XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 18:39

Tanınmış siyasətçi Prezidenti hökuməti tam tərkibdə istefaya göndərməyə çağırdı: [color=red]”Yaranmış durum “böyük təmizləmə” tələb edir”

Strateq.az Azərbaycanın tanınmış bir neçə siyasətçisinə, aliminə və ekspertinə ölkəni gözləyən böhrandan çıxmaq üçün hansı addımların atılmasını zəruri hesab etdikləri barədə müəllif yazılarıyla çıxış etməyi təklif edib. 

Aşağıda təklifimizi qəbul edənlərdən birinin – tanınmış ictimai-siyasi xadim, istiqlalçı millət vəkili, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin "Zamanın imperativ tələbi: geniş və dərin demokratik islahatlar" sərlövhəli məqaləsini təqdim edirik:

 

sulheddin-111.jpg

 

Sülhəddin Əkbər,

istiqlalçı millət vəkili, Azad Demokratlar Partiyasının sədri

 

Dünya sürətlə dəyişməkdə, soyuq müharibə sonrası başlayan yeni dünya düzəninin formalaşması prosesi ağrılı, sancılı irəliləməkdədir. Bu qlobal prosesin başlıca meyli azadlıq, demokratiya və təhlükəsizlik məkanının genişlənməsi, yeni dövlətlərin bu məkana daxil olması,- müəyyən zamanlarda prosesin sürəti aşağı düşsə və hətta bəzən dursa da, – davam etməkdədir.  

Eyni zamanda, izlədiyi aqressiv enerji strategiyası sayəsində tədricən özünə gələn və nisbətən güclənən Rusiya başda olmaqla, antidemokratik dünya güclərinin bu təbii qlobal prosesə xüsusən də 2005-ci ildən başlayaraq, getdikcə artan müqaviməti bir qədər də sərtləşmiş formada özünü daha qabarıq göstərməkdədir. Aşkar görünür ki, qlobal demokratikləşmə prosesinin postsovet məkanına daxil olması, Baltikyanı ölkələrin Avropa Birliyinə (AB) və NATO-ya üzvlüyü, AB ilə Assosiativ Saziş imzalayan Moldova, Ukrayna və qonşu Gürcüstanın Avropaya və Avroatlantik məkana inteqrasiya yolu tutması neoimperialist ambisiyalı Putin Rusiyasını daha da aqressivləşdirib.

Kreml anlayır ki, bu böyük coğrafi-siyasi layihələr uğurla həyata keçdikcə, onların maqnitsayaq çəkiciliyi, başda Ermənistan və Azərbaycan olmaqla, digər postsovet ölkələr, eyni zamanda Rusiya xalqının özü üçün də əsas cəlbedici elementə çevrilir. Xüsusən də qardaş Ukraynanın azad, demokratik və rifaha qovuşmuş modern bir Avropa dövlətinə çevrilmə yolu tutması, hətta bu perspektivin aydın görünməsi belə, heç şübhəsiz, onu slavyan rus xalqı üçün də çəkici modelə döndərəcəkdir. 

Təbii olaraq, postsovet məkanındakı bu böyük geopolitik dəyişikliklər, eyni zamanda geostrateji, geoekonomik və geokültürəl dəyişikliklər Rusiyanın siyasi, iqtisadi, hərbi və mədəni maraqlarının böyük zərbələr alması ilə müşayiət olunur və neoimperialist qüvvələri qəzəbləndirir.

Odur ki, keçmiş qüdrətli imperiyasını bərpa etmək və yenidən qlobal gücə çevrilmək istəyən Rusiya nəinki beynəlxalq hüququ, II Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq oyun qaydalarını pozmağa çalışır, hətta açıqca azad dünyanı hərbi güc nümayişi, o cümlədən nüvə silahı ilə təhdid edir, öz geopolitik maraqlarının təminində hərbi gücdən istifadə etməkdən, qonşu dövlətlərin – Gürcüstan və Ukraynanın ərazilərini işğal və ilhaqdan belə, çəkinmir.

