Şiə alimi ayətullah Nimrinin edam edilməsi Yaxın Şərqdə münasibərləri bir qədər də gərginləşdirdi. Mütəxəssislər bu gərginliyin iki dövlət arasında müharibəyə çevriləcəyindən belə əndişələnirlər. Bəs, bu ehtimal nə qədər mümkündür və həmin ehtimal özünü doğruldacağı təqdirdə, geopolitik nəticələri nə ola bilər?
İlk başdan onu qeyd edək ki, iki əksqütblü dövlət arasında əsən bu soyuq rüzgarın qısa müddətdən sonra isti münaqişəyə çevriləcəyi heç də inandırıcı görünmür. Əvvəla, ona görə ki, bu zamana qədər İranla Səudiyyə Ərəbistanı arasında dəfələrlə buna bənzər gərginliklər yaşanıb, hətta zaman-zaman daha ağır mərhələyə qədəm qoyub. Fəqət dünya dövlətlərinin səyi nəticəsində münaqişə ən son həddinə çatanda səngiyib, problemlər qeyri-müəyyən vaxta qədər dondurulub. Yəqin ki, bu dəfə də belə olacaq və bunun ilk işartıları görünür.
ABŞ-dan gələn məlumatlara görə, artıq həm Riyada, həm də Tehrana münaqişənin səngiməsi üçün diplomatik təzyiqlər artırılıb. İran Xarici İşlər naziriylə şəxsən ABŞ Dövlət Departamentinin katibi Con Kerri, Səudiyyə Ərəbistanı yetkililəri ilə isə super gücün həmin ölkədəki diplomatları danışıqlar aparır. Bütün bu səylərin axırda iki tərəfin dil tapılmasıyla nəticələnəcəyi gözlənilir.
İki dövlət arasında isti savaş çıxmasını istisna edən başlıca amillərdən biri də zamanlanmanın uyğunsuzluğuyla bağlıdır. Bilindiyi kimi, Qərb dünyası, xüsusilə ABŞ ən ciddi rəqibi Rusiyanı iqtisadi cəhətdən çökdürməyi qarşısına məqsəd qoyub, elə bu niyyətlə də, neftin qiymətlərini ucuzlaşdırmaq siyasətinə qərar verib. Rusiyanı dizə gətirmək üçün Vaşinqton hətta öz əlini daşın altına belə qoymaqdan çəkinməyib. İndiyə qədər öz neft ehtiyatlarını xaricə satmağı dayandıran super güc 30 illik aradan sonra ilk dəfə “qara qızılının” ixracına başlayıb. Bununla da kifayətlənməyib, dünya bazarında neft təklifini artırmaq üçün uzun illər embarqo qoyduğu İrana qarşı sanksiyaları da dayandırıb. Sözsüz ki, ABŞ bütün bu fədakarlıqlarının öz müttəfiqi Səudiyyə Ərəbistanının hansısa bir aqressivliyinə qurban getməsinə əsla razı olmaz, nəyin bahasına olursa olsun, onu dayandırmağa çalışar.
Zənnimizcə, ABŞ-ın bu münaqişəni istəməməsinin əsas səbəbi Səudiyyə Ərəbistanı ilə İran arasında indi çıxması gözlənilən isti müharibənin dünya nizamını tamamilə dəyişdirməsi ehtimalı ilə bağlıdır. Belə ki, dünya neft ehtiyatının 60%-dən artıq qisminin toplandığı coğrafiyada baş verəcək müharibə ilk növbədə neftin qiymətlərinə təsir göstərə bilər. Hazırda bir barreli 34 dollara yaxınlaşan neft bu hadisədən sonra astronomik bir sıçrayışla təsəvvür edilməyəcək qiymətə satılar. Hətta onun 8-10 dəfə bahalaşma ehtimalı belə var. Söhbət bir barrel neftin 200-300 dollara qədər yüksəlməsi ehtimalından gedir. Bu isə hər kəsdən daha çox Rusiyanın işinə yarayar, özünün ən ağır tənəzzül dövrünü yaşayan ölkə birdən-birə dünyanın ən zəngin güclərindən birinə çevrilər və indi üzləşdiyi problemlərdən ibrət dərsi alaraq sənayesini inkişaf etdirər, super güc kimi dünya dövlətləri sırasında yer alar. Hazırda dünyanın əsas sənaye qüdrətlərindən sayılan Qərbi Avropa isə iqtisadi böhranla üzləşdiyindən öz hegemoniyasını itirər. Dünyanın iqtisadi və siyasi güc mərkəzlərini tamamilə dəyişdirəcək bu münaqişə, sözsüz ki, hazırki dövrdə Rusiyadan başqa heç bir dövlətin işinə gəlmir. Hətta ABŞ-ın belə.
