəliləyişi isə ölkədə korrupsiya ilə bağlı ümumi mənzərənin sabit qalmasıyla izah edirdi.

Bəs birdən-birə 30 pillə geriləmə nəylə bağlıdır?

Ötən il baş verənlər Qərbi Avropa və AB-də korrupsiyanın necə qalıcı olduğunu, Avropanın demokratik qurumlarından bəzilərinin öz içlərində korrupsiyaya necə uğradıqlarını üzə çıxardı. Avropa Şurasının hazırladığı müstəqil hesabat Parlament Assambeyasının bəzi üzvlərinin Azərbaycanın beynəlxalq imicini cilalamağı hədəfləyən “Pulyuyan maşını” adlı pulyuma mexanizminin benefisiarları olduqlarını ortaya qoydu”, – hesabatda deyilir.

Qonşulardan Ermənistan 35 balla 105, Gürcüstan 58 balla 41-ci, Rusiya və İran 138-ci pillədədirlər. “Transparency” regionda Ermənistana göz qoyulmalı olduğunu bildirir, çünki Yerevan bu il antikorrupsiya islahatları aparmalıdır. Məhkəmə islahatının prioritet siyahısında olduğu vurğulanır. Vətəndaş cəmiyyətinin rolunun da vacibliyi qeyd edilir.

Ən aşaği bal yiğan ikinci region

Ümumilikdə isə Şərqi Avropa və Orta Asiyanın ən aşağı bal yığan ikinci regiondur. Bu regionda ölkələrin, demək olar, hər biri 45, yaxud ondan da az bal yığıb, korrupsiyayla mübarizədə çox az iş görüldüyü bildirilir. Siyasi iradənin olmaması, dövlət qurumlarının zəifliyi, siyasi hüquqların azlığı korrupsyanın çiçəklənməsinə şərait yaradır.

“Transparency International” bildirir ki, qlobal demokratik durumla çarpaz təhlil korrupsiyayla demokratiyaların sağlığı arasında əlaqəni üzə çıxarır. Tam demokratiyaların KQİ-si ortalama 75, qüsurlu demokratiyaların 49, avtokratik tendensiyaları olan hibrid rejimlərinki isə 35-dir.

Ən pis göstərici avtokratik rejimlərə xasdır – cəmi 30 bal.

Məsələn, Macarıstan və Türkiyənin indeksləri son beş ildə uyğun olaraq səkkiz və doqquz vahid azalıb. Bu arada Türkiyə “qismən azad” ölkədən “azad olmayan”a çevrilib. Macarıstanda isə 1989-cu ildə kommunizmin çöküşündən bəri siyasi hüquqlar sahəsində ən aşağı bal qeydə alınıb.

Ötən il Birləşmiş Ştatlar dörd bal itirərək cəmi 71 bal yığıb, 2011-ci ildən bəri ilk dəfə olaraq ilk 20-likdən kənarda qalıb. Bu, ABŞ-da hakimiyyət bölgüsünə təhdidlər, eləcə də hakimiyyətin ən yüksək səviyyəsində etik normaların eroziyaya uğradığı bir dönəmə təsadüf edir.

Natiq Cəfərli: “Azərbaycanın geriləməsi korrupsiya qalmaqalları ilə bağlıdır”

«Azərbaycanın «Transparency International»ın son hesabatında 30 pillə geriləməsi son bir ildə yaşanan maliyyə və korrupsiya qalmaqalları ilə bağlıdır»

Bunu REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli hessabatı şərh edərkən deyib. O, adıçəkilən beynəlxalq təşkilatın hesabatı müəyyən indikatorlar əsasında hazırladığını bildirir:

«İndikatorlardan ən vacibi son bir il ərzində dünya mediasında və ümumiyyətlə, Azərbaycanda korrupsiya ilə bağlı yayılan xəbərlər, bu xəbərlərə verilən adekvat reaksiyalarla bağlıdır. Keçən il Beynəlxalq Bankın rəhbəri və onun ailə üzvləri ilə bağlı ciddi skandallar yaşandı, pulyuma əməliyyatları ilə bağlı Maldivdə, Kiprdə, Qırğızıstanda, Çexiyada Azərbaycan şirkətlərinin və məmurlarının adı keçdi. Buna Azərbaycan hökuməti tərəfindən adekvat reaksiya olmadı».

