XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 13:41

“Ölkədən valyuta axınının siyasi səbəbləri var” – [color=red]Rövşən Ağayevin təhlili

Rövşən AĞAYEV, İqtisadçı

Mərkəzi Bank valyuta alış-satışı ilə bağlı məhdudlaşdırıcı tənzimləmələrə rəsmi start verdi. 500 dollardan çox valyuta alanlardan şəxsiyyət vəsiqəsi tələb ediləcək, onlarla bağlı zəruri məlumatlar doldurulacaq və elektron sistemə daxil ediləcək. Eyni zamanda, banklara alış-satış məzənnələrini sərbəst dəyişmək hüququ verildi. 

Özlüyündə bu cür addımlar qara bazarın formalaşmasının, valyuta ehtiyatlarının əriməsinin, xarici valyutaya tələbi inzibati qaydada məhdudlaşdırmaqla milli valyutanın kəskin ucuzlaşmasının qarşısını almağa kömək etməlidir. 

Məzənnənin müyyən olunmasında sərbəstlik qara bazarı məhdudlaşdıra bilər. Çünki qara bazar 2 halda meydana çıxır – ya satışı qadağan olunan əmtəəni satmaq, ya da satışı qadağan edilməyən, amma bazar üçün defisit olan, qiyməti isə tənzimlənən məhsulu daha baha qiymətə və məhdudiyyətsiz həcmdə satmaq üçün.

İndiki vəziyyətdə valyuta bazarı üçün 2-ci hal xarakterikdir.

Ona görə Mərkəzi Bank qiymət müəyyənləşdirilməsi (məzənnə təyini) ilə bağlı satıcılara sərbəstlik verərək qara bazarı məhdudlaşdırmağı hədəf olub. Çünki qara bazar proseslərin idarəolunmaz və nəzarəedilməz məcraya yönəlməsinə rəvac verə bilər. Amma bu inzibati addımlar son 2 məqsədə yetişməyə imkan verməyəcək – nə alyuta ehtiyatlarının əriməsinin, nə də xarici valyutaya tələbi inzibati qaydada məhdudlaşdırmaqla milli valyutanın kəskin ucuzlaşmasının qarşısını almaq mümkün olmayacaq.

Səbəblər isə budur:

1) Ölkədən valyuta axınının siyasi səbəbləri var, hakimiyyətdaxili ziddiyyətlər, siyasi gələcəklə bağlı qeyri-müəyyənliklər böyük həcmli kapitalı əlində cəmləşdirən dairələri öz variadatlarını ölkədən daşımağa vadar edir.

Nəzərə alanda ki, həm bank, həm sərhəd nəzarəti kiçik qrupun maraqlarına xidmət edir və böyük pulları çıxarmaq istəyənlər də məhz elə həmin qrupun içərisindədi, deməli, mövcud nəzarət onlara qırmızı deyil, yaşıl işıq yandıracaq. Şübhəsiz indən sonra qırmızı işığa düşənlər də olacaq, amma onların kənara daşımaq istədiyi valyuta həcmi 1-cilərə nisbətdə dəfələrlə azdır.

2) Valyuta bazarında böyük tələbi yalnız öz əlindəki 5-10 min manatı dəyərsizləşmədən qorumaq üçün valyutaya çevirək istəyən kontingent formalaşdırmır.

Ölkədən hər il hökumətin, bank sektorunun və özəl şirkətlərin borclarını ödəmək üçün hər ay ən azı 100 -150 milyon dollar, real əmtəə idxalı tələbatının ödənməsi üçün 1 milyard dollar, xidmət idxalının ödənməsi üçün 350 milyon dollar, xarici investorların öz mənfəət və sərmayələrini repatriasiya etmək üçün 200-250 milyon dollar tələb olunur. Yəni bunlar təxirəsalınmaz valyuta ehtiyaclarıdı və hər ay həmin tələbatların ödənməsi üçün ən azı 1.6-1.7 milyard dollar valyuta kütləsi tələb edilir.

Əlavə olaraq, əhalinin dollar kreditlərini ödəməsi, bankların əhaliyə dollar əmanətləri üzrə əsas və faiz ödənişləri üzrə müqavilə öhdəliklərini yerinə yetirməsi üçün hər ay 100 milyon dollarla vəsait tələb edilir.

Nəhayət, əhali öz aralarında bütün daşınar və daşınaz əmlakın satısını valyuta ilə həyata keçirir və bu məqsəd üçün də aylıq valyuta tələbi on milyon dollarla ölçülür. Yəni, hökumətin dililə desək əhalinin "sandıq" üçün və ölkədən kənara qaçırmaq üçün aldığı valyuta kütləsini nəzərə almasaq belə, təxirəsalınmaz tələb və öhdəlikırin icrası üçün ən kobud hesablamalarla hər ay ən azı 2-2.2 milyard, ildə 23-24 milyard dollara yaxın likvid xarici valyuta kütləsi bazarada olmalıdır.

Bəs, Mərkəzi Bankın ehtiyatları nəzərə alınmasa ölkəyə real daxil olan valyuta kütləsi nə qədərdir?

Neftin 35-45 dollar olduğu şəraitdə Neft Fondu vasitəsilə hər ay bazara maksimum 350-400 milyon daxil olur. Dövlət Neft Şirkətinin valyuta gəlirlərinin böyük həcmdə bazara daxil olması real görünmür. Çünki şirkətin öz valyuta gəlirləri xaricdə həyata keçirdiyi layihələr və xarici borca xidmət üçün ancaq yetərli olar. Nəzərə alaq ki, SOCAR-ın gəlirlərinin 70%-ə qədəri daxili bazardan formalaşır. Qeyri-neft ixracından və xarici borcların alınmasından ölkəyə hər ay ən yaxşı halda 200-250 milyon vəsait daxil olur. 

Xidmət ixracından və kənardan göndərilən pul baratları hesabına daxil olan vəsaitin aylıq həcmi 250-300 milyon dollardan çox deyil. 

Neft və qeyri-neft sektoru hesabına daxil olan xarici sərmayələrin həcmi 450-500 milyon dollar arasında dəyişir.

Xarici neft şirkətlərinin vergi ödənişlərinin orta aylıq həcmi 50-60 milyon aralığında dəyişir. Yəni, ən kobud hesablamalara görə yalnız sadalanan real mənbələr hesabına bazara hər ay 1.4-1.5 milyard dollar, il ərzində 17-18 milyard dollar valyuta daxil ola bilir.

Reallıq budur ki, neft dollarlarının həcminin 2 dəfədən çox azaldığı şəraitdə ölkəyə daxil olan valyutanın real həcmi daxili valyuta bazarının təxirəsalınmaz öhdəlikləri ödəmək üçün tələbatından ən azı 6-7 milyard dollar azdır. Belə şəraitdə nə manatın ucuzlaşmasının, nə də ehtiyatların əriməsinin qarşısını almaq mümkündür. Aradakı fərq ya ixrac gəlirlərinin artımı, ya da ölkəyə xarici sərmayə və kredit artımının hesabına kompensasiya olunmursa, sonuncu mənbə hökumətin ehtiyatlarıdı.

Qeyd: valyuta axınları ilə bağlı məlumatlar müxtəlif mənbələrdən əldə edilmiş rəqəmlər əsasında hesablanıb. Bu rəqəmlərin 100% dəqiq olması mümkünsüzdür, çünki rəsmi məlumatlarda ciddi problemlər var. Lakin ən azından 90% riyazi dəqiqliyinə şübhə yoxdur.