Baxmayaraq ki, ABŞ ən çox neft istehsal edən ölkələrindən biridir və hətta son zamanlar birinciliyə yüksəlib. Və yəqin ki, bu səbəbdən Hörmüz boğazında əvvəl-axır çıxacaq müharibəni ən çox arzulayan dövlət də elə ABŞ olacaq. Fəqət ABŞ-ın neft maqnatlarının cibini dolduracaq bu müharibənin məhz indi çıxması xeyli tələsik verilmiş qərar olar, dünyanın paylaşılmasında ciddi bir rəqib orta çıxarar ki, bu da rəsmi Vaşinqton üçün arzuolunan durum deyil. Məsələyə ABŞ-ın strateji maraqları aspektindən baxsaq, Rusiyanın tamamilə məhvi reallaşmadan İran-Səudiyyə Ərəbistanı arasında çıxacaq hər hansı münaqişə bir müddət gözlədikdən sonra təkbaşına sahib olacağı dəfinəni yoldan keçən bir yolçuyla paylaşmağa bənzəyər. ABŞ-ın tələskənlikdən bu dəfinəni kiminləsə paylaşacaq qədər çətin vəziyyətdə olduğuna inanmaq çətindir.
Prinsip etibarilə, İranla məzhəb müharibəsinə başlamaq körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı üçün də səmərəli deyil. Xüsusilə də ABŞ-ın maraqlarına zidd olaraq. Nədən ki, İranın hərbi qüdrəti Yaxın Şərq ölkələri arasında yalnız İsraillə müqayisə ediləcək səviyyədədir. Düzdür, Səudiyyə Ərəbistanı son bir neçə il ərzində silahlanmaya ciddi kapital ayırmış, hətta dünyanın ən çox silah alan ölkəsi olmuşdur. Bununla belə, İran öz hərbi sənayesinin məhsulları baxımından regionun İsraildən sonra ikinci ciddi dövləti sayılır. Hətta mütəxəssislərin fikrincə, o, ballistik raket sayı və növləri baxımından regionun hərbi lideri olan İsraildən belə öndədir. Baxmayaraq ki, İsrailin raketləri daha müasirdir və dəqiq nişanalma gücünə sahibdir, İran hərbi arsenalında tutduğu 2000 km mənzilli raketlərlə yerləşdiyi regionda bir çox başları ağrıda bilər. Onun ötən illər ərzində sınaqdan çıxardığı ballistik, uzun və orta mənzilli raketləri nəinki Ərəbistan, o cümlədən İsrail, Türkiyə, hətta Şərqi Avropanın bir sıra ölkələrinin istənilən nöqtəsini vurmaq qabiliyyətindədir.
İranın Səudiyyə Ərəbistanı və körfəz ölkələrinə qarşı ən ciddi silahı isə Hörmüz boğazı və ərəb dövlətlərində yaşayan şiə azlıqlardır. Müharibə başlayacağı təqdirdə, Bəhreyn, Küveyt, BƏƏ, Qətər kimi dövlətlər qısa zaman ərzində çökər, bir çoxlarında hətta əhalisinin ciddi qismini təşkil edən şiələr hakimiyyətə gələ bilər. Ərəbistanın neft ehtiyatının 80%-nin cəmləşdiyi şərq hissəsində də şiələrin çoxluqda olduğunu nəzərə alsaq, bu müharibə uzun illər boyu Səudiyyə sülaləsinin zülmündən zinhara gələn 20% azlıq üçün də bir qurtuluş savaşı kimi qəbul oluna bilər və ölkə daxilən parçalanma təhlükəsiylə üzləşər.
Savaş durumunda körfəz ölkələrinin ən çox təsirlənəcəyi sahə isə Hörmüz boğazının bağlanmasıyla yaşayacaqları iqtisadi böhran ehtimalıdır. Neftin qiymətinin enməsiylə bu ilki büdcəsində 100 milyard dollarlıq açıq əmələ gələn Səudiyyə Ərəbistanının bu bazarı tamamilə itirməyə dözmək müddəti isə sadəcə bir neçə il sürər. Bir neçə ildən sonra isə o, özünü defoltdan sığortalaya bilməz.
Hörmüz boğazının bağlanması, təbii ki, İran iqtisadiyyatı üçün də içindən çıxılması çətin problemlər yaradar. Fəqət bu müharibə başlayarsa, İranın digər körfəz ölkələrindən fərqli olaraq, Çinə və Şərqin digər dövlətlərinə neft satmaq şansı yenə də qalar, o, qiymətlərin kəskin artışıyla itirdiklərini belə kompensasiya edə bilər. Bu baxımdan, Hörmüz boğazında ərəb dövlətləriylə savaş ehtimalında İran daha avantajlı təsir bağışlayır.