N.Cəfərli izah edir ki, hökumət adı keçən məmurlarla bağlı yoxlamalar aparmalı və ya onlara yaxın şirkətlər haqqında rəsmi açıqlama verməli idi: «Ölkənin hüquq-mühafizə orqanları, rəsmi qurumlar bu faktlarla bağlı daxili araşdırmalara başlamalı, nəticələr elan edilməli idi. Bu baş versəydi, belə kəskin geriləmə müşahidə edilməzdi. Problem həmin faktların açıqlanmasından çox onlara adekvat reaksiyanın verilməməsidir. Bu olmadıqda «Transparency International»ın indikatorlarına görə, ölkənin daha çox geriləməsinə şərait yaranır. Çünki Azərbaycanın adı yetərincə ciddi məsələlərlə bağlı hallandırıldı, dünya mediasına da çıxdı, jurnalist araşdırmaları ortaya qoyuldu».

N.Cəfərlinin qənaətincə, adekvat reaksiyanın verilməməsi Azərbaycanda korrupsiyaya rəsmi səviyyədə dəstək verilməsi anlamına gəlir və bu da ölkənin beynəlxalq hesabatlarda geriləməsində mühüm rol oynayır.

Zahid Oruc: «Araşdırma aparan millət vəkili kimi deyə bilərəm ki, tamamilə cəfəngiyyatdır”»

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə hesabatdakı dəyərləndirməni kökündən yanlış sayır. Onun qənaətincə, beynəlxalq qurumlar obyektiv olsaydılar, bu prosesdə hakimiyyətin yanında durardılar, konkret cinayətlərin üstünün açılmasını, dövlət vəsaitlərinin təyinatından yayındırılaraq öz mənafeləri üçün istifadə edənlərin cəzalandırılmasını alqışlayar, dəyərləndirərdilər.

Deputat hökumətin korrupsiya ilə mübarizəsini yetərli sayır:

«2015-ci ilə qədər iqtisadi sferada əliəyrilik, oğruluq və mütəşəkkil korrupsiya cinayətləri bir sıra hallarda tenderlərin şəffaf keçirilməməsindən qaynaqlanır, dövlət satınalmaları, hansısa nazirliklərdəki tikinti qurumları hesabına baş verir və s. Ölkə rəhbəri də bunu dilə gətirirdi. 2019-cu ilin əvvəlindən başladılan islahatlar sübut edir ki, ölkə başçısının məramı şəffaf idarəçiliyi, hesabatlılığı bərqərar etmək, bürokratizmdən uzaqlaşmaqdır».

O ki qaldı hesabatda «pulyuma maşını» haqda deyilənlərə, deputat hesab edir ki, bu, sadəcə, Qərb strukturlarının, kəşfiyyat dairələrinin informasiya məkanına transfer etdikləri təxribat idi:

«Həmin istiqamətdə araşdırma aparan millət vəkili kimi deyə bilərəm ki, tamamilə cəfəngiyatdır. Özəl qurumların apardıqları alqı-satqısını hakimiyyətin ayağına yazmışdılar. Bunu da Qərb strukturlarının, deputatların, beyin mərkəzlərinin ələ alınması kimi təsbit etmişdilər».

Z.Oruca görə, şəffaflıq tələb edən qurum Azərbaycandakı müstəqil dairələrdən və eləcə də hökumətdən də rəylər almalıdır, ondan sonra hesabatı dərc etmək mümkündür.