Digər tərəfdən, hətta Əsəd kimi öz xalqını qan içində boğan bütün antidemokratik rejimləri dəstəkləməklə, İran və müttəfiqləri ilə birlikdə geopolitik qarşıdurma cəbhəsini – cəbhə xəttini mümkün qədər öz sərhədlərindən uzaqlaşdırmaq niyyətindədir. Buna görə də o, öz sərhədlərindən çox uzaqda olan Suriyada vəkalət müharibəsi aparmaqda və NATO üzvü olan Türkiyə ilə böhran yaşamaqdadır.

Lakin ABŞ, AB və NATO başda olmaqla azad dünya ilə antidemokratik Putin Rusiyasının və onun təbii müttəfiqlərinin strateji güc nisbəti arasında fərq o qədər böyükdür ki, bu qarşıdurma nəticəsində ikinci tərəfin (müttəfiqləri ilə birgə) yaxın perspektivdə çökəcəyi ciddi düşünə bilən hər kəsə aydın görünməkdədir.

Bir tərəfdən dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi (süni şəkildə düşürülməsi) və bu meylin yaxın gələcəkdə də davam etməsinin böyük ehtimalla gözlənməsi, ilin əvvəlindən başlayaraq İran və ABŞ-ın yenidən dünya neft bazarlarına çıxması, tətbiq edilən sanksiyalar və ona qeyri-adekvat cavablar verilməsi, Ukrayna və Türkiyə kimi dövlətlərə, ilk növbədə, öz maraqlarına zidd olaraq sanksiyalar tətbiq edilməsi, digər tərəfdən də yeni hərbi münaqişələrə girməsi və hərbi xərclərinin artması Rusiyanın indiki rəhbərliyinin hələ də sələfi SSRİ-nin dağılmasından lazımi dərsi almadığını təsdiqləməkdədir.

Təbii ki, dünyada, qonşu regionlarda, həmçinin bizim regionda gedən geopolitik qarşıdurmanın dərinləşməsi, baş verən hərbi münaqişələr və vəkalət müharibələri, xüsusən də bu qarşıdurmanın postsovet məkanında – GUAM xəttində kəskinləşməsi, Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin intensiv və genişmiqyaslı pozulması, RF-nin Xəzərdə güc nümayişi və Türkiyə-Rusiya böhranının yaranması, terror təhdid səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi, eyni zamanda dünya bazarında neftin qiymətinin kəskin düşməsilə bərabər, yeni oyunçuların bazara girməsi, daha ucuz neft təklifi və istehsalın aşağı düşməsi nəticəsində büdcə gəlirlərinin kəskin azalması, milli valyutanın dəyərini cəmi 10 ay ərzində (21 fevral – 21 dekabr 2015) iki dəfə itirməsi və infilyasiyanın kəskin yüksəlməsi Azərbaycana da hərtərəfli ciddi təsir etməkdədir.

Ölkəmizdə 2015-ci ilin əvvəlindən başlayan və dövlət idarəçilik sisteminin açıq böhranı ilə müşayət olunan maliyyə-iqtisadi böhran çox çəkmədən iqtisadi böhrana keçdi. Hazırda Azərbaycan iqtisadi böhran içərisindədir və bu böhranın ilin sonuna doğru daha da dərinləşərək “dibə vurma”sı və ağırlaşması gözlənilir.

