Roma imperatoru Oktavian Avqust idarəetmə bacarığı ilə Romanın idarəçilik sistemini tam şəkildə dəyişdirməyə nail ola bilmişdi. Öz etibarlı adamlarını müxtəlif vəzifələrə yerləşdirən Oktavian, çoxlu hədiyyələr paylayaraq xalqın məhəbbətini qazanmış, iki ildən sonra isə bütün titullarından imtina edərək şəxsi işləri ilə məşğul olmağa başlamışdı. Bu, Oktavian tərəfindən düşünülmüş və hazırlanmış bir ssenari idi. O, getdikdən sonra Romada idarəçilikdə vəziyyət gərginləşdiyinə görə, xalq onun geri qayıtmasını tələb edir. Bundan istifadə edən Oktavian isə geri qayıdaraq, mütləq hakimiyyət yaratmağa nail olur.
2014-cü ilin may ayında məlum oldu ki, Gürcüstanın keçmiş Baş naziri oliqarx Bidzina İvanişvili artıq San Marino Respublikasının Gürcüstandakı fəxri konsulu deyil.
Rəsmi olaraq siyasətə 2011-ci ildən gələn B.İvanişvili siyasəti 2013-cü ildə tərk etdiyini bildirmişdi. Oktavian Avqust da hakimiyyətə gələndən iki il sonra hakimiyyətdən getmişdi. Xalq onu geri çağıranda isə imperator olmaqdan aşağı heç nə ilə razılaşmamışdı. Rəsm kolleksiyaçısı milyarder Bidzina ölkəni formal olaraq idarə etməsə də, qeyri-formal olaraq hakimiyyətin idarəçiliyinə kənardan tam nəzarət edir.
Oktavian və Bidzinanın pərdəarxası siyasi idarəçilikdən başqa sərvətə sahib olmaq baxımından da oxşarlıqları var. Hər ikisi zamanının ən varlı insanlarından hesab olunurlar. Oktavian Avqustun sərvətinin dəyərinin zamanına görə 4,6 trilyon ABŞ dolları olduğu söylənilir. Bidzina İvanişvilinin isə sərvəti 5,2 milyard ABŞ dollarına yaxındır.
B.İvanişvili hazırda xeyriyyəçiliklə və iqtisadi sahədə islahatları nəzərdə tutan layihələrlə məşğuldur. Buna baxmayaraq, bu şəxsin ölkədə çox güclü nüfuzu və təsir imkanları var.
2015-ci ilin dekabr ayında 33 yaşlı Baş nazir İrakli Qaribaşvilinin istefasından sonra onun yerinə iqtisadi və dayanıqlı inkişaf naziri və xarici işlər naziri vəzifələrini tutmuş 48 yaşlı Georgi Kvirkaşvili təyin olundu. Kvirkaşvili 2006-2011-ci illərdə keçmiş baş nazir Bidzina İvanişvilinin sahibi olduğu "Cartu Bank”da baş icraçı direktor vəzifəsində işləyib.
Bidzina İvanişvilinin kadrı sayılan İrakli Qaribaşvilinin güclü siyasi keçmişi yox idi və lider kimi xalqda güvən oyada bilməmişdi. Gənc olması və siyasi təcrübəsinin yetərli olmaması onun siyasi manevrlər etmə imkanlarını məhdudlaşdırdı. Böyük resurslara malik olan və Gürcüstan siyasətini pərdə arxasından idarə edən Bidzina İvanişvili Gürcüstandakı iqtisadi böhranın təsirini azaltmaq üçün maliyyə sahəsində daha təcrübəli hesab olunan G.Kvirkaşvilinin baş nazir təyin edilməsinə nail oldu.
Gürcüstan müxalifəti isə Kvirikaşvilinin də İvanişvilinin əmrlərini icra edəcəyini və onun da Qaribaşvili kimi sərbəst qərarlar vermə imkanlarının olmadığını iddia edir. Müxalifət Gürcüstan iqtisadiyyatının hazırkı böhranlı vəziyyətinin günahını iqtisadi inkişaf naziri olmuş Kvirikaşvilinin uğursuz fəaliyyətində görür.