Elədirsə, sual oluna bilər: İstər geopolitik, istər hərbi, istərsə də iqtisadi baxımdan bu qədər çətin durumda olan Səudiyyə Ərəbistanı nədən gərginliyə səbəb olan məlum addımı atdı?
Bu sualın cavabını bir neçə istiqamətdə axtarmaq olar.
Əsas istiqamətlərdən biri Yaxın Şərqi qan gölünə çevirən məzhəb münaqişəsini gücləndirməkdir. Yəni gərginlik Səudiyyə Ərəbistanı və İran arasında çıxsa da, hesablaşma məkanı olaraq Hörmüz boğazı seçilməyəcək, yenə İraq və Suriya əsas müharibə poliqonuna çevriləcək. Zənnimizcə, bu məsələdə istər ABŞ, istərsə də Səudiyyə Ərəbistanı maraqlıdır. Çünki Rusiyanın Suriyada peyda olmasından sonra İŞİD-in sosial bazasını təşkil edən radikal vəhhabilərin kürkünə birə düşmüş, bir çoxları döyüş bölgələrindən uzaqlaşmışdı. Üstəlik, hər gün xeyli sayda İŞİD-çinin məhviylə terror təşkilatının sıraları da seyrəkləşir. Ona yenidən qan qazandırmaq üçün şünnu-şiə gərginliyinin artırılması vacibdir. Səudiyyə krallığının bir şiə alimini edam etməsi və İranın da buna ciddi reaksiya verməsiylə, faktiki olaraq, od üstünə benzin töküldü. Beləcə, radikal dindarların cihad təbliğatı üçün yaxşı zəmin hazırlandı. Artıq onlar Rusiyanın bombardmanından çəkinmədən, öz qəlblərinin səsinə səs verərək, “müqəddəs cihad” və şəhadətlə qazanılacaq cənnət uğruna müharibə poliqonlarına axışa, İran qorxusundan tük salan Bəhreyn, Qətər, Küveyt, BƏƏ və sairə kimi kiçik ərəb ölkələrinin liderləri isə səxavətlə öz pullarını “müqəddəs müharibəyə” xərcləyə bilərlər.
Bu versiyanı bir müddət əvvəl ABŞ-ın Müdafiə naziri Eşton Karterin İranın Yaxın Şərqdə güclənməsini istəmədiklərini açıq şəkildə dilə gətirməsi və ərəb ölkələrini ona qarşı müharibəyə səsləməsi də qüvvətləndirir.
Digər bir səbəb neft gəlirlərinin azalmasıyla kasıblaşan ərəb əhalisinin diqqətini “müqəddəs davalara” yönləndirməkdir. Yuxarıda da qeyd etdiyimiz kimi, neftin qiymətinin düşməsiylə son bir ildə Səudiyyə Ərəbistanının 100 milyard dollar itirməsi 5 ildən sonra iflas vəziyyətinə düşəcəyi ehtimalını yaradır. Bu isə əhalidə ciddi nigarançılığa səbəb olur və onlar ABŞ-ın Rusiyanı çökdürmək siyasətinə Səudiyyə Ərəbistanının niyə getdiyini anlamırlar. Məlum edam hadisəsilə gərginləşən məzhəb münaqişəsi və “kafir Rusiyanın” isə şiələri dəstəkləməsi istər-istəməz ölkənin gündəmini dəyişdirir, yalançı vətənpərvərlik ideallarıyla ac qarınlar doyurulur.
Ehtimal olunan bir başqa səbəb isə Səudiyyə sülaləsinin daxilində yaranmış parçalanma ilə bağlıdır. Belə ki, ötən ilin aprel ayında hakimiyyətə gələn indiki kral ögey qardaşı Mükrin ibn Əbdüləziz kimi idarəçiləri hakimiyyətdən uzaqlaşdırmış, yerinə yaxın qohumu Məhəmməd ibn Nayifi gətirmişdi. Bununla da kifayətlənməyən kral 30 yaşlı oğlu Məhəmməd ibn Salmanı isə ikinci vəliəhd təyin etmişdi. Mümkündür ki, bütün bu kadr dəyişiklikləri Səudi sülaləsinin digər qismini ciddi narahat edir və onlar kralı gözdən salmaq üçün təxribat xarakterli əməllərə əl atırlar. Yaxın Şərq mütəxəssisləri hətta ötən Həcc ziyarəti zamanı baş verən faciəni belə bu ehtimalla əlaqələndirirlər.
Bütün bunlar, təbii ki, ehtimallardır. Hansı ehtimalın daha doğru olduğu qısa müddətdən sonra üzə çıxacaq. O da mümkündür ki, Səudiyyə krallığının “dərin dövləti” bir daşla bir neçə quş vurmaq eşqinə düşsün. Necə olsa, ərəb şahzadələri həm də quş ovu aşiqləridirlər.
Heydər Oğuz
Strateq.az