Ölkədə dərinləşməkdə olan maliyyə-iqtisadi və iqtisadi böhran – manatın davam etməkdə olan kəskin devalvasiyası, əhalinin real gəlirlərinin, həmçinin büdcə daxilolmalarının kəskin azalması nəticəsində qaçılmaz olan kütləvi ixtisarlarla işsizliyin və inflyasiyanın sürətlə artması, eyni zamanda RF-dən göndərilən maliyyə vəsaitlərinin kəskin azalması – yaxın gələcəkdə çox ciddi sosial-iqtisadi və sosial-siyasi nəticələrin olacağının anonsu sayıla bilər. Nəzərə alsaq ki, bütün bunlar xüsusən də müharibə vəziyyətində olan və daxilən daha da zəifləyən Azərbaycanda məhz dünya enerji bazarında və regional enerji-nəqliyyat yollarının inkişafı sahəsində rəqabətin kəskinləşdiyi, beynəlxalq sanksiyaların gündəmə gəldiyi bir dövrdə baş verir, deməli, ölkəmizin yaxın zamanlarda xarici təsirlərə və müdaxilələrə daha açıq hala gələcəyi ehtimalı ciddi narahatlıq yaratmaqdadır.

Təəssüf ki, ölkəmizin idarəçilik sisteminin mövcud durumu, korrupsiyalaşmış və kriminallaşmış dövlət idarəçilik sisteminin dərin böhran yaşaması, xüsusən də mütəşəkkil cinayətkar dəstələrin dövlət və hökumət orqanlarında geniş və dərin şəbəkələr qurması, eyni zamanda aparılan qüsurlu, qeyri-adekvat kadr siyasəti bu narahatlığı daha da artırır.

Əslində, bu gün Azərbaycan sistem böhranı yaşayır. Yaranmış qəbuledilməz bu durum ölkədə böhran əleyhinə təxirəsalınmaz tədbirlərinin görülməsini, geniş və dərin demokratik islahatların və idarəçilik sistemində “böyük təmizləmə”lərin aparılmasını tələb edir.

Ancaq o da acı bir həqiqətdir ki, ölkəni bu duruma salan iqtidarın, hakim siyasi komandanın və hökumətin, onu özlərinin saldığı bu ağır durumdan çıxara biləcəyinə cəmiyyətdə ciddi və əsaslı şübhələr, böyük inamsızlıq var.

Birincisi, qeyd etdiyim kimi, yaranmış qəbuledilməz durum ölkədə böhran əleyhinə təxirəsalınmaz tədbirlərinin görülməsini, geniş və dərin demokratik islahatların və kadr sahəsində “böyük təmizləmə”lərin aparılmasını tələb edir ki, bu da ilk növbədə hakimiyyətdə kök salmış və şəbəkələşmiş kriminal-korrupsioner qrupların, postsovet elitanın və Rusiyanın 5-ci kolonunun maraqlarına ziddir. Onlar nəinki hakimiyyətin bu addımları atmasında maraqlı deyil, tam tərsinə – mümkün olduğu qədər bu işə mane olacaq, təxribatlar törətməkdən belə, çəkinməyəcəklər.

İkincisi, ölkədə geniş və dərin demokratik islahatların aparılmasına, – xüsusən də siyasi sahədə, – nəinki bu qruplar, heç YAP və onun rəhbərliyi də hazır deyil. Onların demokratiya və insan haqları, siyasi azadlıqlar, xüsusən də seçki islahatı sahəsində ciddi addımlar atmaq, xüsusən də ölkədə azad və ədalətli seçkilər keçirmək niyyətində olduqları heç görünmür. Belə olmasaydı, onlar ələ keçirdikləri dövlət hakimiyyətindən sui-istifadə edərək siyasi müxalifəti sonadək əzməz, siyasi sistemdən tam kənarda qoymaz və ölkədə faktiki təkpartiyalı siyasi sistem yaratmazdılar.

Digər tərəfdən də, Rusiya və onun 5-ci kolonu sonadək buna mane olacaq və dövlət başçısına da təzyiqlər göstərəcək, onu hədələməkdən belə çəkinməyəcəkdir.

Üçüncüsü, ölkədə demokratik iqtisadi islahatların aparılması, azad rəqabət mühitinin yaradılması ilk növbədə siyasi və iqtisadi güclərin ayrılmasını, başqa sözlə, iqtisadi gücü əlində tutanların siyasi sistemdən, dövlətdən və hökumətdən kənarlaşdırılmasını tələb edir. Bəs reallıqda, bu gün dövlət başçısı ölkədaxili mövcud şərtlərdə bütün oliqarx-nazirlərə və məmurlara müharibə elan etməyə hazırdırmı?! Düşmən kimi davrandığı və heçə saydığı siyasi müxalifətin, demokratik qüvvələrin və narazı xalqın geniş təbəqələrinin dəstəyi – ictimai dəstək olmadan, buna gedə bilərmi?!