2016-cı ilin oktyabrında Gürcüstanda növbəti parlament seçkiləri baş tutacaq. Gürcüstanda baş verən son kadr dəyişikliyi proseslərini seçkilərə hazırlıq kimi də qiymətləndirmək olar. Görünən odur ki, Gürcüstanda maliyyə imkanları azaldıqca hökumət daha təcrübəli, iqtisadi və inzibati bacarığı sələfindən daha güclü olan kadra üstünlük verməklə Gürcüstanı iqtisadi böhrandan çıxarmağa və qarşıdan gələn parlament seçkilərində daha güclü şəkildə iştirak etməyə hazırlaşır.
Qeyri-formal olaraq Gürcüstanı idarə edən İvanişvili "Gürcü arzusu” koalisiyasını gücləndirmək üçün siyasətə də qayıda bilər. Gürcüstan mətbuatında artıq B.İvanişvilinin siyasətə qayıdacağı ilə bağlı işarələr verilməyə başlanıb. Bidzinanın qarşıdan gələn parlament seçkilərində birbaşa iştirak edəcəyi rəsmi olaraq təsdiqlənməyib. Buna baxmayaraq, dağılmaqda olan "Gürcü arzusu” koalisiyasını yenidən qurmaq və azalan nüfuzunu yüksəltmək üçün İvanişvilinin geri qayıtmasını tələb edən tərəfdarları yetərincədir. Əgər bunlar olmasa, koalisiya seçkilərdə itkilərlə üzləşə bilər. Bir fakta da diqqət yetirmək lazımdır ki, hökumətə əsas müxalif olan Vahid Milli Hərəkat partiyası da Saakaşvilidən sonra özünə yeni xarizmatik lider tapa bilməyib. Saakaşvili də Ukrayna siyasətinə daxil olub və həmçinin Gürcüstan vətəndaşlığından da çıxarılıb. Görünən odur ki, VMH partiyasının parlament seçkiləri ilə bağlı planı yoxdur. Bu da "Gürcü arzusu” koalisiyasının şansını artırır. İndiki vəziyyətdə koalisiya riskə getməməyə və kadr dəyişikliyi etməklə daha da güclənməyə çalışır.
Bidzina İvanişvilinin idarəçiliyinə maneə törədə biləcək hökumət hələ ki, mövcud deyil. Yəni onun seçkilərdə birbaşa iştirak etməsinə ehtiyac yaranmayıb. Lakin dünya iqtisadiyyatında baş verən proseslər Gürcüstandan da yan keçməyib. Gürcüstan əhalisi də indiki hakimiyyətdən tam razı deyil və bu narazılıq getdikcə artmaqdadır. Bundan başqa, fakt faktlığında qalır ki, 2012-ci ildə keçirilən parlament seçkilərindən sonra koalisiyanın nüfuzu xeyli zəifləyib. Bunun da səbəbini İvanişvilinin siyasətdən getməsində görürlər. Bidzina da bunların fərqindədir. Bunun üçün o, hökumətdə kadr dəyişikliyi aparır. Kadr dəyişikliyi ilə bağlı görüşlər Bidzinanın komandası daxilində çox dar çərçivədə keçirilir və baş vermiş böhrandan çıxış yolları axtarılır. 2015-ci il dekabr ayının sonu üçün Gürcüstan nazirləri sırasına xarici işlər və iqtisadiyyat naziri qismində iki yeni simanın əlavə olunmasına baxmayaraq, çox güman ki, 2016-cı ildə Gürcüstan hökumətində daha yeni simalar peyda olacaqdır.
Bidzina birbaşa seçkilərdə iştirak etməsə də, qeyri-formal hakimiyyətini qorumaq üçün seçkilərdə koalisiyaya dəstək məqsədilə siyasi arenaya qayıda bilər. Gürcüstan baş nazirinin müavini Kaxa Kaladzeyə görə, koalisiyanı İvanişvili qurduğu üçün onun geri qayıtması qərarı təəccüb doğurmamalıdır. İvanişvilinin qayıtma səbəblərindən biri kimi də xalq tərəfindən səsləndirilən tənqidlərin bir çoxunun məhz ona ünvanlanmasıdır. Bidzina da bu tənqidlərə rəsmi cavab verməlidir. Pərdə arxasından isə bunu etmək mümkün deyil. Ona görə o, geri qayıtmağa məcbur olacaqdır. Bundan başqa, o dərk edir ki, hökumətdən uzaqlaşdırdığı kadrlar gələcəkdə ona qarşı birləşə bilərlər və bu da böyük mübarizəyə yol açacaqdır. Əgər o, müdafiə olunmasa, bu mübarizə ağır nəticələrə gətirib çıxara bilər.
Newtimes.az