Obama administrasiyası Suriyadakı Bəşər Əsəd rejiminin bu il hakimiyyətdən getməyəcəyi barədə proqnoz verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev Bəşər Əsədin ən azı, 2017-ci ilin martına qədər prezident kürsüsündə qalacağını bildirib.
«Associated Press»in məlumatına görə, Ağ Evdən yayılan sənəddə göstərilən tarixdə Əsədin iqtidardan gedəcəyi, yaxın ətrafının isə Suriyanı tərk edəcəyi qeyd olunub.
Bu, ABŞ Prezident Administrasiyasında Suriya böhranı üzrə çalışan ekspertlərin proqnozudur.
Obama Əsədi ilk dəfə 4 il əvvəl istefaya çağırmışdı. Suriya lideri 2017-ci ilin martında prezident postunu tərk edərsə, bu, Obamanın çağırışının yalnız 5 il sonra nəticə verdiyi anlamına gələcək.
Vyanada keçirilən görüşdə Suriyada prezident və parlament seçkilərinin 2017-ci ilin avqustunda keçirilməsinə qərar verilmişdi. Həmin vaxta qədər ölkəni keçid hökuməti idarə edəcək.
Ağ Evin sənədində Əsədin prezidentlikdən necə gedəcəyi və onun sonrakı taleyi barədə məlumat verilmir. Sadəcə qeyd olunur ki, gələn aydan etibarən Suriyada yeni siyasi proseslər başlayacaq. BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, 18 aylıq keçid hökuməti dövrünə start veriləcək.