Dördüncüsü, ölkədə böhran əleyhinə təxirəsalınmaz tədbirlərinin görülməsi, demokratik iqtisadi islahatların aparılması eyni zamanda başlıca iqtisadi problemlərimizdən olan korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyata qarşı kompleks, sistemli və təsirli mübarizə aparılmasını, bütün iqtisadi sistemdə şəffaflıq yaradılmasını və hesabatlılığı tələb edir. Bu gün ölkədə mövcud olan şəbəkələşmiş kriminal-korrupsioner sistem, onların hakimiyyət daxilində qurduğu iyerarxik münasibətlər sistemi buna imkan verəcəkmi?! Əmin deyiləm.

Beşincisi, ümumiyyətlə hakimiyyət özü könüllü olaraq “böyük gəlir”indən imtina etməyə hazırdımı?! Çox çətin.

Altıncısı, ölkədə yaranmış və dərinləşməkdə davam edən sistem böhranı geniş və dərin demokratik islahatların aparılmasından öncə hakimiyyət və idarəçilik sistemində “böyük təmizləmə”lərin aparılmasını tələb edir.

Bu proses, ilk növbədə, hakimiyyətdə kök salmış və şəbəkələşmiş kriminal-korrupsioner qrupları, postsovet elitanın və Rusiyanın 5-ci kolonunun nümayəndələrini əhatə etməlidir. Təbii ki, yaşlı nəsil də, – yaranmış yeni şəraitin tələbləri də nəzərə alınmaqla, – qanunamüvafiq olaraq təqaüdə göndərilməlidi. Hakimiyyətin buna da tam hazır olduğunu düşünmürəm.

Həmçinin o da nəzərə alınmalıdı ki, yaranmış vəziyyətdən istifadə edən hakimiyyətdaxili “arxalı qruplar” bu prosesdən də öz maraqları naminə istifadə etməyə çalışacaqlar.

Heç şübhəsiz, ciddi inamsızlığa yol açan səbəblərin siyahısını uzatmaq da olar. Ancaq gəlin, razılaşaq ki, məsələyə inamsız, şübhəli yanaşmamız üçün göstərilən bu ciddi və dərin səbəblər kifayətedicidir.

Bütün şübhələrimə və tərəddüdlərimə rəğmən, bir vətəndaş və istiqlalçı millət vəkili kimi, ölkəmizdə yaranmış və dərinləşməkdə olan bu sistem böhranına səssiz qala bilmirəm. Çünki milli dövlətimiz ətrafında formalaşan və qapanmaqda olan əlverişsiz beynəlxalq və regional əhatə, eyni zamanda ölkəmiz daxilindəki mövcud böhran təkcə hakimiyyəti deyil (şəxsi münasibətimizdən asılı olmayaraq), eyni zamanda bütün cəmiyyəti – hamımızı və uğrunda ağır itkilər verdiyimiz dövlətimizi də təhdid etməkdədir. Onu da unutmayaq ki, bu təhdid səviyyəsi günbəgün artacaq və vəziyyətdən çıxmaq zaman keçdikcə daha çətin olacaq.

Bütün bunları, eləcə də 30 dekabr 2015-ci il tarixdə dövlət başçısı İlham Əliyevin növbəti ildə ciddi islahatların idarəçilik sahəsində davam etdiriləcəyi, daha ciddi struktur islahatlarının aparılacağı, hakimiyyətin artıq yeni formatda daha böyük effektivliklə işləməli olduğu haqda bəyanatını da nəzərə alaraq, millətimizin və dövlətimizin yaranmış vəziyyətdən nisbətən daha az itki ilə çıxması üçün, yenə də bir sıra təkliflər irəli sürmək istəyirəm.

