XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

27 Fevral 2016 - 14:53

Analitiklər: Dolların bahalaşmasıdavam edəcək

dollar

 

Dünən, fevralın 26-da ABŞ-ın 2015-ci ilin IV rübündə ÜDM-in artım göstəricisi yenidən baxıldıqdan sonra əvvəlki 0,7%-dən 1%-ə qədər yüksəldilib.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, "Reuters"in iqtisadçılar arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, iqtisadi artımın ilk öncə 0,4%-ə azaldılması gözlənilsə də, fevralın 26-da fiziki şəxslərin xərcləri və Miçiqan ştatında istehlakçıların gözlənti indeksinin proqnozlardan yüksək açıqlanması yekuna müsbət təsir göstərib.

 

İqtisadi göstəricilərin proqnozlardan daha yaxşı çıxması qlobal valyuta bazarını da canlandırıb. Bir neçə gündür 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilməyən avronun məzənnəsi dünənki hesabatdan sonra 1,091 USD/EUR-a qədər geriləyib və günü 1,0934 USD/EUR-da qapadıb. Gündəlik azalma 0,75%, həftəlik – 1,7%, aylıq artım isə 1% olub.

 

ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət olması yenidən investorların diqqətini Federal Ehtiyat Sisteminə (FES) yönəldib. İnvestorlar yenidən FES-in uçot dərəcəsini artırmasının mümkün olacağını düşünməyə başlayıblar. Dünən açıqlama verən FES-in Klivlend bölməsinin rəhbəri Loretta Mester mart ayında uçot dərəcəsinin artırılması məsələsinin gündəmə gətirilməsini zəruri sayır. O, ABŞ iqtisadiyyatının güclü olduğunu, mərhələli faiz artımının davamının lazım olduğunu qeyd edib.

 

"Report"un analitik qrupu USD/EUR məzənnəsinin azalaraq paritetə doğru yaxınlaşacağını proqnozlaşdırır. Texniki təhlillər də aprel ayı üçün paritetin dəstək səviyyəsinin olduğunu göstərir. Paritetin aşağı istiqamətdə qırılması isə məzənnəni 0,85 USD/EUR səviyyəsinə qədər apara bilər. Məzənnənin paritetə yaxınlaşmasını şərtləndirən amillər sırasında mart ayında Avropa Mərkəzi Bankının monetar ekspansiyanın məbləğini artırması və mənfi uçot dərəcəsini bir qədər də aşağı salması qərarlarının olacağı ehtimal edilir. FES-in isə martda olmasa da, iyun ayındakı iclasda uçot dərəcəsini artıracağı gözlənildiyindən, dollar öz hegemonluğunu yaxın aylarda qoruyub saxlayacaq. Belə olduğu təqdirdə, Azərbaycan manatı da dollarla müqayisədə zəifləyərək 1,70 AZN/USD səviyyəsinə yaxınlaşacaq.