1. Dəyişən qlobal, regional və lokal – ölkədaxili şərait, xüsusən də Azərbaycan Respublikasının sistem böhranına girdiyi nəzərə alınmalı, ölkədə gec də olsa, – artıq zamanın imperativinə çevrilmiş, – geniş və dərin demokratik islahatlar aparılmalıdır.

Müasir dünyada inkişafın demokratikləşmədən və (müasir) sənayeləşmədən keçdiyi, dünya siyasi-iqtisadi sisteminin liberallaşmaqda olduğu, bu meylin genişlənərək və dərinləşərək davam etdiyi, millətlərin və dövlətlərin azad rəqabət mühitində yarışmaq zorunda qaldığı və demokratik daxili inkişafın artıq qaçılmaz olduğu da gözardı edilməməlidi.

2. Azərbaycanda bu islahatların uğurla aparılması üçün dövrümüzün elm, informasiya və texnologiya dövrü olduğu, millətimizin və dövlətimizin azad rəqabət mühitində ayaqda durmaq, yaşamaq və inkişaf etmək zorunda qaldığı da nəzərə alınaraq, ölkəmizin bütün intellektual potensialı – yüksək təhsil almış və yetişmiş milli insan qaynağı səfərbər edilməli və Demokratik İslahatlar və İctimai Nəzarət Şurası (təbii ki, ad şərtidi və dəyişdirilə bilər – S.Ə.) yaradılmalıdı.

Bu şuranın əsas işi yaranmış durumu analiz edərək qiymətləndirmək, ölkənin böhrandan çıxması üçün antiböhran strategiyası, təxirəsalınmaz tədbirlər planı, aparılacaq geniş və dərin demokratik islahatlar paketi hazırlamaq, dövlət başçısına və hökumətə təqdim etmək, eyni zamanda bunların həyata keçirilməsinə ictimai nəzarəti təşkil etmək olmalıdı.

Bu aktual milli vəzifənin öhdəsindən layiqincə gələ bilməsi üçün, Demokratik İslahatlar və İctimai Nəzarət Şurasına ilk növbdə:

  • müasir dünyagörüşlü, vətənpərvər, intellektual və peşəkar kadrlar, mütəxəssislər, ekspertlər, həmçinin ictimai nüfuzu və çəkisi olan ictimai xadimlər cəlb edilməli;
  • mümkün olduqca bitərəf, xarici iş təcrübəsi olan, bu sahədə dünya təcrübəsini bilən kadrlara, alimlərə, peşəkar mütəxəssislərə və ekspertlərə üstünlük verilməli, eyni zamanda milli potensialdan səmərəli istifadə edilməsi üçün siyasi mənsubiyyəti olanlar da kənarda qalmamalı;
  • mühafizəkar görüşlü keçmiş sovet və ya postsovet kadrları, hakimiyyətdaxili kriminal-korrupsioner qruplarla əlaqəli, eyni zamanda antidemokratik görüşlü kadrlarsa daxil edilməməli;
  • müstəqillik (ilk növbədə intellektual) və təşəbbüs azadlığı verilməli və
  • bu qurum dövlət tərəfindən maliyyələşməli, maddi-texniki və informasiya baxımından tam təmin edilməlidir.

Bütün bunların təmin edilməsi üçün də, Milli Məclisdə Demokratik İslahatlar və İctimai Nəzarət Şurasının statusu haqqında qanun qəbul edilməlidi.

3. Fikir və ifadə azadlığı olmadan effektiv ictimai nəzarətin təşkilinin mümkün olmadığı da nəzərə alınmalı və ölkədə mətbut azadlığı tam təmin edilməlidi.

4. Artıq siyasi-mənəvi baxımdan vaxtı çoxdan keçmiş movcud kriminal-korrupsioner postsovet hökuməti tam tərkibdə istefaya göndərilməli, məmur-oliqarx sistemi dağıdılmalı, ölkədə yaranmış böhranla bağlı önləyici təxirəsalınmaz tədbirlər planı həyata keçirəcək, geniş və dərin demokratik islahatlar aparacaq, çevik və səmərəli fəaliyyət göstərəcək adekvat, şəffaf və hesabatlı peşəkar islahat hökuməti və ya islahatçı hökumət təşkil edilməlidi.

Çünki dünyada, qonşu regionlarda, həmçinin Cənubi Qafqaz və Xəzər regionunda yaranmış və dinamik inkişafda olan yeni geopolitik və geostrateji şəraitə, həmçinin yeni siyasi-iqtisadi və hərbi-təhlükəsizlik şəraitinə, ümumiyyətlə dəyişən xarici və ölkədaxili landşafta adekvat olan milli komandaya kəskin ehtiyac yaranıb. Müxtəlif xarakterli təhlükələrin – risk, çağırış və təhdidlərin artdığı, aktual təhdidlərin səviyyəsinin yüksəldiyi bir dövrdə onları önləyə, minimuma endirə və ortadan qaldıra – adekvat cavab verə biləcək, çevik, effektiv və demokratik islahatçı bir milli hökumətin formalaşdırılmasına bu gün zəruri ehtiyac var.

5. AR Nazirlər Kabinetinin üzvlərinin sayı təxminən iki dəfə azaldılmalı, geniş və dərin struktur islahatı aparılmalıdır.

6. Ali dövlət hakimiyyəti orqanları başda olmaqla, bütün dövlət və hökumət orqanlarında, dövlət məmurları arasında “böyük təmizləmə” aparılmalı, ilk növbədə aparılacaq islahatlara bu və ya başqa şəkildə mane olacaq:

– yaşlı, tibbi-bioloji baxımdan əmək qabiliyyətini itirmiş və təqaüd yaşı çatmış kadrlar;

– siyasi-mənəvi baxımdan vaxtı çoxdan ötmüş keçmiş sovet və postsovet kadrları;

– rüşvətxor, kriminal-korrupsioner, inhisarçılıqda və gizli iqtisadiyyatda payı olan kadrlar;

– məmur-oliqarxlarla, hakimiyyətdaxili kriminal-korrupsioner qruplarla bağlı olanlar;

– maraqların konfliktinin qaçılmazlığı səbəbindən biznesi olan bütün dövlət məmurları;

– və 5-ci kolonun nümayəndələri kütləvi şəkildə işdən azad edilməlidi.

7. Cəmiyyətdə dövlətə inamı bərpa emək, ədaləti, hüququn üstünlüyünü və qanunun aliliyini təmin etmək üçün köklü demokratik hüquqi islahatlara başlamalı, müstəqil məhkəmə sistemi yaradılmalıdır. O da nəzərə alınmalıdır ki, bu islahatlar aparılmadan, hüquqi dövlət qurulmadan, həyata keçiriləcək siyasi-iqtisadi tədbirlər də lazımi nəticə verməyəcək.

Təbii ki, bunlar başlanğıc dövrü üçün nəzərdə tutulan və ilk növbədə atılması gərək olan addımlarla bağlı verilən təkliflərdir. Demokratik İslahatlar və İctimai Nəzarət Şurası yaradıldıqdan sonra bütün təkliflər orada – təkliflər bankında toplanmalı, analiz edilərək qiymətləndirilməli, adekvat, faydalı və rasional olanları da nəzərə alınmalıdır.

Azərbaycanda geniş və dərin demokratik islahatların aparılması əlverişli milli təhlükəsizlik mühitinin yaradılmasını tələb edir. Ona görə də başda dövlət başçısı və yaradılacaq yeni islahat hökuməti olmaqla mövcud siyasi iqtidar, Azərbaycan Respublikasının (AR) milli təhlükəsizliyinə, eyni zamanda təbii tarixi inkişaf perspektivinə yönəlik aktual təhdidlərin önlənməsi, minimuma endirilməsi və ortadan qaldırılması və ölkədə geniş və dərin demokratik islahatların aparılmasına qismən də olsa əlverişli şəraitin yaradılması üçün, ilk növbədə:

  • demokratik srtateji seçim – avtoritarizmdən demokratiyaya yumşaq keçid etməli, AR-ın demokratikləşməsinin, azad dünyaya geniş və dərin inteqrasiyasının – AB və NATO-ya üzvlük yolunun, eyni zamanda qloballaşmaya aktiv uyğunlaşmasının önünü açmalı;
  • cəmiyyətlə, demokratik qüvvələrlə, eyni zamanda demokratik müxalifətlə məzmunlu, məqsədyönlü siyasi dialoqa başlamalı, tərəflər arasındakı uçurum aradan qaldırılmalı, qarşılıqlı etimad mühiti yaradılmalı və ölkədə milli birliyə nail olunmalı;
  • milli təhlükəsizliyi minimum təmin etməli, milli maraqların inkişafı və möhkəmlənməsi, dövlətin daxilən güclənməsi – strateji gücünün artması üçün qismən əlverişli daxili şərait yaratmalı;
  • mövcud durumda ətrafında formalaşan və getdikcə möhkəmlənən əlverişsiz beynəlxalq əhatə dairəsinin yarılmasına, Cənubi Qafqaz və Xəzər regionunda qüvvələr balansının müsbət istiqamətdə dəyişməsinə, – strateji gücünün təkbaşına yetərsiz olduğunu da nəzərə almaqla, – bütün gücü ilə çalışmalı:
  • demokratik srtateji seçiminin gərəyi olaraq, xarici siyasət vektorunu aydın müəyyən etməli, AB və NATO-ya üzvlük yolu tutmalı;
  • Ümumdünya Ticarət Təşkilatına üzv olmalı;
  • AB ilə siyasi assosiasiyanı və iqtisadi inteqrasiyanı, azad ticarət zonasının yaradılmasını nəzərdə tutan Assosiasiya Sazişini imzalamalı;
  • ABŞ-la Strateji tərəfdaşlıq xartiyasını imzalamalı, AR-in ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusu almasına çalışmalı;
  • qardaş Türkiyə Cümhuriyyəti ilə hərbi-siyasi müttəfiqlik sazişi imzalamalı, AR ərazisində, – başda Naxçıvan MR olmaqla, – onun hərbi bazalarının yerləşdirilməsinə nail olmalı;
  • geniş yayılmaqda olan beynəlxalq terrorizmlə mübarizədə aktiv, – strateji gücünə adekvat olaraq, – iştirak etməli;
  • Çini, Mərkəzi Asiyanı, Cənubi Qafqaz və Xəzər regionunu Avropa ilə birləşdirən Şərq-Qərb enerji və nəqliyyat dəhlizinin inkişafını və möhkəmləndirilməsini durmadan davam etdirməli;
  • dünya enerji bazarında yaranmış yeni şəraitə uyğunlaşmağa, tutduğu yerini qorumağa çalışmalı;
  • beləliklə, bir tərəfdən daxilən güclənməyə, digər tərəfdən də beynəlxalq münasibətlər sistemində, öz milli maraqlarına uyğun olaraq, layiqli yer tutmağa və beynəlxalq təhlükəsizlik təminatı almağa nail olmalı 
  • və bu nisbi əlverişli şəraitdə ölkədə geniş (siyasi, iqtisadi, sosial, müdafiə, hərbi və təhlükəsizlik və s. sahələrdə) və dərin demokratik islahatlara başlamalıdır.

O da unudulmamalıdır ki, Azərbaycan Respublikası demokratikləşmədən, modern sənaye dövlətinə çevrilmədən, eyni zamanda etibarlı beynəlxalq təhlükəsizlik təminatı almadan – müasir tarixi inkişaf mərhələsini keçmədən, bir milli dövlət olaraq nə perspektiv təbii tarixi inkişaf yoluna qədəm qoya, nə də onu davam etdirə bilərik.